Fövqəladə Hallar Nazirliyində dövlət və özəl tikinti şirkətləri rəhbərlərinin, mərkəzi icra hakimiyyəti orqanlarının tikinti təşkilatları nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir

Fevralın 10-da Fövqəladə Hallar Nazirliyində dövlət və özəl tikinti şirkətləri rəhbərlərinin, mərkəzi icra hakimiyyəti orqanlarının tikinti təşkilatları nümayəndələrinin, nazirliyin tikintidə təhlükəsizliyə nəzarət məsələləri üzrə cavabdeh şəxslərinin iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə Fövqəladə Hallar Nazirliyi ilə tikinti şirkətləri arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, tikinti sektorunda qanunvericiliyin tələblərinə əməl olunması və perspektiv məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə nazir Kəmaləddin Heydərov dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini deyərək Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti sayəsində ölkəmizin ciddi nailiyyətlərə imza atdığını bildirmişdir. Nazir sabit sosial siyasətin nəticəsi olaraq tikinti sektorunda da sürətli inkişaf tendensiyasının müşahidə edildiyini diqqətə çatdırmışdır.
K.Heydərov əvvəllər bu sahədə mövcud olmuş nöqsanlara toxunaraq demişdir ki, təəssüf ki, 2005-ci ilədək bu sahədə aparılan tikinti-quraşdırma işləri zamanı layihələrə, tikinti norma və qaydalarına, istifadə olunan tikinti materiallarının standartlara uyğunluğuna sistemli dövlət nəzarəti aparılmamışdır. Hətta çoxmərtəbəli binaların, insanların kütləvi şəkildə istifadə etdikləri obyektlərin təsadüfi, tikinti sahəsində müvafiq bilik və təcrübəyə malik olmayan şəxslər tərəfindən inşa edilməsi, dövlət ekspertizasından keçməyən, heç bir kommunal şəraiti olmayan və kommunikasiya xətlərinə qoşulmayan yaşayış evlərinin istismara verilməsi sakinlərin haqlı narazılıqlarına səbəb olmuşdur.
Nazir bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra ölkə ərazisində, o cümlədən Bakı şəhərində geniş vüsət almış tikinti işlərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə dövlət nəzarəti aparılmağa başlanılmış və bu istiqamətdə uğurlu addımlar atılmışdır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" məlum fərmanına əsasən, tikinti sahəsində dövlət nəzarətinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi, həmçinin hüquqi bazanın yaradılması istiqamətində də ciddi addımlar atılmış, müəyyən normativ aktlar qəbul edilmişdir. Bu addımlardan biri kimi hazırda yerli mütəxəssislərin və xarici ekspertlərin iştirakı ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi üzərində iş gedir və sənədin yaxın vaxtlarda müzakirəyə çıxarılması nəzərdə tutulur.
İclasa yekun vuran nazir Kəmaləddin Heydərov tikinti təşkilatlarını və şirkətlərini respublikada inşa olunan obyektlərin tikintisində keyfiyyətin yüksəldilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində nazirlik tərəfindən həyata keçirilən kompleks tədbirlərin reallaşdırılmasında fəal iştirak etməyə çağırmışdır.
Eyni zamanda xəbərdar etmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyən bütün fiziki və hüquqi şəxslərə qarşı cari ilin mart ayının 1-dən başlayaraq ciddi tədbirlər görüləcək, həmçinin materiallar hüquq mühafizə və məhkəmə orqanlarına göndəriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında