MDB və Şərqi Avropa dövlətləri ilə müqayisədə Azərbaycanda cinayətkarlığın səviyyəsi çox aşağıdır

Daxili işlər naziri general-polkovnik Ramil Usubov fevralın 8-də Niderland Krallığının ölkəmizdəki səfiri Arjen Peter Uijterlinde ilə görüşmüşdür.
DİN-in mətbuat xidmətindən bildirmişlər ki, R.Usubov qonağa nazirliyin funksiyası və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermiş, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda gərgin ictimai-siyasi vəziyyətin yarandığını, Ermənistanın hərbi təcavüzü nəticəsində kriminogen durumun daha da ağırlaşdığını, vətəndaş müharibəsi astanasında olan Azərbaycanın bu fəlakətdən ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və gördüyü qətiyyətli tədbirləri sayəsində qurtulduğunu, 1995-ci ilin sonlarından isə ölkəmizdə sabitliyin bərqərar edildiyini, əməliyyat şəraitinin tam nəzarətə götürüldüyünü vurğulamışdır.
Bildirilmişdir ki, beynəlxalq ekspertlərin iştirakı ilə ölkədə Avropa standartlarına uyğun yeni qanunlar qəbul olunmuş, əsas məqsədi insan hüquq və azadlıqlarının təmin edilməsi, ümumbəşəri dəyərlərin qorunması olan demokratik islahatlar həyata keçirilmişdir.
Nazir əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə Azərbaycanın MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutduğunu bildirmiş, cinayətkarlıqla mübarizədəki uğurların, sabitliyin dönməzliyinin təmin edilməsinin nəinki ölkə vətəndaşlarının, eləcə də əcnəbilərin təhlükəsizlik şəraitdə yaşayıb işləmələrinə imkan yaratdığını vurğulamışdır.
R.Usubov daxili işlər orqanlarının qarşılaşdığı problemlərdən də danışmış, transmilli mütəşəkkil cinayətkarlığa, onun getdikcə qlobal miqyas alan ayrı-ayrı növlərinə qarşı birgə mübarizə aparılmasının vacibliyini bildirmişdir.
Səfir Arjen Peter Uijterlinde ölkəmizdə diplomatik fəaliyyətə başladığı ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə dinamik inkişafın şahidi olduğunu söyləmişdir. O, Bakıda akkreditə olunmuş digər səfirlərin də mövqeyini ifadə edərək, Azərbaycanda cinayətkarlığın səviyyəsinin çox aşağı olduğunu, normal yaşamaq və işləmək üçün rahat və təhlükəsiz şərait yaradıldığını məmnunluqla vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında