“Bizim vəzifəmiz xalqa xidmət etməkdir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların əsas məqsədlərindən biri də dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyini artırmaqdır. Bu, 2012-ci ildən başlayaraq ayrı-ayrı rayonlarda yaradılan sahə inzibati ərazi dairələrinin fəaliyyətində özünü daha aydın göstərməkdəir.

Ərazisində  69 mindən çox əhali yaşayan Xətai Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsinin 2017-ci ildə gördüyü işlərlə tanışlıqdan sonra bunu bir daha yəqin etdik.

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun və ərazidə yaşayan ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçən toplantıda  sahə inzibati ərazi dairəsinin  nümayəndəsi Dəyanət Əzizov ötən il görülən işlərin kəmiyyət və keyfiyyət göstəriciləri, burada yaşayan sakinlərin sosial-məişət problemlərinin operativ həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verərək bildirdi ki, nümayəndəlik işini biləvasitə əhali ilə sıx təmasda qurur. Bu da  dövlət başçısının və rayon icra hakimiyyətinin qarşıya qoyduğu vəzifə və tapşırıqların uğurla həyata keçirilməsinə öz müsbət təsirini göstərir.

Qeyd edildi ki, 2017-ci ildə nüma-yəndəliyin ərazisində əsas və məhəllədaxili küçələrdə təmir və yenidənqurma işləri tam sürətlə davam etdirilmişdir. Neapol, Babək, Telnov, M.Rüstəmov, Sarayev, S.Ə.Şirvani küçələrini əhatə edən məhəllədaxili yollar da daxil olmaqla 9 min 798 kvadratmetr asfalt örtüyü yenilənmiş, küçə işıqları üçün yeni dirəklər quraşdırılmış və sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün həyətlərdə istirahət guşələri yaradılmışdır. Ərazimizdə yerləşən on bir hündürmərtəbəli binanın dam örtüyü yenilənmiş, altı binanın giriş və fasad hissələri tam təmir edilmişdir.

Hündürmərtəbəli yaşayış binalarının su təchizatının yaxşılaşdırılması və binaların zirzəmilərindən su xətlərinin xaricə çıxarılması məqsədilə  “Azərsu” ASC tərəfindən “pilot-layihə”nin həyata keçirilməsi davam etdirilmişdir. Günün ən vacib işlərindən biri-- əhalinin istiliklə təmin edilməsi istiqamətində görülən işlər də nəzarətdə saxlanılmışdır. Yaşayış binalarına gedən mağistral istilik xətlərinin bir qismi tam dəyişdirilmişdir ki, bu da dörd  istilik  məntəqəsi vasitəsilə  114 binanın istiliklə təmin edilməsinə imkan vermişdir.

İcra başçısının xüsusi nəzarətində olan lift təsərrüfatı da müasir standartlar səviyyəsinə çatdırılmaqdadır. Təkcə bu il ərazidəki binalara xidmət göstərən 591 liftin 153-ü yenilənmişdir. Lakin 104 liftin dəyişməsinə ehtiyac var.

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov görülən işlərə və həyata keçirilən tədbirlərə münasibət bildirərək qeyd etdi ki, ərazi nümayəndəliyinin işini qənaətbəxş qiymətləndirmək olar. Ancaq bu o demək deyil ki, dövlət başçısının sərəncamı ilə yaradılmış bu qurumlar, Prezidentin qarşıya qoyduğu vəzifələri tam yerinə yetirir. Bunun üçün Prezidentimizin qeyd etdiyi kimi, əhali ilə sıx təmasda işləmək, onların problemləri və qayğıları ilə birbaşa yerində tanış olmaq və ən qısa zamanda onların həllinə nail olmaq lazımdır. Çünki Prezident İlham Əliyevin dediyi kimi, bizim vəzifəmiz xalqa xidmət etməkdir.

Vurğulandı ki, ötən il icra başçısının nümayəndəliyin ərazisində  keçirdiyi 7 səyyar qəbulda məqsəd də əhalini narahat edən məsələlərin yerində araşdırılması və mövcud problemlərin aradan qaldırılması olmuşdur. Nəticədə həmin səyyar qəbullarda 25 sakinin  problemləri yerində həllini tapmış, 17 sakinin probleminin həlli aidiyyatı üzrə təşkilatlara yönəldilmişdir. Bu təcrübə davam etdirilməlidir və təşəbbüs sahə inzibati ərazi dairələrindən gəlməlidir. 

R.Məmmədov həmçinin bildirmişdir ki, əhalinin müraciətlərinə və şikayətlərinə operativ reaksiya verilməli, onları narahat edən məsələlər ciddi araşdırılaraq vaxtında cavab verilməlidir. Xüsusilə qış mövsümündə əhalinin enerji daşıyıcıları, su və istiliklə fasiləsiz təmin edilməsi daim diqqətdə saxlanılmalıdır. 

İcra başçısı toplantıda iştirak edən ictimaiyyətin nümayəndələrinə bildirdi ki, ərazidə uzun illər istilik almayan bir neçə yaşayış binası da var və hazırda onların istiliklə təmin edilməsi üçün müvafiq qurumlarla danışıqlar gedir, yaxın zamanlarda bu yaşayış binalarının da istiliklə təminatı qaydaya salınacaq.

Toplantıda yerli sakinlərin qaldırdıqları məsələlərə münasibət bildirildi və ərazi nümayəndəliyinin rəhbərinə müvafiq tapşırıq və tövsiyələr verildi.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında