Bu il Azərbaycanda pensiya təyinatı avtomatlaşdırılacaq

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirmişdir ki, pensiya və müavinət təyinatının avtomatlaşdırılması yeni qurulan sığorta-pensiya sisteminin əsas elementidir. Bu sistemdə pensiya məbləğlərinin təyini və artırılması mexanizmləri tamamilə sadələşdirilir və hər bir şəxsə pensiyasının və pensiyasına artımların məbləğini özünun hesablayaraq dəqiqləşdirməsinə imkan verilir.
Nəticədə maliyyə vəsaitlərindən istifadədə ilkin şərt olan pensiya və müavinət məbləğlərinin təyinində artıq və əskik hesablama halları tamamilə aradan qaldırılır. Həmçinin pensiya məbləğlərinin təyini və artırılması qaydalarının kifayət qədər sadələşdirilməsi, fərdi hesablarda toplanan pensiya kapitalları barədə sığortaolunanların dövri olaraq məlumatlandırılması bu sahədə ictimai nəzarətə şərait yaradır. Pensiya məbləğlərinin müəyyənləşdirilməsinin hər bir şəxs üzrə toplanan pensiya kapitallarına əsasən mərkəzləşmiş proqram əsasında avtomatlaşdırılmış qaydada aparılması insan amilinin təsirini və subyektiv halların yaranma səbəblərini əsaslı şəkildə aradan qaldırır. Fondun sədri demişdir: "Əmək pensiyaları sahəsində qanunvericiliyə edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı il yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına imkan verir ki, bu da gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaqdır." Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na əsasən, Azərbaycanda pensiya təyinatının tam avtomatlaşdırılması 2013 - 2015-ci illərdə başa çatdırılmalıdır. Biz çalışırıq bunu daha erkən, yəni 2013-ci ilə qədər yekunlaşdıraq. Bu isə məlumatların tam şəkildə toplanıb, məlumat bazasına yerləşdirilməsindən asılıdır". Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması da uğurla davam etdirilən tədbirlər sırasındadır. Bu məsələnin həlli üçün artıq kifayət qədər iş görülmüş, proqram təminatı hazırlanmışdır. Hazırda sistemin pilot ərazilərdə tətbiqi aparılır.
Pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması məqsədilə bu ödənişlərin əhaliyə plastik kartlarla bankomatlar vasitəsilə çatdırılması əldə edilmiş mühüm nəticələrdəndir. Hazırda Azərbaycanda 1 milyon 125 min nəfərin pensiyasının ödənişi plastik kartlarla həyata keçirilir. Şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 98,8 faizinin pensiyaları plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.
Qeyd etmək yerinə düşər ki, Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlərin icrası nəticəsində DSMF-nin fəaliyyətinin əhatə dairəsinin, eləcə də görülən işlərə ictimai marağın daha da artması ilə əlaqədar olaraq 2010-cu ildə fondun saytının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilmişdir. Fondun yeni saytı Azərbaycan və ingilis dillərində olmaqla istər dizayn, istər quruluş, istərsə də məzmun baxımından tam müasir tələblərə uyğun qurulmuşdur. DSMF-nin fəaliyyəti ilə bağlı zəngin məlumatları özündə əks etdirən saytın sol menyusu 14 əsas bölmədən və 50-dən artıq altbölmədən ibarətdir. Həmin bölmələrdə fond haqqında, qanunvericilik bazası, pensiya islahatı, məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyaları, sosial sığorta müavinətləri, sığortaedən üçün məlumat, statistik göstəricilər, vətəndaşların məlumatlandırılması, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr, qonaq kitabı, lazımi linklərə istinadlar verilməklə bir çox suallara aydınlıq gətirilir. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, fondun fəaliyyətini əks etdirən bütün məlumatlar- yəni, DSMF-nin gəlir və xərcləri barədə, uçotda olan pensiyaçıların say tərkibi və orta aylıq pensiyanın məbləği haqqında, sosial sığorta şəhadətnamələrinin rəsmiləşdirilməsinin gedişatı ilə bağlı, sığortaolunanlardan fərdi uçot sistemində qeydiyyata alınanların sayı və s. barədə məlumatlar saytda yerləşdirilmişdir. Saytda göstərilən ən mühüm xidmətlərdən biri də müştəri xidmətləri sistemidir (pensiya kalkulyatoru). Həmin kalkulyatora müraciət edən istənilən şəxs öz pensiyasını hesablaya bilər. Artıq yerli şöbələrdə pensiya təyinatı üzrə mütəxəssislərdən bu məlumatı almağa ehtiyac qalmayacaq. Bu, çox vacib məsələlərdən biridir. DSMF-də hazırda fərdi şəxsi hesablardakı vəsaitlər barədə məlumatların sayta yerləşdirilməsi məsələləri geniş müzakirə olunur. Bu müzakirələrdə fondun sədri təhlükəsizliklə bağlı məsələlərin çox vacib olduğunu bildirmişdir: "Bilirsiniz ki, bu gün informasiya sistemində təhlükəsizlik məsələləri son dərəcə vacib rol oynamağa başlayıb. İndi biz bununla bağlı ölkəmizdə həmin sahə üzrə ixtisaslaşmış şirkətlərlə məsləhətləşmələr aparırıq. Amma hesab edirəm ki, bütün hallarda biz bunu etməliyik, çünki hər bir şəxs bizim saytda özünün sosial sığorta şəhadətnaməsinin nömrəsi ilə şəxsi hesabında toplanmış vəsait və onun hansı mənbələrdən daxil olması barədə məlumatlar əldə edə bilməlidir".
Azərbaycanın pensiya və sosial təminat layihəsinin icrasına nəzarət etmək məqsədilə 2009-cu ilin noyabrında ölkəmizdə olmuş Dünya Bankı missiyasının rəsmi məlumatında ölkəmizin sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi və DSMF-nin beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyi əks edilmişdir. Hazırda Dünya Bankının layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələrinin müvafiq nümayəndə heyətlərinin Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə respublikamıza səfərləri həyata keçirilir.{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında