“Səbail gəncləri Vətənin müdafiəsinə hazırdırlar!”

Səbail gənclərinin bu yekdil qənaəti 162 saylı orta məktəbdə Səbail Rayon İcra Hakimiyyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirdiyi ümumrayon vətənpərvərlik toplantısında günün önəmli çağırışına cavab kimi səsləndi.

“Vətənin müdafiəsinə hazıram!” şüarı altında keçirilən, yerli qurumların rəhbərlərinin, SHXÇDX-nin rayon şöbəsinin şəxsi heyətinin,  əsgərlərin, müharibə veteranlarının və çağırış yaşı yaxınlaşan  məktəblilərin iştirak etdiyi görüşü giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirdi ki, babaların ən qiymətli əmanəti olan torpaqlarımızın qorunması, xalqımızın əmin-amanlığının təmin edilməsi bu gün gənclərimizin ciddi, təxirəsalınmaz borcu kimi qarşıda durur. Heç bir bəşəri normaya məhəl qoymayan, böyük dövlətlərin əlində alətə çevrilən Ermənistanın 30 ilə yaxın müddətdə ölkəmizlə qanlı və mənasız düşmənçiliyi davam etdirməsi gənclərimizin öz canlarını Vətənin canlı sipərinə çevirməsini tələb edir. Bu gün gənclərin bu gerçəkliyi dərindən anlaması olduqca önəmlidir. 

Eldar Ağayev sözünə davam edərək dedi ki, Azərbaycan rəhbərliyi yenidən qan axıdılmaması üçün illərdən bəri dözüm nümayiş etdirir, qanlı münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun, sülh yolu ilə həllinə çalışır. Ötən ilin aprelində Ermənistanın hərbi təxribatına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə qarşı tərəfə sarsıdıcı zərbələr vurulması da ağlını itirmiş düşmənə dərs olmadı. Hünər tariximizə “dördgünlük müharibə” adı ilə düşən həmin döyüşlərdə rayonun yetirməsi olan əsgər və zabitlər də  od-alovu yarıb keçənlərin sıralarında oldular. Göründüyü kimi, xalqımız ərazilərimizi hərbi yolla azad etməyə hazırdır, ölkəmiz düşmən üzərində üstünlüyünü daim artırır.

SHXÇDX-nin şöbə rəisi, polkovnik Rasim Şirinov isə qeyd etdi ki, torpaqlarımızın düşmən tapdağından azad edilməsində, ərazi bütövlüyümüzün təmin edilməsində gənclərin üzərinə düşən məsul vəzifələri Səbail gəncləri də kifayət qədər dəyərləndirirlər. Yeni nəsildə vətənpərvərlik hissinin yüksəldilməsi üçün xidmətin rayon şöbəsi silsilə tədbirlər keçirir. Çağırışçı gənclər isə əvvəlcə mütəxəssis hazırlığı məktəblərinə cəlb edilir, ordu sıralarına hazırlıqlı göndərilirlər.

Tədbirdə çıxış edənlər də gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin önəmini vurğuladılar, bu işi daha da gücləndirməklə bağlı mülahizələrini söylədilər.

Sonra  SHXÇDX-nin təsis etdiyi “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatlar bu fəaliyyətlərinə görə fərqlənənlərə təqdim olundu.

Görüş vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının və şagirdlərin özfəaliyyət kollektivlərinin vətənpərvərlik mövzusunda çıxışları ilə davam etdi.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında