MASALLI: Uğurla ötən illər, əsrlərə tən illər…

Bu ulu diyarın büsatına baxan dağların da ürəyi dağa dönür. Masallı təbii bir gözəllik sərgisidir. Dağı da, aranı da könül sevindirir. Təbiət minbir rəngi ilə göz oxşayır, şəfalı suları “gəl-gəl” deyir. Əkinə-biçinə meyilli dağ-aran camaatı da ki, öz qonaqpərvərliyi, dostcanlılığı ilə seçilir. Masallıda hər ötən il uğurları ilə yadda qalır, xeyir-bərəkətli olur.

Tarixə çevrilmiş 2017-ci ildə bu rayonda xeyli yaddaqalan iş görülüb. “ASAN həyat” kompleksi öz adını tamamilə doğruldub və bölgə əhalisinin həvəslə üz tutduğu bir ünvana çevrilib. Sığdaş, Babaküçə, Qasımlı, 2-ci Yeddioymaq, Xanalyon kəndlərinə təbii qaz verilib və beləliklə də, daha 1500 ailənin evi qızdırılıb. Masallı şəhər 2 nömrəli, Kolatan və İskəndərli kənd uşaq bağçası-körpələr evləri tikilərək istifadəyə verilib. Şatıroba, Kubin, Mololon, Meşəkənarı və Ləngan kəndlərində yeni məktəblər yüzlərlə şagirdi qoynuna alıb. 

Yay aylarından Masallı Sənaye Məhəlləsində tikinti işlərinə başlanılıb. Burada su, elektrik təminatı kimi müvəqqəti infrastruktur yaradılıb, tikinti işlərinə 200 nəfərə yaxın yerli işçi cəlb olunub. Burada hökm sürən əmək coşqusu sayəsində az vaxtda istehsal korpusları və inzibati bina, yüksək gərginlikli yarımstansiya, hər biri 100 kubmetrlik 2 nasosxana, 4 sutəmizləyici qurğu, 300 kubmetrlik 2 texniki və suvarma, içməli və yanğın əleyhinə su anbarları, buraxılış-keçid məntəqəsi tikilib, asfalt yol, elektrik, daxili kanalizasiya xətləri çəkilib. İşlərin 2018-ci ilin ilk yarısında yekunlaşdırılması nəzərdə tutulur. Sənaye məhəlləsində həyata keçiriləcək layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.

Masallının rayon mərkəzində müasir şəhər mühiti yaradılır, uyğun atributlar artır, kənd və qəsəbələr abadlaşır, yollar çəkilir. Digah küçəsinin başdan-başa yenidən qurulması sona çatdırılıb. Həmin əraziyə səki daşları düzülüb, asfalt çəkilib, küçənin işıqlandırma sistemindən ötrü 65 işıq dirəyi quraşdırılıb. Elə şəhərin digər küçələrində də səkilərin, hasarların təmiri işləri həyata keçirilib. Dörd yerdə yolayrıclarında svetoforlar quraşdırılıb. Heydər Əliyev prospektində uzunluğu 1000 metrə yaxın olan suötürücü kanal çəkilir, şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağı beton məcraya salınır. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançaları və uşaq əyləncə qurğuları olacaq. Rayon məhkəməsinin yeni inzibati binasında inşaat işləri davam edir. Həmçinin şəhər ərazisində yerləşən “Cümə” məscidinin əsaslı təmiri həyata keçirilir.

Prezident İlham Əliyevin 5 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Masallı şəhərində 27 çoxmənzilli binanın təmirindən ötrü vəsait ayrılmışdır. Ötən əsrin 70-80-ci illərində inşa edilmiş həmin   binaların fasad və dam örtüklərində, giriş bloklarında əsaslı təmir işləri başa çatdırılıb. Binaların zirzəmiləri təmir olunur, kanalizasiya xətləri yeni sistemə qoşulur. Həyətlərdə yaşıllıq zolaqları salınır.

Ötən ilin aprelində rayon icra hakimiyyətinin inzibati binasında Masallı şəhərinin 2034-cü ilə qədər dövrünü əhatə edən baş planının hazırlanması ilə bağlı ictimai müzakirələr keçirilib. Baş plan gerçək arzu layihəsidir. Ona əsasən, şəhər ərazisinin zonalaşdırılması ilə əlaqədar ictimai mərkəzlərin, yeni yaşayış ərazilərinin, çayqırağı rekreasiya və sənaye zonalarının yerləri müfəssəl qaydada işlənib hazırlanıb.   Şəhərin mərkəzindən keçən çayın üzərində iki yeni körpünün salınması da nəzərdə tutulur. 

Turizm Peşə Məktəbi üçün ayrıca istehsalat-təcrübə bazasının tikilməsindən ötrü  şəhərin Heydər Əliyev prospektində “ASAN həyat” kompleksinin yerləşdiyi ərazidə nəzərdə tutulan torpaq sahəsinin sxematik planı Azərbaycan Turizm və Menecment Universitetinə təqdim olunub. Eyni zamanda həmin   prospektdə Yaşıl Market Logistik Mərkəzinin yaradılması məqsədilə 10 hektar torpaq sahəsi ayrılıb.

Masallıda məktəb tikintisi daimi diqqətdədir. Hazırda mövcud olan 99 məktəbdən 40-a yaxını yenidən tikilib, ya da əsaslı təmir olunub. Bunlardan 20-yə qədəri son dörd ilin payına düşür. Yaxın vaxtlarda iki kənddə modul tipli məktəblərin tikintisinə başlanacaq. Məktəbəqədər tərbiyə ocaqları şəbəkəsi genişlənir. 

Qayğı ilə əhatə olunan təhsil sahəsində uğurlar da özünü çox gözlətmir. Lənkəranda respublika fənn olimpiadasının zona üzrə yarımfinal mərhələsində Masallıdan 67 şagird iştirak edib və onlardan 5-i respublika mərhələsinə vəsiqə qazanıb. Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Sərhəd Bayramlı finalda coğrafiya fənni üzrə bürünc medalla təltif edilib. Məktəbi isə o, qızıl medalla bitirib. Rayon üzrə daha 3 məktəbli fərqlənmə attestatı alıb. Cəlilabadda təşkil edilmiş rus dili və ədəbiyyatı üzrə olimpiadada Masallı şəhər 2 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Pərvin Qasımova qalib gəlib. Rayondan ali məktəblərə sənəd verən 721 şagirddən 448-i tələbə adını qazanıb,   62 abituriyent 500-600, 30 abituriyent isə 600-700 arası bal toplayıb. Masallı qəsəbə kənd tam orta məktəbinin məzunu Aysun İltifatlı 695 bal toplayıb və Prezident təqaüdünə layiq görülüb. Orta ixtisas məktəblərinə isə 200-ə qədər məzun qəbul olunub. Qabaqcıl pedaqoqlar da layiqli qiymətlərini alıblar.   Mahmudavar kənd tam orta məktəbinin riyaziyyat müəllimi Adilə Abdullayeva “Tərəqqi” medalına layiq görülüb.

Yeri gəlmişkən, 85 yaşı tamam olmuş rayon ağsaqqalı Şirvan Əbilov da “Tərəqqi” medalı ilə təltif edilib. Rayon YAP təşkilatının yaradıcılarından olan Şirvan müəllim həm də 10 ildir ki, Prezident təqaüdü alır. RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm İbrahimliyə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib. Bu günlərdə isə tanınmış fermer Etibar Sadıqov 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb.              

İdmançılar da mükafatsız qalmırlar. İl ərzində Masallıda bir çox növlər üzrə rayon birincilikləri və ənənəvi güləş turniri keçirilib, ən güclülər fərqləndirilib. Dekabrın əvvəllərində isə Gürcüstanda keçirilən “Tbilisi Open” beynəlxalq taekvando turnirində rayonun iki idmançısı -  Samir Məhərrəmovla Rahid Vəliyev qızıl medal qazanıblar.

Masallıda fəaliyyət göstərən tibb ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülüb. Oktyabrda rayon mərkəzi xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev iştirak edib. Bildirilib ki, mərkəzi xəstəxana Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Hazırda Masallının Lürən və Məmmədoba kəndlərində həkim məntəqələri tikilir. 

Rayonda aqrar sahənin inkişafı, ixtisaslaşma, region üçün ənənəvi olan əkin sahələrinin genişləndirilməsi ilə bağlıdır. Kənd təsərrüfatına yararlı 32519 hektar torpaq sahəsinin 26732 hektarını xüsusi mülkiyyətə verilmiş pay torpaqları təşkil edir. Buğda, arpa, vələmir, paxlalı bitkilər, qarğıdalı, günəbaxan, kartof, tərəvəz, bostan bitkiləri, yonca, çəltik, tütün əkini artırılıb. Ənənəvi sahələrdən olan baramaçılıq, çayçılıq, üzümçülük, çəltikçilik, tütünçülük, sitrus və suptropik meyvəçiliyi də genişləndirilir. İl ərzində Bakıda keçirilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarına Masallıdan 20 ton kartof, 6,5 ton soğan, 5 ton lobya, 4,7 ton badımcan, 5,5 ton xiyar, 10 min ədəd yumurta göndərilib.

Bir mühüm amil də ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması haqqında sərəncamının icrası məqsədilə Masallı rayonu ərazisində regional tədarük mərkəzi yaradılıb. Fermerlər ümid edirlər ki, bu il onların istehsal etdikləri məhsulların tədarükü məsələsi uğurlu həllini tapacaq. Viləşçay su anbarının ikinci növbəsinin tikintisinin davam etdirilməsi də günün zərurətidir.                     

Yol infrastrukturunun müasirləşdirilməsi və əsaslı təmir işləri ilboyu aparılıb. Sentyabrın 2-də Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin və 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib. Böyük iqtisadi və sosial əhəmiyyəti ilə seçilən bu layihənin həyata keçirilməsi bölgədə turizmin və kənd təsərrüfatının inkişafına da öz töhfəsini verəcək. Yerli əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolunun 0-17-ci kilometrliyində təmir işləri görülüb. Eyni zamanda, Masallı-Qızılağac avtomobil yolunun 4-6-cı kilometrliyində asfalt-betonla cari təmir işləri aparılıb. Türkoba-Hişkədərə, Tatyan-Yolağac, Masallı-Köhnə Alvadı avtomobil yollarında hamarlama işləri həyata keçirilib.

Masallı Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən bir sıra kənddə yenidənqurma işləri həyata keçirilib. Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar kəndlər təbii qazla təchiz edilib. Rayon üzrə qaz alan abonentlərin sayı 36725-ə çatıb. Masallının əksər kəndlərində içməli su xətti və ya qaynaqlarının olmaması çətinliklər yaradır. Bu problemin həlli üçün cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən, Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndlə bağlı layihələndirmə işləri aparılıb və “Viləşçay” su dəryaçasından içməli su xəttinin çəkilməsinə başlanıb. Artıq su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 20 kilometr magistral xətt çəkilib. Eyni zamanda, şəhər ərazisində kanalizasiya xətlərinin çəkilişi sona çatır.     

Turizm Masallının əsas inkişaf istiqamətlərindəndir. Üç ildir ki, burada müvafiq ixtisasların öyrədildiyi Masallı Dövlət Regional Kolleci fəaliyyətə başlayıb. Rayonda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Prezident İlham Əliyevin Masallıya səfəri zamanı rayon ərazisində yeni turizm istirahət kompleksinin tikintisi ilə bağlı məsələ qaldırılıb və dövlət başçısı təklifi bəyənib. Hazırda tikinti-layihə sənədləri hazırlanır. Kompleks Yardımlıya gedən yolun kənarında yerləşən 10 hektar sahədə tikiləcək. 

Mədəni-kütləvi tədbirlər də rayonda tez-tez keçirilir. İyunun 30-da Masallı şəhər Heydər Əliyev Mərkəzində “Yeni həyat” qəzetinin 85 illik yubileyi ilə əlaqədar tədbir xüsusilə yaddaqalan olub. Özü də ixtisasca jurnalist olan icra başçısı Rafil Hüseynov yaradıcı kollektivi təbrik edib. Bundan bir ay əvvəlsə Masallıya Bakı jurnalistlərinin növbəti infoturu təşkil olunub. İcra başçısının müavini Nəsir Muxtarlı qonaqlara rayon barədə maraqlı məlumatlar verib. Onlar gəzməli-görməli yerlərdə olub, rayonun uğur hekayələri ilə yaxından tanış olublar. 

Bu sətirlərin müəllifi də tez-tez yolunu “Yeni həyat”ın redaksiyasından salır, qəzetdə gedən yazıları həvəslə oxuyur. Bu dəfə isə orada istedadlı şair Arif Fərzəlinin yeni kitabının çıxdığını öyrəndim. Arif Xırmandalı kəndində yaşayıb-yaradır, fiziki nasazlığı səbəbindən rayon mərkəzinə az-az gəlir. Təklif oldu  ki, Yeni il qabağı kəndə gedib onunla görüşək. Baş redaktor Əlihüseyn Şükürov, şair Nurməmməd Ağa, ziyalı Hamlet Quliyev və mən səhərisi Xırmandalıya yola düşdük. Şair gəlişimizə çox sevindi. Onu təbrik edib yeni uğurlar arzuladıq. Çay süfrəsi arxasında maraqlı söhbətlərimiz oldu, şairin şeirlərini dinlədik.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İslam Həmrəyliyi İli” ilə bağlı keçirdiyi tədbirlər çərçivəsində Masallı şəhərindəki Cümə məscidinə dini, elmi və bədii kitablar hədiyyə edib.

Onu da deyim ki, Masallıda rayon rəhbərliyindən tutmuş sıravi vətəndaşlara qədər əksəriyyət xeyirxahlıq etməyə, savab işlər görməyə meyillidir. Yadıma bir neçə ay öncə qələm dostum, aprel şəhidlərindən bəhs edən “Qalibiyyət - şahidlər və şəhidlər” kitabının müəllifi Aida Eyvazovanın bu rayondan bəhs edən məqaləsi düşdü. O, yazırdı: “Cənub bölgəsinə səfərimdə şəhid ailələrinin əksəriyyətini dövlətdən razı gördüm. Aprel şəhidi Firdovsi Bağırzadənin Masallı rayonunun Güllütəpə kəndində tək qalan anası isə rayon icra hakimiyyətinin qayğısı ilə tam əhatə olunub. Şəhidin adına küçə veriblər. Bundan başqa, ev şəraiti yararsız vəziyyətdə olan anaya ikimərtəbəli, içərisində hər bir rahatlığı olan ev tikiblər. Evin içərisindəki bütün mebelləri də özləri alıblar. Bütün bunların hamısını Masallının icra hakimiyyəti ilə iş adamları birləşib, ananın könlünün şad olması üçün ediblər”.

Jurnalist daha sonra bildirirdi ki, bütün bunlarla yanaşı, şəhidin bacısının toy məclisinin xərclərini də rayon rəhbərliyi çəkib: “Masallı rayon icra hakimiyyətinin bütün işçiləri şəhidin bacısının bu yay keçirilən toyunda iştirak edib, toy xərcini də özləri çəkiblər...”

Bəli, Masallıda, fərəh doğuran uğurlar, örnək olası işlər yetərincədir. 2017-ci il də bu baxımdan istisna olmayıb. İnanırıq ki, qarşıdakı illərdə də Masallıdan xoş soraqlar gələcək.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında