Ötən ilə yekun vuruldu

Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi icra nümayəndəliyinin ötən il ərzində görülmüş işlərin yekunu ilə əlaqədar hesabat yığıncağı keçirilmişdir.

Ərazi dairəsi üzrə nümayəndə Çingiz Əliyev ötən il görülmüş işlər barəsində məlumat verərək bildirmişdir ki, qarşıya qoyulan vəzifələr uğurla icra olunmuşdur. Zəruri məsələlərdən biri olan təsərrüfat –başına uçot kitabındakı məlumatlar bir daha dəqiqləşdirilmişdir. Diqqətə çatdırılmışdır ki, qeydiyyatı Bakı şəhəri Yasamal rayonu 1 nömrəli sahə inzibati ərazi dairəsi (SİƏD) üzrə olan sakinlərin, o cümlədən xarici ölkələrdə yaşayan, hərbi xidmətdə olan, həmçinin dünyasını dəyişənlərin siyahısı müvafiq dövlət qurumlarından alınaraq əhalinin sayında dəqiqləşdirilmələr aparılmışdır. Məruzəçi bunun qarşıdan gələn prezident seçkisi ərəfəsində daimi seçici siyahısının dəqiqləşdirilməsi zamanı çox önəmli olduğunu bildirmişdir.

Ç.Əliyev sakinlərin qəbulu, onların müraciətlərinin dinlənilməsi və qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində görülən işlər barəsində məlumat verərək diqqətə çatdırmışdır ki, il ərzində nümayəndəliyə çoxlu sayda yazılı və şifahi müraciətlər daxil olmuşdur. Bu müraciətlər həm nümayəndəliyin, həm də rayon icra hakimiyyətinin imkanları daxilində öz həllini tapmışdır.

Qeyd olunmuşdur ki, sakinlərin mənzil-məişət, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, ərazidə yaşıllıq, abadlıq, təmizlik işlərinin mütəmadi olaraq aparılması, “Nümunəvi həyət” layihəsinin davam etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bunlarla yanaşı, “IDEA” Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi və sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Abad həyət–Sağlam həyat” layihəsinin icrası təşəbbüsünə 1 nömrəli SİƏD-in də qoşulduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, bu layihə çərçivəsində daxili imkanlar hesabına ərazidə iki ünvanda nümunəvi məhəllələr yaradılmışdır. Həmin ərazidə zəbt olunmuş ərazilər təmizlənmiş, qanunsuz tikililər sökülmüş, yerində abadlıq işləri görülmüş, sakinlərin istirahətini səmərəli keçirməsi üçün oturacaqlar düzəldilmiş, rezin örtüklü yumşaq döşəməyə uşaqlar üçün əyləncə vasitələri yerləşdirilmiş, meydançalar təşkil olunmuş, idman avadanlıqları quraşdırılmışdır.

Məruzəçi, həmçinin ölkə başçısının tapşırığına əsasən Mətbuat prospektində daha münasib yerdə tikintisi davam etdirilən Hacı Cavad məscidi barədə də məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, hazırda məsciddə tamamlama işləri aparılır və bir neçə aydan sonra bu ibadət ocağı sakinlərin ixtiyarına veriləcək. Onun sözlərinə görə, Yasamal rayonundakı daha möhtəşəm bir layihə 1 nömrəli SİƏD-in ərazisinə təsadüf edir. Söhbət “Qanlı göl” ətrafında 11,6 hektar ərazidə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan sosial evlərdən gedir. Bu ərazidə tikinti işləri sürətlə davam etdirilir.

Çıxış edənlər 1 nömrəli SİƏD-in il ərzində gördüyü işləri məqbul hesab etmiş və qarşıda duran vəzifələrin icrası istiqamətində tövsiyələrini vermişlər.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında