Xalqımız öz tarixi dövlətçilik ənənəsindən və idarəçilik təcrübəsindən səmərəli şəkildə bəhrələnərək gənc müstəqil Azərbaycanın daha da qüdrətlənməsi üçün çox mühüm addımlar atır.
Zamanın ağır sınaqlarından çıxmış siyasi kursun - Heydər Əliyev dövlətçilik prinsiplərinin ətrafında sıx birləşən ölkə əhalisi ildən-ilə daha böyük sosial-iqtisadi və ictimai-siyasi nailiyyətlərə imza atır. Bu uğurların bir səbəbini xalqın ədalət hisslərində və öz iqtidarı ətrafında mütəşəkkil şəkildə birləşməsində görənlər tamamilə haqlıdırlar. Ancaq həmin qənaətdə olanlar ikinci bir səbəbi də qətiyyətlə söyləyirlər: "Azərbaycan xalqı ona görə daim öz iqtidarı ilə birlikdədir ki, bu iqtidarın bütün siyasi addımları Azərbaycan xalqının maraqlarına xidmət edir". Prezident İlham Əliyevin dediyi kimi, ölkədə həyata keçirilən bütün tədbirlər Azərbaycan dövlətçiliyinin, bugünkü ictimai-siyasi quruluşun müdafiə olunmasına xidmət edir və bu siyasət uğurla davam edəcəkdir.
Nəticədə müstəqil Azərbaycan dövləti regionun ən iti sürətlə inkişaf edən ölkəsinə çevrilmiş, özünün bütün problemlərini bilavasitə özü həll etmişdir. Son yeddi ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 9,1 faizə qədər azalmış, 900 mindən çox yeni iş yerləri açılmışdır ki, bu göstəricilər birbaşa insanlarımızın həyat səviyyəsinin yaxşılaşdırılması üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərin konkret nəticələri kimi qiymətləndirilir. Təkcə 2010-cu ildə ölkə əhalisinin sosial-rifah halının yaxşılaşdırılması üçün 10-dan artıq Prezident sərəncamı imzalanmış, Nazirlər Kabinetinin müvafiq qərarları qəbul olunmuşdur. Minimum əməkhaqqının və pensiyaların baza hissəsinin artırılması ənənəsi 2010-cu ildə də davam etdirilmiş, orta aylıq əməkhaqqının 400 dolları keçməsinə nail olunmuşdur. Bütün bunlar ölkədə sosial ədalətin bərqərar olmasına, əsas insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına xidmət edən siyasi fəaliyyətin nəticəsidir.
Artıq beynəlxalq aləmdə Azərbaycanın hərtərəfli inkişafını hamı etiraf edir, bu inkişafın əsas səbəbləri aydın şəkildə izah olunur. Prezident İlham Əliyevin bölgələrə sonuncu səfəri zamanı - Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söylədiyi kimi inkişaf etmiş ölkələr sosial ədalət prinsiplərinin bərqərar olması, məhkəmə-hüquq sistemində islahatlar aparılması və ədalətli qərarların çıxarılması, icra orqanlarında, maliyyə sistemində şəffaflığın təmin olunması, ictimai nəzarət, demokratiyanın inkişafı, infrastruktur layihələri sahəsində uğurlar hesabına inkişaf edə bilmişlər. Gənc müstəqil Azərbaycanda qeyd edilən bu sahələrin hər birini geniş miqyasda əhatə edən, elmi şəkildə əsaslandırılmış tədbirlər həyata keçirilir.
Bu gün ölkənin elə bir şəhəri, rayonu, kəndi yoxdur ki, oraya gedən yollar müasirləşdirilməsin, yeni körpülər, yol qovşaqları, keçidlər tikilməsin. Başdan başa inkişaf edən Azərbaycan regionun əsas turizm ölkələrindən birinə çevrilirsə, deməli, bizim üçün əsas vəzifələrdən biri də ən müasir yol şəbəkələrinin yaradılmasıdır. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, yolların əsaslı bərpası və yenidən qurulması həm ölkə əhalisinə, həm də respublikamızın qonaqlarına rahatlıq bəxş edir, bölgələrin inkişafı üçün şərait yaradır. Dövlət başçısının son çıxışlarında qeyd edildiyi kimi növbəti illərdə artıq kənd yollarının tikintisi prioritet məsələ olacaqdır.
Ölkə əhalisini məmnun edən əsas məsələlərdən biri də Azərbaycanın öz ərzaq təhlükəsizliyini təmin etmək üçün atdığı addımlardır. Bütün dünyanı bürüyən iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatı nəinki geriləmədi, hətta, iqtisadi artıma nail olduq. Prezidentin tövsiyəsi ilə yaxın gələcəkdə öz ərzaq təhlükəsizliyimizi tam təmin etməklə bərabər başqa ölkələrin bazarlarına hazır, keyfiyyətli məhsullarımız çıxarılacaq. Bütün bu tezislər 2011-ci ili inkişaf tariximizin daha bir uğurlu ilinə çevirməlidir. Çünki bu il Azərbaycan öz dövlət müstəqilliyinin 20-ci ilini qeyd edəcək. Həm dövlət, həm də ölkə əhalisinin istənilən fərdi həmin yubileyə özünəməxsus töhfələr vermək əzmindədir.
Yeri gəlmişkən, 2011-ci il bizim üçün başqa bir məsələ baxımından da əlamətdar və yaddaqalan olacaq. Belə ki, yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev xüsusi olaraq qeyd etmişdi ki, biz bu il ölkədə rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəni daha da qətiyyətlə aparmalı və ciddiləşdirməliyik. Doğrudur, Azərbaycan dövləti bu sahədə öz fəaliyyətini daim yüksək səviyyədə qurub. Bu məqsədlə bilavasitə Prezident yanında və Respublika Prokurorluğunda daim xidmət göstərən, peşəkarlardan ibarət müvafiq qurumlar artıq bir neçə ildir ki, fəaliyyət göstərir. Həmin qurumların fəaliyyəti ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Ancaq dövlət başçımız istəyir ki, həmin prosesdə ölkə ictimaiyyətinin özü də fəal iştirak etsin. Çünki bəşər övladının ən qədim xəstəliklərindən olan rüşvətxorluq və korrupsiya bu gün dünyanın bütün ölkələrində narkomaniya kimi ağır fəsadlar verən bir bəlaya çevrilmişdir. Azərbaycan dövləti 2011-ci ildə həmin bəlaya qarşı çox qətiyyətli, eyni zamanda hamılıqla mübarizə aparmaq əzmindədir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Qazax rayonu ictimaiyyəti ilə görüşdə qeyd etdi ki, vətəndaşlar bütün xoşagəlməz hallar, ədalətsizlik, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat verməlidirlər ki, nöqsanlar tezliklə aradan qaldırılsın: "Nöqsanlarla ciddi mübarizə aparılmalı, bu sahədəki fəaliyyətimizi daha da gücləndirməliyik". Ancaq bununla belə dövlət başçımız ölkə ictimaiyyətini başqa bir fəaliyyətdə də birləşməyə çağırdı: "Bütün ictimaiyyət, vətəndaşlar bir olmalı, ölkəmizin inkişaf etməsi, güclənməsi, sosial rifahın daha yüksək səviyyəyə çatdırılması, iqtisadiyyatın daha da möhkəmləndirilməsi məqsədilə xidmət etməlidirlər".
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.