Naxçıvanda İran İslam İnqilabının 32-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu ölkəsinin milli bayramı - İran İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildikdən sonra "Qurani-Kərim"dən ayələr oxunmuşdur.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli ölkəsinin inqilabdan ötən 32 il ərzində keçdiyi inkişaf yolundan danışmış, bütün sahələrdə böyük tərəqqiyə nail olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, 1979-cu ildə İran xalqı öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizəyə qalxaraq qələbə qazanmış, İran İslam Respublikası inkişaf edərək bugünkü səviyyəyə çatmışdır.
İran xarici siyasət kursunda qonşular, region və İslam dünyası ilə əlaqələrin genişləndirilməsinə üstünlük verir. Dost və qonşu ölkələr olan İran ilə Azərbaycan arasındakı əlaqələr gündən-günə genişlənir, Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əməkdaşlıq ölkələrimizin əlaqələrinin daha da dərinləşməsinə və inkişafına xidmət edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasimdə çıxış edərək demişdir: Azərbaycan və İran qonşu dövlətlərdir. Məhz bu amil əsasında əlaqələrimizin yaranması və inkişafı ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Onun Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi, 1992-ci ildə əsasını qoyduğu əlaqələr hazırda inkişaf edərək genişlənməkdədir.
Xalqımızın böyük oğlu Azərbaycan-İran əlaqələri barədə deyirdi: "İran ilə olan əlaqələrimizə xüsusi əhəmiyyət veririk. Heç bir qüvvə bizim İran-Azərbaycan əlaqələri barədə siyasətimizə heç bir təsir göstərə bilməz". Ulu öndərimizin xarici siyasət sahəsində müəyyənləşdirdiyi bu istiqamət bu gün hər iki ölkənin xalqlarının mənafeyinə və maraqlarına uyğun şəkildə davam etdirilir. Azərbaycan Prezidentinin İrana, İran Prezidentinin Azərbaycana, o cümlədən Naxçıvan Muxtar Respublikasına səfərləri dostluq və qardaşlığımızın möhkəmlənməsinə səbəb olmuşdur.
Azərbaycan-İran əlaqələrinin inkişafında Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələrin də özünəməxsus rolu olduğunu vurğulayan Ali Məclisin sədri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında faydalı qarşılıqlı əməkdaşlıq əlaqələri qurulmuşdur. Tərəflər arasında əlaqələrin inkişafı üçün bir sıra işlər görülmüş, energetika, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlığa hərtərəfli zəmin yaradılmışdır. Bu gün Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində beynəlxalq statusa malik Culfa və Şahtaxtı sərhəd-buraxılış məntəqələri fəaliyyət göstərir. Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında imzalanmış müqaviləyə əsasən Culfa-Culfa yeni avtomobil körpüsü inşa edilir. İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın ötən ilin noyabr ayında Azərbaycana rəsmi səfəri, Azərbaycan və İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması əlaqələrimizin yüksək səviyyədə olduğunun daha bir göstəricisidir.
İran Prezidenti ilə yüksək səviyyədə görüşdə Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Münasibətlərimiz bu gün ən yüksək səviyyədədir. Biz qonşuyuq, dostuq, qardaşıq. İran ilə Azərbaycan arasındakı münasibətlər nəinki iki ölkə arasındakı münasibətlər kimi formalaşıbdır, eyni zamanda, münasibətlərimizin bölgədə gedən proseslərə mühüm təsiri vardır".
Ali Məclisin sədri qardaş İran xalqının böyük bayramı - İslam inqilabının 32-ci ildönümü münasibətilə İran xalqını, konsulluğun əməkdaşlarını, tədbir iştirakçılarını təbrik etmiş, İran İslam Respublikasına inkişaf və tərəqqi arzulamışdır.
Sonra İran İslam Respublikasının sənətçiləri konsert proqramı ilə çıxış etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında