Azərbaycanda keçirilmiş seçki prosesi irəliyə doğru addımdır

Milli Məclisin sədri Oqtay Əsədov fevralın 12-də ölkəmizdə səfərdə olan ATƏT PA sədrinin müavini Volfqanq Qrossrukun başçılığı ilə qurumun seçki sonrası missiyasının üzvləri ilə görüşmüşdür.
Azərbaycanın ATƏT və onun qurumları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayan O.Əsədov Volfqanq Qrossrukla parlament seçkilərindən öncəki görüşünü xatırlamış, ölkəmizin qanunvericilik orqanının yeni tərkibdə fəaliyyətə başladığını, ATƏT PA-da Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyətinin formalaşdığını diqqətə çatdırmış, seçki prosesi ilə əlaqədar obyektiv mövqeyinə görə qonağa minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, onun hazırladığı hesabatda demokratiya yolunda addımlayan Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğunluğu və seçki texnologiyalarından səmərəli istifadə kimi müsbət məqamlarla yanaşı, bir sıra qüsurlar da öz əksini tapmışdır. Biz gələcəkdə hesabatda göstərilən iradları aradan qaldırmağa çalışacağıq. Parlamentin sədri vurğulamışdır ki, ATƏT-in bəzi qurumlarının seçki prosesinə qeyri-obyektiv və qərəzli mövqedən yanaşmaları isə təəssüf doğurur. Müşahidə missiyası seçki prosesini izləmək üçün yaradılmışdır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) müşahidə əvəzinə təftiş aparmaqla məşğul olmuşdur. Qurumun hesabatındakı qərəzlilik və birtərəfli mövqe özünü aydın şəkildə büruzə verir.
DTİHB-nin təmsilçisi ilə görüşdə bildirilmişdir ki, onlar həmişəki kimi məsələyə birtərəfli yanaşsalar bu, ancaq təəssüf doğuracaqdır. Hadisələrin sonrakı gedişi göstərdi ki, büronun təmsilçiləri hesabatı hazırlayarkən yalnız müxalifətin əsassız fikirlərinə istinad etmişlər. Maraqlıdır ki, Ermənistanda insan tələfatı və həbslərlə müşayiət olunan seçkiləri irəliyə doğru addım adlandıran Büro Azərbaycandakı uğurları görmək istəməmişdir. Bu isə bizdə qurumun obyektivliyinə böyük şübhələr yaratmışdır. İnanırıq ki, ATƏT-in növbəti sessiyasında Azərbaycandakı parlament seçkiləri ilə bağlı məsələ müzakirə olunarkən prosesə obyektiv münasibətin şahidi olacağıq.
Milli Məclisin sədri onu da vurğulamışdır ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Lakin bəzi qüvvələr ölkəmizin Avropa dəyərlərinin mənimsəməsinə maneçilik törətməyə çalışırlar. Çox təəssüf ki, ATƏT kimi nüfuzlu bir təşkilatın yüksək vəzifəli təmsilçiləri qeyri-obyektiv, qərəzli mövqeləri ilə belə hallara rəvac verirlər. Bu səbəbdən də bəzi qurumların hazırladıqları rəylər birtərəfli, çox vaxt isə həqiqətdən uzaq olur. ATƏT-in daxilindəki bu kimi halların müzakirəsinin və anlaşılmazlıqların aradan qaldırılmasının vaxtı çatdığını bildirən O.Əsədov demişdir ki, Avropanın enerji təhlükəsizliyi sistemində özünəməxsus yer tutan, Avratlantik məkana inteqrasiya yolu seçmiş Azərbaycanın obyektiv, qərəzsiz münasibətə haqqı vardır. V.Qrossruk bildirmişdir ki, ATƏT seçkiləri müşahidə edərkən əsas məqsəd həmin ölkədə demokratiyanın hərtərəfli inkişafına yardımçı olmaqdır. Proses barədə vahid rəyin formalaşması üçün missiyaya daxil olan nümayəndə heyətlərinin hamısı ilə fikir mübadiləsi aparmaq çox əhəmiyyətlidir, seçki kimi mühüm bir siyasi prosesə vahid qiymət vermək nöqteyi-nəzərindən önəmlidir. Azərbaycanda apardığımız müşahidələr bizdə belə bir fikir formalaşdırmışdır ki, seçki prosesi irəliyə doğru olmuşdur. Bildirilmişdir ki, ATƏT öz tövsiyələrini hazırlayarkən hansısa ölkəyə hazır demokratiya resepti verməkdən uzaqdır. Bu, sadəcə olaraq, həmin ölkədə demokratik təsisatların inkişaf etməsinə yardım xarakteri daşıyır.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında