Macarıstan Respublikasının Hərbi Baş prokurorunun Azərbaycana səfəri

Azərbaycan Respublikası Hərbi prokurorunun dəvəti ilə Macarıstan Respublikasının Hərbi Baş prokuroru, general-leytenant Arpad Kovaçın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Macarıstanlı qonaqlar və Respublika Hərbi prokuroru Xanlar Vəliyev başda olmaqla prokurorluğun bir qrup əməkdaşı Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoymuş, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anmış, məzarı üzərinə gül-çiçək düzmüşlər.
Nümayəndə heyətinin üzvləri Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini anmış, məzarları önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra Macarıstan Respublikasının Hərbi Baş prokuroru Arpad Kovaçın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevlə görüşmüşdür.
Görüşdə Hərbi prokuror X.Vəliyev qonaqlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üçün dövlət səviyyəsində görülən tədbirlərdən, prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi bazanın yaradılmasından, Azərbaycan Hərbi Prokurorluğunun tarixi, strukturu, fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat vermişdir. O, ölkəmizin Macarıstan Respublikası ilə dostluq və əməkdaşlıq münasibətlərinin ildən-ilə inkişaf etdiyini bildirərək, bunun iki ölkənin hüquq mühafizə orqanları arasında əlaqələrin inkişafına yaxşı zəmin yaratdığını qeyd etmiş, bu əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlər olduğunu və həmin imkandan maksimum yararlanmağın vacibliyini vurğulamışdır.
Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev görüş zamanı həmçinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu, əsir düsmüş şəxslərə işgəncə verilməsi, terror və erməni silahlı qüvvələrinin digər cinayət əməlləri nəticəsində azərbaycanlıların soyqırıma məruz qaldığını, törədilmiş bu ağır cinayətlərin istintaqının Hərbi Prokurorluq tərəfindən aparıldığını bildirmişdir.
Yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə təşəkkürünü bildirən Arpad Kovaç hər iki ölkə Hərbi Prokurorluq orqanlarının maraqlarının təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını, dost Azərbaycana səfərindən xoş təəssuratlar aldığını vurğulamışdır. A. Kovaç Macarıstan ilə Azərbaycan, eləcə də müvafiq sturukturlar arasındakı münasibətlərin bundan sonra daim inkişaf edəcəyini bildirərək, ölkələrimizin hüquq-mühafizə orqanları ilə əlaqələrin daha da möhkəmlənməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini qeyd etmişdir.
Macarıstan tərəfinin təmsilçiləri Azərbaycan Respublikasının Hərbi Prokurorluq orqanları ilə hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını, bilik və təcrübələrini bölüşməyə, öz işləri barədə tanışlıq üçün şərait yaratmağa hazır olduqlarını bildirmiş, bu görüşlərin ölkələrimizin hərbi prokurorluq orqanları arasında əməkdaşlıqın inkişafına bir töhfə olacağına əminliklərini ifadə etmişlər. Macarıstan Respublikasının Hərbi Baş prokuroru Arpad Kovaç 2011-ci ilin sentyabr ayında Budapeştdə keçiriləcək Hərbi Cinayət Hüququ üzrə X Beynəlxalq Konfransa dəvət məktubunu Azərbaycan Respublikanın Hərbi prokuroru Xanlar Vəliyevə təqdim etmişdir.
Görüşdə Macarıstan və Azərbaycan hərbi prokurorluq orqanları üçün qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.
Səfər zamanı numayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev və Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general polkovnik Nəcməddin Sadıxov tərəfindən qəbul edilmişdir. Qəbul zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Tədbir çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Təlim Mərkəzində və digər hərbi hissələrində olmuş, şəxsi heyətlə görüşmüşlər.
Respublikamızın bir sıra görməli yerlərində olan qonaqlar həmçinin Qubada ermənilər tərəfindən soyqırıma məruz qalmış azərbaycanlıların kütləvi məzarlıq kompleksini ziyarət etmişlər.
Nümayəndə heyətinə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini, azərbaycanlı əhalinin soyqırıma məruz qalmasını əks etdirən kitablar və videomateriallar təqdim olunmuşdur.
Macarıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında