Ağdaş: dövlət dəstəyi və yerli təşəbbüskarlıq yüksəlişin qoşa qanadıdır

Ötənilki payızın, xalqda deyildiyi kimi, son baharın növbəti qışa qarışıb hətta yeni ilə də keçən ilıq nəfəsi və təravəti Böyük Qafqaz dağlarının güney yaxası boyunca uzanıb Arana qovuşan Ağdaşda daha aydın duyulurdu. Təzə ilin bir həftəsi arxada qalsa da, adama elə gəlirdi ki, ya yazın əvvəlidir, ya da payızın ortaları.

Təqvimdə qışın oğlan çağı olsa da, çöllər, yamaclar hələ də yamyaşıl idi. İlin bu vədəsində, adətən,  mal-qara tövlədən çıxmasa da, naxırlar, sürülər örüşlərə yayılmışdı.  Nə qədər təəccüblü olsa da, tarlalarda pambıq yığanlar da gözə dəyirdi. Adama elə gəlirdi ki, bu yerlər  2018-ci ilə qışın əl-ayağı çöl-bayırdan yığışdıran üşüdürücü ab-havası və darıxdırıcı çılpaq əhvalı ilə deyil, payızın bar-bərəkət nəfəsi və hələ də solmamış yaşılı libası ilə qədəm basıb.

Ağdaşa budəfəki səfərimizin diqqətçəkən bir görüntüsü isə hər addımdakı yeniliklərin, davamlı təzələnmənin rayonun ümumi mənzərəsini əsaslı surətdə dəyişdirməsi, hər şeyin işıqlı və ürəkaçan  bir çevrədə yer alması idi. Doğrudan da, son illərdə Ağdaş şəhəri və ətraf yaşayış məntəqələri dövlətin gerçəkləşdirdiyi inkişaf proqramları və bir-birini tamamlayan sosial layihələr nəticəsində başdan-başa yeniləşmiş, adamlara əziyyət verən çatışmazlıqlar yerini yeni rahatlıqlara vermiş, geniş abadlıq işləri əl-ayağa dolaşan uçuq-söküklərə, necə deyərlər, süpürgə çəkmişdir.

Ağdaş – Göyçay yolunun sağ tərəfində salınmış Yeni Ağdaş massivi bu irimiqyaslı yeniləşmənin ən gözəl nümunəsi kimi hamını heyran qoyur. Burada sıralanmış yeni, müasir inzibati və sosial-mədəni obyektlər, sanki, rayonu irəliyə  və yüksəlişə aparan tərəqqi qatarının lokomotividir. Elə bu düşüncələrlə də Yeni Ağdaşın mərkəzi obyekti kimi nəzərə çarpan Ağdaş Rayon İcra Hakimiyyətinin binasına daxil olduq. İlin bu vədəsinin əsas mövzusu, adətən, ötən ilin yekunları, yeni ilin hədəfləri olduğundan biz də rayonun rəhbər, məsul şəxsləri ilə bu barədə söhbətləşdik. Arayışlardan, statistik məlumatlardan öyrəndik ki, ağdaşlılar daha bir ili əksər sahələrdə yüksək göstəricilərlə başa vurmuş, yeni ilə davamlı inkişaf dinamikası ilə qədəm qoymuşlar.

Rayonun zəhmət adamları, qurucu insanları bu yüksəlişə dövlətin ildən-ilə artan çoxyönlü köməyini yerli təşəbbüskarlıq və  potensial imkanlarla gücləndirib-tamamlamaq sayəsində nail olmuşlar. Keçən il rayonda bütün sahələr üzrə, əsasən də kənd təsərrüfatı məhsullarının istehsalını artırmaqla bağlı ardıcıl işlər həyata keçirilmişdir. Bitkiçilik və heyvandarlıq sahələrinin inkişaf etdirilməsi il boyu diqqət mərkəzində saxlanılmışdır.

Ölkəmizdə kənd təsərrüfatının strateji sahələrinin inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr Ağdaş rayonunda da aqrar sahənin səmərəli strukturunun yaranmasına meydan açmışdır. Yüksək məhsuldarlıqlı texniki bitkilər əkininə üstünlük verilməsi, yeni sahələrin istehsala cəlb edilməsi bu istiqamətdə əsaslı yüksəlişə nail olmağın təminatı kimi müəyyənləşdirilmiş və bu yöndə ötən il uğurlu nəticələr qazanılmışdır.

Həyata keçirilmiş məqsədyönlü tədbirlərin, əldə olunmuş ahəngdar inkişafın yekunu olaraq 2017-ci ildə  rayonda ümumi məhsul istehsalı 151 milyon manata çatmışdır. Bu dövrdə 80 milyon manatlıq kənd təsərrüfatı, 5,6 milyon manatlıq sənaye məhsulları istehsal edilmişdir. Müxtəlif maliyyə mənbələri hesabına 5,6 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Əhaliyə 56 milyon manatlıq ticarət, nəqliyyat, rabitə və digər xidmətlər göstərilmişdir. Dəqiqləşdirilməkdə olan rəqəmlər bu göstəricilərin daha da yüksək olduğunu göstərir və son bir ildə həyatın bütün sahələrində artım və irəliləyiş baş verdiyini əks etdirir.

Ölkəmizi tarixən şöhrətləndirən, məşğulluq sahələrindən sayılan, xalqın rifahının yüksəlməsində önəmli rolu olan pambıqçılığın inkişafına son dövrdə dövlət dəstəyinin gücləndirilməsi, bu sahəyə əhalinin marağının artırılması, potensial imkanlardan səmərəli istifadə edilməsi rayonda bu texniki bitkinin əkilib-becərilməsi ənənəsinin dirçəldilməsinə ildən-ilə ciddi təsir göstərir. Aparılan məqsədyönlü işlər nəticəsində keçən il pambıq əkinləri 2,6 dəfə artırılaraq 3 min hektara çatdırılmışdır. Mövsüm ərzində pambıqçı fermerlərə lazımi maliyyə və texniki dəstək təmin olunmuş, bol məhsul yetişdirilmişdir.

Tarlaların barının son qozasınadək yığılması təşkil olunmuş və indiyədək 3, 7 min tona yaxın məhsul toplanıb emal müəssisəsinə təhvil verilmişdir. Bu, 2017-ci ildə əvvəlki ildəkindən 2, 6 dəfə çox pambıq əldə edilməsi rayonda bu ənənəvi məşğulluq sahəsinin dirçəldilməsi və inkişaf etdirilməsi sahəsində ciddi irəliləyişə nail olunması deməkdir.

Ötən mövsümdə rayonda 13,5 min hektarda dənli və dənli-paxlalı bitkilər  əkilib-becərilmiş, zəmilərdən 30,5 min  ton məhsul toplanmışdır. Fermerlər 3,7 min hektardan 7,3 min  ton buğda, 8,2 min  hektardan 18,5 min  ton arpa, 241 hektardan 1537 ton qarğıdalı, 193 hektardan 270 ton vələmir, 118 hektardan 354 ton lobya əldə etmişlər. Son illər rayon üçün çəltikçiliyin sürətli inkişafı da əlamətdar olmuşdur. Yaradılan əlverişli şərait nəticəsində 2017-ci ildə 59 yaşayış məntəqəsində 2,5 min hektara yaxın sahədə çəltik əkilmiş, 8,2 min  tondan çox düyü götürülmüşdür.

Bundan əlavə, rayon əhalisi və ölkə bazarları üçün 16 min 235 ton meyvə, 917 ton üzüm, 2,5 min ton kartof, 5,8 min ton bostan, 15 min tondan çox tərəvəz, 313 ton istixana məhsulları yetişdirilmişdir. Bakı şəhərində təşkil edilmiş satış yarmarkalarına 100 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.

Yeri gəlmişkən, xatırladaq ki, Prezident İlham Əliyevin sədrliyi ilə ötən ilin sentyabrında Lənkəranda keçirilən ümumrespublika aqrar müşavirəsində Ağdaş rayonunda çəltikçilik, pambıqçılıq və digər ənənəvi təsərrüfat sahələrinin sürətlə inkişaf etdirildiyi, bu işdə dövlət dəstəyinin təsirli rolu qeyd olunmuşdur.

Qarşıdakı illərdə gəlirli texniki bitkilər istehsalını genişləndirmək, yararlı, lakin suvarılmayan 15,8 min hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi üçün rayonda 3 layihənin icrasına başlanılmışdır. Birinci layihə üzrə suvarma suyunu Yuxarı Şirvan kanalından götürəcək 4,3 min hektar, ikinci layihə üzrə suvarma mənbəyi Kür çayı olacaq 7 min hektar və üçüncü layihə üzrə Türyançayın suyu ilə suvarılacaq 4,5 min hektar sahədə əkin-biçin aparılması nəzərdə tutulmuşdur. Hazırda birinci layihə üzrə işlər sürətlə aparılmaqdadır.

Rayonda heyvandarlıq məhsulları istehsalını əsaslı surətdə artırmaq üçün ötən il mal-qaranın cins tərkibinin yaxşılaşdırılması tədbirləri davam etdirilmişdir. Süni mayalandırma işinin təşkili və onun genişləndirilməsi nəticəsində  864 baş cins bala alınmışdır. Heyvanların xəstəliklərdən qorunması üçün də lazımi işlər həyata keçirilmişdir. Görülən işlər tələfatın qarşısını almış, mal-qaranın sayını artırmağa, məhsul istehsalını yüksəltməyə imkan yaratmışdır. Hazırda iri malın sayı 34 min 477 başa, davarın sayı 92 min 722 başa çatmışdır. İl ərzində rayon üzrə ötən ildəkindən artıq ət, 336 süd, yumurta, yun istehsal olunmuşdur.

Kənd təsərrüfatının əmək tutumlu və yüksək gəlirli sahələrinin inkişafı rayonda işsizliyin aradan qaldırılmasına kömək etmişdir. Bununla yanaşı, işsiz əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı dövlət siyasətində nəzərdə tutulan digər istiqamətlər də rayon rəhbərliyinin diqqət mərkəzindədir. Öyrəndik ki, ötən il Məşğulluq Mərkəzinə 1039 işaxtaran müraciət etmiş, 400 nəfər müxtəlif peşə və ixtisas üzrə işə düzəldilmişdir. Özünəməşğulluqla bağlı 18 işsiz və işaxtaranın biznes planı təsdiqlənmiş və onlara aktivlər alınıb verilmişdir.

Respublikamızda  təhsilin inkişafı üzrə dövlət strategiyasının uğurla gerçəkləşdirilməsinə uyğun olaraq, Ağdaş rayonunda da tədbirlər həyata keçirilmişdir. Rayonda mövcud olan 30 məktəbəqədər tərbiyə və 3 məktəbdənkənar təlim müəssisəsinin, 68 ümumtəhsil məktəbinin, peşə məktəbinin, humanitar kollecin normal  fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılmışdır. Ötən tədris ilinin yekunlarına görə, ümumtəhsil məktəblərinin ümumi orta təhsil  üzrə 1254 sagirdə şəhadətnamə, tam orta təhsil üzrə 898 məzuna isə attestat verilmişdir. 2 məktəbli təhsilini qızıl medalla başa vurmuşdur.

Son dövrdə yeni təhsil ocaqlarının tikintisi sürətlənsə də, əsaslı təmir işləri genişlənsə də rayonun 68 ümumtəhsil məktəbindən 14-ü hələ də qəzalı vəziyyətdədir. 27 məktəb binasının əsaslı təmirinə ciddi ehtiyac var. Bu sahədə qısa müddətdə dönüşə nail olmaq məqsədilə 10 məktəb üçün  modul tipli binaların tikintisi nəzərdə tutulmuşdur. Ötən ilin mayından Yenikənddə 56, Pirəyir kəndində 40, Aşağı Zeynəddin və Qarasuqumlaq kəndlərinin hər birində 96 şagird yerlik yeni məktəb binalarının tikintisinə başlanılmışdır.

2017-ci il rayonun tibb  müəssisələrində səhiyyə xidmətinin təşkili  bir sıra tədbirlərlə əlamətdar olmuşdur. Ağdaş Rayon Mərkəzi, Ləki qəsəbə və Ağ ciyər xəstəlikləri xəstəxanaları, 2 ambulator poliklinika, 12 kənd həkim məntəqəsi, 48 tibb məntəqəsi əhalinin sağlamlığının keşiyində dayanmış, xəstələrə ixtisaslı tibb xidməti göstərmişdir. Ölkə Prezidentinin tapşırığına əsasən, əhalinin ənənəvi ödənişsiz tibbi müayinədən keçirilməsi aksiyasında 89 min 570 nəfər (o cümlədən 16 min 816 nəfər uşaq)  yoxlamadan keçmişdir.

Aksiya zamanı 3 min 722 nəfər ambulator, 655 nəfər stasionar müalicəyə cəlb olunmuş, 185 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilmişdir.

Rayonun mədəniyyət müəssisələrinin fəaliyyəti də məzmunlu və səmərəli olmuşdur.  Bədii kollektivlər Qəbələ, Şəki və Bakı şəhərlərində təşkil edilən bir sıra beynəlxalq baxış və festivallarda uğurla çıxış etmişdir. Dövlət gənclər siyasətinin gerçəkləşdirilməsi yeni nəsilin məşğulluğunun təmin edilməsi, onların təşkilatlanması istiqamətində silsilə sosial-mədəni və idman tədbirləri keçirilmişdir.

Qeyri-hökumət, gənclər təşkilatları ilə birgə respublika əhəmiyyətli layihələrin həyata keçirilməsində də ağdaşlı gənclər fəallıq göstərmişlər. Boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirində 66 kiloqram çəki dərəcəsində rayonu təmsil edən Rüfət Nəbiyev qızıl medala layiq görülmüş, Avropa çempionatına  vəsiqə qazanmışdır. Bu, Ağdaş idmançılarının böyük qələbələr qazanmağa qadir olduğunu göstərir.

Göründüyü kimi, ağdaşlılar son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla gerçəkləşdirilən, ölkəmizi hərtərəfli yeniləşən gənc müstəqil dövlət kimi dünya miqyasında diqqət mərkəzinə çıxaran tərəqqi və yüksəliş prosesində öz layiqli nailiyyətləri ilə təmsil olunur, bir sıra sahələrdə qazandıqları uğurlarla seçilirlər. Bütün bunlar problem və çətinliklərin həllini sürətləndirir, əhalinin güzəranını ildən-ilə yüksəldir, çağdaş dünyada önəmli sosial-siyasi amil kimi dəyərləndirən adamların sabaha inamını möhkəmləndirir.

Rayon üçün ötən ilin ən başlıca sosial-iqtisadi yekunu odur ki, ağdaşlılar Yeni ilin qapısını ötən  bir ilin gərgin zəhməti, davamlı səyləri ilə hasilə gətirilmiş inkişaf dinamizmi, bol ruzi, yeni arzular və qurub-yaratmaq həvəsi ilə açmışlar. Bu isə yeni uğurlar üçün zəruri, mötəbər maddi və mənəvi təminat deməkdir.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında