Şriftin ölçüsü:
12.02.2011 09:33 | Oxunma sayı: 443
Fevralın 11-də Milli Məclisin növbəti iclası keçirilmişdir.
İclasda əvvəlcə cari məsələlərə baxılmışdır. Çıxış edən deputatlar əsas diqqəti Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin yekun nitqindəki Azərbaycanda bürokratik əngəllərin aradan qaldırılmasında, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılmasında ictimai nəzarətin gücləndirilməsinə dair müvafiq tapşırıqlarına yönəltmişlər. Deputatlar korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərin ölkədə həyata keçirilən islahatların tərkib hissəsi olduğunu vurğulamış, bu təqdirəlayiq addımın əhali tərəfindən də müsbət qarşılandığını bildirmişlər.
Sonra gündəlikdəki qanun layihələri müzakirə olunmuşdur. Ədliyyə nazirinin müavini Vilayət Zahirov "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ni müzakirəyə təqdim etmişdir. O demişdir ki, respublikamızda aparılan genişmiqyaslı islahatların sosial-iqtisadi və siyasi həyata, demokratikləşmə prosesinə təsiri ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmış, milli iqtisadiyyatımızın yüksəlişinə və güclənməsinə səbəb olmuşdur.
Həyata keçirilən islahatlar nəticəsində dünya dövlətlərini bürümüş iqtisadi böhrana baxmayaraq ölkəmizdə sosial-iqtisadi tərəqqi 2010-cu ildə də davam etmişdir. Azərbaycanın bu böhrandan qurtuluşu ümummilli lider Heydər Əliyevin dərin elmi təfəkkür və böyük təcrübəyə söykənən siyasəti nəticəsində reallaşmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl, praqmatik siyasi fəaliyyəti bu nailiyyətin başlıca təminatçısıdır.
Ölkəmiz üçün xarakterik olan əsas cəhətlərindən biri siyasi və sosial-iqtisadi sahədə həyata keçirilən islahatların ardıcıllığı və dönməzliyidir. Belə yanaşma demokratikləşmənin həyata keçirilməsində özünü aydın şəkildə göstərmişdir. Yerli özünüidarəetmə orqanları da dövlətimizin qayğısı ilə əhatə olunmuş, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində mövcud normativ hüquqi baza təkmilləşdirilmiş, bir sıra digər mühüm işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, onların iqtisadi resurslarından istifadənin səmərəsinin yüksəldilməsi və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılması məqsədi ilə "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Qanunda 1567 bələdiyyənin birləşməsi nəticəsində 574 yeni bələdiyyənin yaradılması nəzərdə tutulmuşdur.
"Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Qanunla muxtar respublikada 84 bələdiyyənin birləşməsi nəticəsində 40 yeni bələdiyyə yaradılmışdır.
Birləşmə komissiyalarının təqdim etdiyi məlumatlara əsasən 11 bələdiyyənin fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırılmış və ciddi qanun pozuntuları müəyyən edilərək toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Respublika Prokurorluğuna göndərilmişdir.
Hesabat ilində inzibati nəzarət qaydasında baxılması üçün bələdiyyələr tərəfindən ədliyyə orqanlarına 26635 akt göndərilmişdir. Onlardan 25363-ü qanunvericiliyə uyğun hesab olunmuş, 545-nə isə hazırda baxılır. Bələdiyyələrin fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslərdən 1468 müraciət daxil olmuşdur. Onlardan 1002-nə mahiyyəti üzrə baxılaraq qanuna uyğun tədbirlər görülmüşdür. Digərləri isə aidiyyəti qurumlara ünvanlandırılmışdır.
Məruzədə bələdiyyələrin qarşılaşdıqları problemlər və fəaliyyətlərində yol verdikləri nöqsanlar da əksini tapmışdır. Nazir müavini sonda qeyd etmişdir ki, bələdiyyələrin fəaliyyətinin qanun çərçivəsində həyata keçirilməsini təmin etmək məqsədi ilə zəruri olan tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Müzakirələr zamanı deputatlar bələdiyyə institutunun daha səmərəli fəaliyyət göstərməsinə dair müxtəlif təkliflərlə çıxış etmişlər. Çıxışlarda elektron bələdiyyə sistemi sahəsində işə başlanmasının, bələdiyyələrdə qabaqcıl texnologiyaların tətbiqinin vacibliyi qeyd olunmuş, yerli özünüidarəni tənzimləyən bəzi qanunvericilik aktlarının təkmilləşdirilməsi təklif olunmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə demişdir ki, qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı verilən təkliflərə komitədə baxılacaqdır.
Sonda məruzə nəzərə alınmışdır.
Axşam iclasında "Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Prezidentinin və Özbəkistan Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında", "18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında "Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Saziş"ə dəyişikliklər və əlavələr edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə", "Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2011-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihələri təsdiqlənmişdir.
İclasda, həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə", "Auditor xidməti haqqında", "Dövlət rüsumu haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər olunmuşdur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.