Həmrəylikdən keçən əbədi müstəqillik yolu

Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibət ilə Xətai Rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı, Xətai rayon bələdiyyəsi və rayonda fəaliyyət göstərən ictimai təşkilatlar bayram toplantısı keçirmişlər.

İctimaiyyətin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məruzə ilə çıxış edərək bildirmişdir ki, müstəqil Azərbaycanın qüdrətli dövlət olaraq daim yaşaması üçün hər bir azərbaycanlının üzərinə böyük vəzifələr düşür.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsinin bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini vurğulayan P.İmanov bu tarixi günün yaranması haqqında geniş məlumat vermişdir. Qeyd etmişdir ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. Bu hadisədən 26 il keçsə də, indi dünyanın hansı ölkəsində azərbaycanlı yaşayırsa, bu günü öz evində, ocağında bayram edir. Bunun özü xalqımızın müstəqil Azərbaycan naminə birliyini və həmrəyliyini nümayiş etdirən bir reallıqdır.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmiş və bu qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərmişdir. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Məhz həmin qurultayda ulu öndər Heydər Əliyev, qəlbinin dərinliklərindən gələn və səsləndiyi andan bu günə xalqımızın ən sevimli kəlamına çevrilmiş “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsini söyləmişdir.

Natiq qeyd etmişdir ki, məhz həmin illərdə ulu öndərin fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, onun təşəbbüsü ilə Milli Məclisdə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanun qəbul edilmiş və bu da dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirmişdir.

Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan ümummilli liderin bu strateji xətti ondan sonra Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və daha da zənginləşdirilmişdir. Prezidentin imzaladığı fərman və sərəncamlar, həyata keçirdiyi tədbirlər və onun müəyyənləşdirdiyi dövlət diaspor siyasəti həmvətənlərimizin birlik və həmrəyliyinin daha da möhkəmləndirilməsinə, onların daha mütəşəkkil formada təşkilatlanmasına imkan vermiş və beləliklə, bu proseslər tam yeni mərhələyə qədəm qoymuşdur. İndi artıq soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.

P.İmanov başa çatmaqda olan 2017-ci ilin yekunları haqqında da danışaraq qeyd etmişdir ki, bu il bir çox möhtəşəm hadisələr və uğurlarla müstəqillik tariximizə yazılmışdır. Dövlət başçısının “İslam Həmrəyliyi ili” elan etdiyi bu ildə Azərbaycan ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarını və IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunu uğurla keçirərək ölkəmizin multikulturalizmə və tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdirmişdir. Ölkəmiz regionun lider dövləti olmasını və regionda geosiyasi trendlərin müəyyənləşdirilməsində əsas söz sahibi olduğunu yenidən təsdiqləmişdir. 2017-ci ildə Prezident İlham Əliyevin dediyi kimi “yüzilliklər boyu maraqlarımızı təmin edəcək” Trans Anadolu təbii qaz kəməri – TANAP”ın tikintisi davam etdirilmiş, bir neçə yeni neft və qaz müqavilələri imzalanmış və “60-dan çox ölkədən keçən... 40 milyon kvadratkilometrə yaxın ərazini və 4,5 milyard insanı əhatə edən” “Böyük İpək Yolu”nun əsas tranzit dəhlizi olan Bakı –Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Prezident İlham Əliyevin dediyi kimi, “Bu gün hər bir həmvətənimiz Azərbaycan Respublikası ilə fəxr etməkdə haqlıdır”.

Məruzədən sonra gənc istedadlar müstəqilliyimizə və milli birliyimizə həsr edilmiş şeirlər və mahnılar səsləndirmiş, zəngin konsert proqramı ilə çıxış etmişlər.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında