"224 qədim türk sözü"

Son illərdə Azərbaycanda sosial-iqtisadi inkişafla yanaşı, elmin, mədəniyyətin tərəqqisi sahəsində də mühüm addımlar atılmaqdadır. Bu tendensiyanı dilçilik sahəsində, xüsusən türk dillərinin oxşar cəhətlərinin qardaş xalqlar arasında yayılması sahəsində də müşahidə etmək mümkündür. Azərbaycan alimləri ümumi türk dilinin formalaşdırılması işinə öz layiqli töhfələrini vermək üçün əhəmiyyətli elmi və nəzəri axtarışlarını davam etdirir, eyni zamanda, gərəkli nəticələr əldə edirlər.
Bu baxımdan filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun keçən ilin sonlarında çapdan çıxmış "224 qədim türk sözü" kitabını türk dünyasının bir-birinə yaxınlaşması, birləşməsi, ortaq dəyərlər ətrafında toplaşması istiqamətində dəyərli töhfə hesab etmək lazımdır. Kitabda qədim türk sözlərindən bir qisminin - 224 sözün yazılı mənbələrdəki izləri araşdırılmış, həmin sözlər müqayisə, qarşılaşdırma və tutuşdurma yolu ilə tədqiqata cəlb edilmişdir. Maraqlı cəhətlərdən biri budur ki, müəllif kitabın ön sözündə əvvəlcə tədqiq etdiyi sözlərin hamısı haqqında ümumi məlumat verir, sonrakı fəsillərdə isə onları nitq hissələri - isimlər, sifətlər, saylar, əvəzliklər, fellər, zərflər, qoşmalar, bağlayıcılar, predikatlar şəklində qruplaşdıraraq izah edir. Bu da oxucunun tədqiq edilən sözlərin məna və məzmununu daha asan qavramasına kömək edir.
Maraqlı cəhətlərdən biri də budur ki, Buludxan Xəlilov tədqiqata cəlb etdiyi qədim türk sözlərini araşdırarkən Orxon-Yenisey yazılı abidələrinə, Mahmud Kaşğarinin "Divani-Lüğət-it-türk" əsərinə, Əhməd Yəsəvinin "Divani-hikmət"inə, Əhməd Yügnəkinin "Atəbətül-həqaiq" əsərinə, "Oğuznamə"yə, V.V.Radlov və L.Z.Budaqovun lüğətinə, "Qədim türk lüğəti"nə və digər mənbələrə istinad edir. Bu mənada "224 qədim türk sözü" kitabını təkcə türkoloqlar, folklorşünaslar, etnoqraflar, o cümlədən, dil-ədəbiyyat müəllimləri, doktorantlar, magistrlər, tələbələr üçün deyil, bütün geniş oxucu kütləsi üçün faydalı hesab etmək olar.
Müəllif on ikinci əsrdə yaşamış böyük türk mütəfəkkiri və şairi Əhməd Yəsəvinin türk dilinin geniş bir məkanda yayılmasında və şeir dili kimi tanınmasında göstərdiyi xidmətə çox böyük qiymət verir. Bildirir ki, Əhməd Yəsəvi türkcəni yüksəklərə qaldıran, ucaldan, onun üstünlüyünü ərəbdilli, farsdilli oxuculara çatdıran və xalq arasında sufiliyi yayan sənətkarlardan olmuşdur. Kitabda oxuyuruq: "Əhməd Yəsəvinin "Divani-hikmət"i Qaraxanlı türkcəsinin Xaqaniyyə ləhcəsində yazılmışdır. Müqayisə üçün qeyd edək ki, M.Kaşğarinin "Divani-lüğət-it-türk" əsəri də Xaqaniyyə ləhcəsində yazılmışdır. Bu ləhcə öz dövründə Türküstan ərazisinin ədəbi dili olmuş və ədəbi dil kimi öz dövrünün tələblərinə cavab vermişdir. Onu da qeyd edək ki, Xaqaniyyə ləhcəsinin lüğət tərkibindəki sözlər ortaq türk dilinin formalaşmasında istifadə olunacaq qaynaqlardan, mənbələrdən biri kimi olduqca dəyərlidir".
Qeyd etdiyimiz kimi, kitabda qədim türk sözlərinin mənaları nitq hissələri üzrə açılıb göstərilir. İsimlər "adaş" sözünün izahı ilə başlanır. Müəllif bildirir ki, qədim türkcədə bu söz "dost, aşna, yoldaş" və "dostluq etmək" mənalarında işlədilir. Azərbaycan dilində isə bu söz eyni bir adı daşıyan adamlara aid edilir, eyni zamanda, yaxın bir adama (dosta, qohuma, özündən böyüyə) müraciət forması kimi adaş sözündən istifadə olunur. Kitabda bu sözün başqa çalarları haqqında da ətraflı məlumat verilir.
Qədim türk sözlərindən olan "barış" sözünün bir neçə mənada işləndiyi bildirilir. Bunlardan biri yürüş, səfər, hərbi əməliyyat, yerimə, getmə, gəzmə, dolaşma, hərəkət etmə, səyahət, gediş mənasıdır. Müəllif qeyd edir ki, qara qırğızlar həmin sözü məhz bu mənada işlədirlər. Osmanlı, Krım türkləri isə bu sözü sülh, barış, barışıq, razılıq, icazə, barışdırma, barışma (sülh imzalamaq, razılaşmaq, barışmaq) mənalarında işlədirlər və s. Müəllif izah edir ki, barış sözü bar sözündən yaranmışdır. Bu söz bar və var şəklində yazılı mənbələrdə "getmək" mənasında işlədilmişdir.
Müəllif qeyd edir ki, qədim türkcədə quma sözü "quma qatun" şəklində işlənir və "qadın" mənasını bildirir. Azərbaycan dilinin dialektlərində bu söz quma - günü mənasını verir. Əgər bir kişinin iki qadını (həyat yoldaşı) varsa, onda onların hər ikisi bir-birinə quma - günü hesab olunur. Quma türkcə də eyni mənanı daşıyır. Qırğız dilində "kiçik qadın", cığatay dilində isə aşna, məşuqə, kəniz mənasında işlədilir.
Ümumilikdə Buludxan Xəlilovun "224 qədim türk sözü" kitabını müasir dilçiliyimizdə qiymətli əsər hesab etmək olar.{nl}

Mahmud QƏZƏNFƏROĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında