Sumqayıt dinamik inkişaf yolunda

Yeni əsrin əvvəllərindən üzübəri böyük inkişaf yolu keçən doğma Azərbaycanımız dünya miqyasında güclü nüfuza malik bir ölkə kimi tanınır. Əldə edilmiş uğurlar təsdiqləyir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursu Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkə rəhbərinin çoxşaxəli uğurlu fəaliyyətində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları xüsusilə mühüm önəm daşıyır. Məhz bu möhtəşəm quruculuq proqramlarının sayəsində ölkəmizin bütün bölgələrində yüksək tərəqqiyə nail olunub və əhalinin həyat şəraiti daha da yaxşılaşıb.

 Ölkəmizin ümumi inkişafında yaşı 70-i haqlayan, lakin gənclik təravətini itirməyən Sumqayıt şəhərinin rolu danılmazdır. Çünki hələ sovet dönəmində Azərbaycanın əsas sənaye mərkəzi statusuna sahib olan Sumqayıt indi də bu şərəfli adı layiqincə doğruldur. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə digər sahələrdə olduğu kimi, Sumqayıt sənayesi də özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli liderin bu şəhərlə bağlı qarşıya qoyduğu vəzifə belə idi ki, Sumqayıt yenidən ənənəvi sənaye kompleksi kimi bərpa edilsin, şəhərdə yerli kadr potensialına söykənəcək müasir müəssisələr açılsın. Ən vacibi isə Sumqayıtda insanların rahat yaşamaları üçün müvafiq şərait yaradılsın. Bu yöndə ardıcıl tədbirlər görüldü, şəhərin həyatı xeyli canlandı.

 Son 14 ildə Prezident İlham Əliyevin uğurlu daxili siyasətinin nəticəsində Sumqayıt yüksək məqsədə doğru qətiyyətlə irəliləyərək möhtəşəm nailiyyətlər əldə etdi. Regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci Dövlət proqramlarının uğurlu icrası, habelə üçüncü dövlət proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıtı da dinamik inkişaf yoluna çıxartdı. Ölkənin makroiqtisadi göstəricilərində bu şəhərin xüsusi çəkisi yüksəldi, sahibkarlığın inkişafı daha da sürətləndi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanıldı. Artıq Sumqayıtda şəhər həyatına dair zəruri atributlar xeyli artıb, 200-dən çox sənaye yönümlü modern müəssisə fəaliyyət göstərir.

 Əsas məqam ondan ibarətdir ki, vaxtilə xəyal kimi görünən layihələr bu gün məhz Prezident İlham Əliyevin aydın və konkret fəaliyyət prioritetləri sayəsində əzmlə həyata keçirilir. Artıq 15 rezidenti və 5700 nəfər işçisi olan Sumqayıt Kimya Sənaye Parkında hazırda ixtisaslı kadrların hazırlanması üçün müasir tipli peşə tədris mərkəzi, 5 rezident tərəfindən müxtəlif məhsullar, o cümlədən polipropilen, yüksək sıxlıqlı polietilen tikinti materialları üçün qatqı, ferroərintilər, yüksək təzyiqə davamlı birləşdiricilər və kənd təsərrüfatında ziyanvericilərə qarşı pesdisidlər istehsal ediləcək müəssisələrin tikintisi davam etdirilir. 4 rezident isə yeni istehsal sahələrinin yaradılması üçün layihələndirmə işlərinə başlamışdır. "Baku Steel Company” və İtaliyanın "Danieli” şirkətləri arasında dəyəri 1,2 milyard avro olan müqaviləyə əsasən "Azərboru” ASC-nin ərazisində tikiləcək 5 müəssisədən ibarət metallurgiya kompleksinin təməlinin qoyulmasına hazırlıq işləri aparılır. Yuxarıda qeyd olunan müəssisələrin tikintisinə təqribən 2,3 milyard ABŞ dolları həcmində investisiya qoyulacaq. Burada 2 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. İstehsal olunacaq məhsullar bu gün respublikamıza bütünlüklə xaricdən idxal olunur. Yaxın gələcəkdə ixrac məhsullarının istehsalı, yeni istehsal sahələrinin yaradılması və ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində Sumqayıtın xüsusi rolu və çəkisi olacaq. Sənaye parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac ediləcək.

 Son illərdə Sumqayıt əsaslı tikinti və quruculuq meydanına çevrilib. İdarəetmə sahəsində böyük təcrübəsi olan Zakir Fərəcovun şəhər rəhbərliyinə təyinatından ötən qısa müddət ərzində burada bütün sahələrdə böyük canlanma yaranıb. Sumqayıtın yeni, ümumi inkişaf konsepsiyası həyata keçirilir. Bütün abadlıq-quruculuq işləri şəhərin Baş Planı və gələcək perspektivi nəzərə alınmaqla aparılır.

 Xüsusi qeyd edilməlidir ki, Prezident İlham Əliyevin tapşırığı və qayğısı sayəsində şəhərdə 2015-ci ilin sonu-2016-cı ilin əvvəllərindən abadlıq-quruculuq, yaşıllaşdırma sahəsində irimiqyaslı ünvanlı layihələrin icrasına başlanılmış və qısa müddətdə uğurla başa çatdırılmışdır. Bunlardan biri - şəhərin əsas giriş yolu olan Sülh küçəsi bütünlüklə hər iki tərəfə genişləndirilərək 90 min kvadratmetrə çatdırılmışdır. Sumqayıtın ikinci giriş yolu olan Sahil küçəsi də 7,5 kilometr uzunluğunda yenidən qurulmuş, yolun eni 13 metrə çatdırılmışdır. Bu küçənin Corat qəsəbəsindən keçən hissəsində sakinlərin istirahəti üçün park salınmış, uşaqlar üçün əyləncə qurğuları qoyulmuşdur.

 Bir ildən çoxdur ki, Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmirdən sonra müasir avadanlıqla təchiz edilərək istifadəyə verilmiş, 500 yerlik tamaşa, 100 yerlik akt zalları, iş otaqları, işıqlandırma sistemi müasir üslubda yenidən qurulmuş, binanın qarşısındakı meydana 15 min kvadratmetr qranit daş döşənmiş, burada iki fəvvarə və böyük bir monitor quraşdırılmışdır.

 Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilmiş və başdan-başa yenilənmişdir. Burada geniş həcmdə abadlıq işləri aparılmış, rəngli fəvvarələr kompleksi və Bayraq meydanı tikilmiş, uşaqlar üçün əyləncə mərkəzi inşa olunmuşdur. Parkda sahəsi 5 min kvadratmetr olan dördmərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilmiş, önündə ulu öndərin ağ mərmərdən abidəsi ucaldılmışdır. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən muzey, 420 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərir. Nikah evi də burada yerləşdirilib.

 Sumqayıtlıların həvəslə gəlib dincəldikləri Heydər Parkında yaşıllıqlar göz oxşayır, gül-çiçək gözəlliyə xüsusi rəng qatır. Parkda müasir memarlıq üslubunda 735 yerlik üçmərtəbəli Uşaq incəsənət məktəbi də tikilmişdir. Məktəbdə 60 sinif otağı fəaliyyət göstərir. Burada 700-dən çox şagird təhsil alır və 200-dən artıq müəllim çalışır. Yenidənqurma işləri çərçivəsində parkda ümumi sahəsi 1000 kvadratmetr olan ikimərtəbəli, yaraşıqlı Şahmat məktəbi də tikilmiş və müasir avadanlıqla təchiz edilmişdir.

 Sumqayıtın küçələrində ayrı-ayrı marşrutlar üzrə hərəkət edən çoxsaylı yeni sərnişin avtobusları şəhərə xüsusi yaraşıq verir. Türkiyədə istehsal edilən 100-dən çox yeni avtobus xəttə buraxılıb. Yüksək texniki göstəricilərə malik avtobuslarda mərkəzləşdirilmiş havalandırma sistemi, həmçinin daxili və xarici müşahidə kameraları var. Elə dayanacaqlar da təzələnib, həmin ərazilərdə kompakt ticarət köşkləri quraşdırılıb.

 Sumqayıt bulvarı şəhərin gözəllik pasportudur. Sahil şəhərində əvvəllər bulvarın olmaması sakinləri daim narahat edirdi. Zakir Fərəcovun şəhər icra hakimiyyətinin başçısı təyin olunmasından sonra həyata keçirilən kompleks abadlıq və quruculuq işlərinin bir istiqaməti də məhz sahil zolağında bulvarın salınması oldu. Nəhayət, bu arzu da gerçəkləşdi. Möhtəşəm layihə əsasında Xəzərin sahilində uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün şərait yaradılan, müasir tələblərə cavab verən park-bulvar kompleksi salındı. Bulvarın 55 hektar sahəsində yaşıllıq zolağı, 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül əkilib, müasir avtomat suvarma sistemi qurulub. Buradakı müxtəlif heykəllər, heyvan fiqurları əsl park atributları kimi diqqət çəkir. Park-bulvarda idman zalları, uşaq-əyləncə seksiyası, yay estradası da var. Prezident İlham Əliyev 2016-cı il sentyabrın 27-də şəhərə səfəri zamanı bir sıra obyektlər sırasında bu kompleksin də açılışını etmiş və burada yaradılanları möcüzə adlandırmışdır.

 İndi Sumqayıtın gözəllikləri beynəlxalq müstəvidə sərgilənir, -desək, ifrata varmış olmarıq. Ötən ilin iyul ayında İspaniyanın paytaxtı Madriddə keçirilən "Global Trade Leaders Club”un XXIV Beynəlxalq üstünlük və liderlik forumunda Sumqayıtın yeni salınmış bulvarı "İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb. Xatırladaq ki, "Global Trade Leaders Club” dünya biznesini araşdıran üç ən böyük beynəlxalq təsisatdan biridir. Oktyabrın 16-da Parisdəki “Meridien Etoile “ otelində İspaniyanın hökumət nümayəndələrinin, müxtəlif ölkələrin səfirlik və konsulluq əməkdaşlarının, dünyada tanınmış biznes strukturları rəhbərlərinin, ümumiyyətlə 5 qitədən 150 nümayəndənin qatıldığı təqdimetmə mərasimində cəmi 8 ayda yaradılan və şəhər sakinlərinin ən sevimli istirahət məkanına çevrilən Sumqayıt bulvarının monitorda əks olunan möhtəşəm görüntüləri tədbir iştirakçılarını doğrudan-doğruya heyrətləndirib. Sumqayıt şəhəri, xüsusilə də bulvarı barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Sumqayıt son illər müasir layihələr əsasında yenidən qurulur və regionun gözəl turizm məkanlarından birinə çevrilməkdədir. Sumqayıt Bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır. Sakinlər ilin bütün fəsillərində bulvara həvəslə gəlib mənalı istirahət edirlər. Burada 500 metr uzunluğunda gəmi tərsanəsinin inşası da sona çatıb.

 Prezident İlham Əliyev 2005-ci ildən bəri Sumqayıta 18 dəfə səfər edib. Bununla bərabər, dövlət başçısının şəhərə işgüzar səfərləri də olur. Ötən ilin aprelində Karbamid zavodunun tikintisində işlərin gedişi ilə tanış olmaq üçün Sumqayıta gəlməsi, avqustda isə yenidən qurulan Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak etməsi bu qəbildəndir. Dövlət başçısının intensiv səfərləri şəhərin şöhrətini artırıb, işığını çoxaldıb, xeyir-bərəkət timsalına çevrilib. Bir ay öncə - dekabrın 15-də sevimli rəhbərin Sumqayıta etdiyi növbəti səfər də bu şəhərin inkişafına olan yüksək diqqətin növbəti təzahürü kimi tarixə düşdü. Bu səfər bir daha göstərdi ki, Sumqayıt davamlı inkişaf yolundadır.

 Həmin gün öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış oldu. Prezident İlham Əliyev parkın ərazisində "AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun və "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin təməlinin qoyulmasında, "Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər zavodunun birinci mərhələsinin və "STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin layihəsi olan məmulatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin açılışında iştirak etdi.

 Kimya Sənaye Parkında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev şəhərin inkişafına bundan sonra da dəstək veriləcəyini bəyan etdi: "Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir – həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik”.

 Sumqayıtda həyata keçirilən abadlıq və quruculuq işləri şərəfli dövlətçilik tariximizin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda formalaşması kimi məsələləri də əhatə edir. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Bayraq muzeyi də bu istiqamətdə reallaşan mühüm layihələrdən biridir. Dənizkənarı park-bulvarın ərazisində yerləşən muzeyin binasının inşasına 2017-ci ilin fevralında başlanıldı və sentyabr ayında tikinti işləri yekunlaşdı. Muzeydə xalqımızın şərəf və qəhrəmanlıq tarixi öz əksini tapıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, 100 illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerbləri, bayraqları var. Ekspozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da sərgilənir. Muzeyin bir çox guşələri ziyarətçilərin böyük marağına səbəb olur.

 Son illər Sumqayıt şəhərində çoxlu sosial-mədəni infrastruktur obyektləri və idarə binaları tikilərək istifadəyə verilib. Onlardan biri də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasıdır. Ötən ay Prezident İlham Əliyevin bu şəhərə səfəri zamanı istifadəyə verilən bina həm də YAP-ın yaradılmasının 25 illiyi münasibətilə 26 mindən artıq üzvü olan şəhər təşkilatına verilən böyük hədiyyədir. Üçmərtəbəli binanın foyesində Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin büstü qoyulub, Heydər Əliyev guşəsi yaradılıb. Binada geniş iclas zalı, inzibati otaqlar, həmçinin deputat otağı var. Burada iqtidar partiyası şəhər təşkilatının funksiyalarının icrası ilə yanaşı, Sumqayıtın həyatında baş verən əlamətdar günlərlə bağlı tədbirlər keçiriləcək. Binada müxtəlif xidmət otaqları da fəaliyyət göstərəcək.

 Azərbaycan rəhbəri Sumqayıtın "Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış oldu. 2013-cü ildən başlanan yenidənqurma işləri ötən ilin sentyabr ayında tam başa çatdırılıb. Möhtəşəm saray yüksək keyfiyyət və müasir dizayn əsasında təzələnib. Buradakı 750 tamaşaçı yeri olan konsert zalı yüksək səviyyədə qurulub. Zalın yenidən qurulması zamanı müasir akustik sistemlərdən istifadə olunub. Həmçinin binada qrim, rejissor və qonaq otaqları yaradılıb. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin ixtiyarına verilib.

 Sumqayıtın 9-cu mikrorayonunda yerləşən Lüdviqshafen parkı da müasir səviyyədə yenidən qurulub. Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqshafen şəhərinin şərəfinə salınıb. Əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev görülən işlərdən razılığını ifadə etdi.

 "Baku Steel Company” MMC-nin boruyayma zavodu da Sumqayıtın sənaye müəssisələrindəndir. 2016-cı ilin oktyabr ayında "Baku Steel Company” MMC-nin oksigen zavodunun açılışı zamanı Prezident İlham Əliyev Sumqayıt boruyayma zavodunun əsaslı şəkildə yenidən qurulması və fəaliyyətə başlaması barədə tapşırıqlar vermişdi. Həmin tapşırıqlar əsasında zavod qısa müddət ərzində yenidən quruldu və fəaliyyətə başlaması üçün tam hazır vəziyyətə gətirildi. Sumqayıta bu səfəri zamanı isə dövlət başçısı zavodu işə saldı.

 Gənclik şəhərinə xarici ölkələrin təmsilçilərinin marağı böyükdür. Ötən il ayrı-ayrı ölkələrdən nümayəndə heyətləri Sumqayıta işgüzar səfərlərə gəliblər. Bundan başqa, il ərzində Almaniyanın,İsveçrənin, Hindistanın, Koreyanın və Çinin ölkəmizdəki səfirləri də Sumqayıtda olublar.

 Qeyd edək ki, Sumqayıtda yaradıcı zəhmətləri ilə fərqlənən, şəhərin inkişafına töhfələr verən hər kəsin xidməti lazımınca qiymətləndirilir. Prezident İlham Əliyevin 2016-cı ildə Sumqayıta səfərindən sonra 59 nəfər, dövlət başçısının hələ də xoş təəssüratlarının yaşandığı dekabr səfərindən sonra isə 40 nəfər orden və medallara, fəxri adlara, Prezidentin Fəxri diplomlarına layiq görülüb. Onlardan biri – Sumqayıtın ağsaqqal şairi Əşrəf Şəfiyev (Veysəlli) bu barədə qürur hissilə danışdı:

– Demək olar ki, mənim bütün həyatım Sumqayıtla bağlıdır. Şəhərimizin sürətli inkişafı, gün-gündən gözəlləşməsi onu gənclik taxtından düşməyə qoymur. Möhtərəm Prezidentimizin Sumqayıta səfəri zamanı açılışını etdiyi mədəni-sosial obyektlərdən biri də Lüdviqshafen parkı idi. Xatırlayıram ki, bir zaman nümayəndə heyəti tərkibində mən də qardaş Lüdviqshafen şəhərinə yollanmışam. Sumqayıt “Qardaşlaşmış şəhərlər” hərəkatına ölkəmizdə ilk və fəal qoşulan şəhərlərdən biridir. Bu gün dünyanın 10 ölkəsinin 12 şəhəri ilə dostluq əlaqələri olan Sumqayıtın Lüdviqshafenlə düz 40 il əvvəl yaranan dostluq münasibətlərinin təməli ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qoyulub. Bu yaxınlarda alman dostlarımız da Sumqayıta qonaq gəlmişdilər. Şəhərimizin gözəlliklərinə heyranlıqlarını gizlətmədilər. Sumqayıta onu ürəkdən sevən şəxslərin rəhbərlik etdiyini xüsusi vurğuladılar. Həqiqətən də, belə bir şəhərdə yaşamaq-yaratmaq böyük xoşbəxtlikdir. Mən əvvəllər Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşəm. Yeni il ərəfəsində isə “Tərəqqi” medalı ilə təltif edildim. Mənimlə bərabər neçə-neçə sumqayıtlı da Pezidentin sərəncamı ilə şərəfləndirilib. Bu, adamda həqiqi mənada böyük ruh yüksəkliyi yaradır. Minnətdaram!

 Ümumiyyətlə, tarixə çevrilmiş 2017-ci il əksər sumqayıtlılar üçün uğurlu olub. Şəhərin idmançıları ötən il beynəlxalq yarışlardan 700-ə qədər medalla qayıdıblar ki, bunun da 230-u qızıl əyarlıdır. İslam Həmrəyliyi Oyunlarında Sumqayıt idmançıları ümumilikdə 13 medal qazanıblar: 3 qızıl, 3 gümüş və 7 bürünc.

 Cənab İlham Əliyevin sentyabrın 13-də imzaladığı sərəncamla isə cari dərs ilində Prezident təqaüdü alacaq tələbələrin siyahısına Sumqayıtın da 8 məzununun adı daxil edilib. Yeri gəlmişkən, təhsilin inkişafına qayğı Sumqayıtda ilbəil gözəl nəticələr verir. Ötən il ali təhsil ocaqlarına sənəd vermiş abituriyentlərin 69 faizi tələbə adını qazanıb. Şəhərin məzunlarından 411 nəfər 500-dən, 169 nəfər 600-dən çox bal toplayıb. Bu, əvvəlki ilin göstəricisindən 30 nəfər, yəni təxminən 22 faiz çoxdur. O cümlədən, 108 nəfər 600-649 intervalında, 61 nəfər 650-700 intervalında bal toplayıb, 1 nəfərin imtahan nəticəsi isə 700 bal olub. Orta nəticə respublika üzrə ən yüksək göstəricidir.

 Sumqayıtın ali təhsilli sakinlərinin hər beş nəfərindən biri diplomunu məhz doğma şəhərdə alıb. Söhbət Sumqayıt Dövlət Universitetinin məzunlarından gedir. Dekabr ayında SDU-nun 55 illik yubileyi təntənə ilə qeyd edilib. Tədbirə çoxlu xarici qonaq da gəlmişdi. Universitetin rektoru, “Şöhrət” ordenli professor Elxan Hüseynov ali təhsil ocağının tarixindən, keçdiyi uğur yolundan söz açıb. İcra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında şəhərin yeganə ali təhsil müəssisəsinin yubileyi münasibətilə professor-müəllim heyətini təbrik edərək bildirib ki, hazırda Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Burada yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyət göstərir. Geniş profilli Sumqayıt Dövlət Universiteti həm də müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən bu müəssisələr üçün ixtisaslı kadrlar hazırlayır. SDU artıq ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilib.

 Dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda sosial yönümlü layihələr davamlı şəkildə icra olunur, şəhər və rayonların inkişafına diqqət azalmır. Elə dövlət başçısının Sumqayıta səfərindən iki gün sonra – dekabrın 17-də imzaladığı sərəncamla şəhərdə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Sumqayıt Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 7 milyon manat, o cümlədən çoxmənzilli binaların istismara yararsız 105 liftinin yeniləri ilə əvəz edilməsi üçün 3,7 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 3,3 milyon manat ayrılıb. Onu da deyək ki, uğurlu iqtisadi siyasət nəticəsində qaçqın və məcburi köçkünlər də dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Sumqayıtda onların mənzil-məişət problemlərinin həlli məqsədilə müvafiq işlər həyata keçirilir. Artıq məcburi köçkünlər üçün şəhərin 12-ci mikrorayonunda 936 mənzildən ibarət yaşayış binaları tikilir.

 Bütün bunlar onu göstərir ki, dövlət qayğısı Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəminidir. Şəhər ictimaiyyəti cənab Prezidentin diqqətinə daha məsuliyyətli və fədakar zəhməti ilə cavab vermək əzmindədir.

 Gələn il Sumqayıtın 70 yaşı qeyd ediləcək. Bu, tarix üçün qısa zaman kəsiyidir. Amma buna baxmayaraq, Sumqayıtın əldə etdiyi uğurların miqyası genişdir. Ötən hər il xarüqələr şəhərinin simasını daha da cazibədar, gözəl edib. Bu baxımdan son üç ili şəhərin tarixində əsl intibah dövrü adlandırmaq olar. İnanırıq ki, inkişaf hədəfləri daha işıqlı sabaha, daha nurlu gələcəyə hesablanan Sumqayıt özünün şanlı yubileyini də yeni-yeni töhfələrlə qarşılayacaq.

 Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında