Yasamal rayonunda “Abad məhəllə” layihəsinin icrası uğurla davam etdirilir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Mərkəzi küçələr, məhəllədaxili yollar əsaslı şəkildə yenidən qurulur, işıqlandırma sistemi müasirləşdirilir, yaşayış evlərinin fasad və dam ötrüklərində, həmçinin park və meydançalarda müasir tələblər səviyyəsində təmir işləri aparılır.

Bir neçə ildir ki, Yasamal rayonunda start götürən “Abad məhəllə” layihəsi  də bu məqsədlərə xidmət edir.  Son illərdə daxili imkanlar hesabına 50-dən çox ünvanda əsaslı və yenidənqurma işləri aparılaraq, nümunəvi məhəllələr yaradılmışdır. Əvvəllər üfunət iyi verən və zibilxanaları xatırladan ərazilərdə indi hər cür şəraiti olan istirahət parkları yaradılıb. Bununla rayonun ekoloji mühiti sağlamlaşdırılmış, on minlərlə rayon sakininin, xüsusilə azyaşlıların və ahılların istirahətlərinin, habelə asudə vaxtlarının səmərəli keçirilməsi üçün əlverişli şərait yaradılmışdır. Bu ilin son aylarında rayonun 3 ünvanında “Abad məhəllə” layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində rayonun 7-ci Sallaqxana küçəsinin sakinlərinin sevinci ikiqat olmuşdur. Yaşayış evlərinin ətrafında –1,3 hektar ərazidə yeni nümunəvi məhəllənin açılış mərasimi keçirilmişdir. Xeyli müddət idi ki, bu məhəllənin sakinləri ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinə müraciətlər edir, ümumi istifadə yerlərinin müxtəlif şəxslər tərəfindən qeyri-qanuni zəbt olunaraq, hasarlanmasından haqlı narazılıqlarını bildirirdilər. Rayon sakinlərinin müraciətləri araşdırılmış, qeyri-qanuni hasarlar sökülmüş, abadlıq və təmizlik işlərinə start verilmişdir. Məhəllədə rezin örtüklü yumşaq döşəməyə əyləncə elementləri yerləşdirilərək, uşaq meydançası yaradılmış, parkın göz oxşayan yerində uşaqların sevimli personajları olan “Maşa və ayı” mövzusunda banerlər çəkilmişdir. Bundan əlavə, 6 ədəd söhbətgah, 3 ədəd idman avadanlığı, 12 ədəd oturacaq quraşdırılmış, 600 metr uzunluğunda yeni su xətti çəkilərək yaşıllıqların suvarılmasına əlverişli şərait yaradılmışdır.

Məhəllənin giriş hissəsində pilləkənlərin və hərəkət məhdudiyyətli sakinlər üçün pandusların quraşdırılması böyük rəğbətlə qarşılanmışdır. Bunlarla yanaşı, həmin əraziyə 144 kvadratmetr aqlay döşənmiş, 50 kvadratmetrə isə qazon salınmışdır. 600 ədəd ağacın, mövsümi güllərin əkilməsi, süni ot örtüyü döşənmiş 425 kvadratmetr ölçüdə yeni mini-futbol meydançasının salınması məhəlləyə xüsusi yaraşıq vermişdir.

Dünən 7-ci Sallaqxana küçəsinin sakinləri üçün əsl toy-bayram idi. Musiqi sədalarının ətrafı bürüdüyü ərazidə “Abad məhəllə”nin açılış mərasimi keçirilmişdir. Rayonun hüquq–mühafizə orqanlarının, habelə idarə və müəssisə rəhbərləri,  Milli Məclisin deputatları, ziyalılar məhəllə sakinlərinin sevincinə qoşulmuşdular. Rayon icra hakimiyyəti başçısının birinci müavini Səməd İslamov mərasimə qatılanları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmiş, rayon sakinlərinin müraciətlərini və təkliflərini dinləyərək, onların icrası ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq vermişdir.

Rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov, Milli Məclisin deputatı Ülvi Quliyev. YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov, sakinlərdən Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, kimya elmləri doktoru, Əməkdar elm xadimi Telman Ağdamski, Zaman Zamanov və digərləri məhəllədə yaradılmış şəraiti yüksək qiymətləndirmiş, insanlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Sonra  4 saylı Uşaq İnkişaf Mərkəzinin rəqs kollektivi və Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin şagirdləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında