Regionların sosial-iqtisadi inkişafı əhalinin rifah halını daha da yaxşılaşdırır

 

Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra da inamla qabağa aparmaq üçün biz lazım olan bütün məsələləri həll etməliyik. Onların içində əlbəttə ki, regional inkişaf proqramı xüsusi yer tutur. Əminəm ki, proqramda 2018-ci ilə qədər nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və əlavə məsələlər də proqrama daxil ediləcək.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Prezident İlham Əliyevin son  illərdə regionlara səfərləri, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın, fındıqçılığın, çəltikçiliyin inkişafı ilə əlaqədar ümumrespublika müşavirələri keçirməsini, strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullalrının istehsalının daha da artırılmasını diqqət mərkəzində saxlaması artıq öz bəhrəsini verir.

Dövlətimizin başçısının son ay ərzində  Qobustan,  Şamaxı, Göygöl, Goranboy rayonlarına, Gəncə şəhərinə, Ağcabədi, Tərtər, Sabirabad və Qubaya  səfərləri zamanı bir sıra yeni obyektlərin açılışılarında iştirakı, ictimaiyyətin nümayəndələri ilə görüşlərdə qeyri-neft sektorunun inkişafına bundan sonra da xüsusi önəm veriləcəyini bildirməsi regionlarda  əhalinin məşğulluğunun artırılmasında böyük rol oynayıb. “Azərbaycan brendi”nin dünya bazarına çıxarılması, strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının artırılması və ümumilikdə, qeyri-neft sektorunun inkişafı  dövlət büdcəsinin artımına da öz təsirini göstərmişdir.

Prezident İlham Əliyev regionlara son səfərləri zamanı əhali ilə keçirdiyi görüşlərdə  bundan sonra da Azərbaycanda sürətli iqtisadi inkişaf olacağını bildirmişdir. Son illər respublikamızda yaşanan iqtisadi inkişaf strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının, həmçinin əkin sahələrinin artırılması, regionlarda müasir tələblərə cavab verən zavodların fəaliyyətə başlaması, toplanılan məhsulun pulunun dərhal ödənilməsi, üstəlik dövlətin sahibkarlara, fermerlərə subsidiyalar verməsi əhalinin bu sahəyə olan marağını daha da artırıb. Ötən illə müqayisədə əkin sahələri daha  da genişləndirilib.  Bütün bunlar bir neçə il əvvəl müəyyənləşdirilmiş proqnozları artıq gerçəkləşdirib.

Qeyd etdiyimiz kimi, qeyri-neft sektorunun inkişafı dövlət büdcəsinin artımına da öz təsirini göstərib. Xəbər verilir ki, Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsi artıq Milli Məclisdə təsdiq olunub.  Büdcənin xərclər və gəlirlər hissəsinin 3 milyard manatdan çox artımla təsdiqlənməsi  ölkəmizin inkişafının göstəricisidir.  Bu, növbəti il iqtisadiyyatda canlanma yaranacağından da xəbər verir.

Dövlətimizin başçısı  regionlara səfərləri zamanı  sakinlərlə keçirdiyi görüşlərdə bu uğurlardan söhbət açarkən deyib ki, makroiqtisadi göstəricilərin yenidən yaxşılaşması hökumətə imkan verəcək ki, nəhayət, maaş və sosial ödəmələrdə illik inflyasiyanı nəzərə alaraq, artıma getsin.  İqtisadi yüksəliş  gələn ilin büdcəsində əmək haqlarının və sosial ödəmələrin artırılması üçün vəsait nəzərdə tutulacağına böyük ümid yaradır. Təbii ki, əmək haqlarının artması əhalinin alıcılıq qabiliyyətinin yenidən yüksəlməsi və beləliklə, iqtisadi canlanmaya təkan verməsi üçün iqtisadi alətlərdən biridir.

Qeyri-neft sektorunun inkişafı və regionlarda yeni infrastruktur layihələrin reallaşdırılması, bununla yanaşı, “Azərbaycan brendi”nin  xarici bazarlarda çoxalması neftin kəskin ucuzlaşmasından sonra  respublikamızda  baş vermiş iqtisadi geriləmələrin ardınca ölkə iqtisadiyyatının yenidən davamlı inkişaf mərhələsinə daxil olmasına imkan vermişdir.  Bu tərəqqi, təbii ki, əsasən, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun sürətli inkişafı hesabına baş verəcək.

Artıq xalqımız bu inkişafın bəhrəsini görür. Dövlət başçımızın regionlara səfərləri zamanı açılışını etdiyi zavodlar, istirahət mərkəzləri, istehsal müəssisələri, müasir tələblər səviyyəsində qurulmuş yol infrastrukturu, içməli su layihələrinin reallaşdırılması bir daha təsdiqləyir ki, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə başçısının  regionlara səfərləri zamanı da bu uğurların şahidi olduq. 

Son dövrlərdə ölkəmizdə sosial sahədə həyata keçirilən siyasətin tərkib hissəsi kimi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi  dövlətimizin qarşıya qoyduğu vəzifələrin prioritetinə çevrilib. Bu məqsədlə digər sahələrlə yanaşı, dayanıqlı və təmiz içməli su ilə təminatı, həmçinin kanalizasiya şəbəkələrinin yeniləşdirilməsi, müasir tələblərə cavab verən uşaq bağçaları, səhiyyə, təhsil müəssiələri, doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın  mənzil-məişət şəraitinin yaxşılaşdırılması  istiqamətində  icra edilən layihələrin həcmi getdikcə artırılır. Bu baxımdan “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması”, Bakı-Şamaxı avtomobil yolunun dörd  zolağa genişləndirilməsi layihələri, Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin salınması, həmçinin, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq,  yol infrastrukturunun yenilənməsi istiqamətində  görülən işlərlə tanışlığı  bir daha təsdiqlədi ki, əhalinin rifah halının yaxşılaşdırılması dövlət siyasətinin prioritetinə çevrilib.

Prezident İlham Əliyev Ağcabədi rayonuna səfəri zamanı 37 yaşlı Tarix-diyarşünaslıq muzeyinin yenidənqurmadan sonrakı açılışında, bütün zəruri sosial infrastrukturla tam təchiz edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının, həmçinin Olimpiya İdman Kompleksinin, yeni çörək və un məmulatları zavodunun açılışlarında iştirakı əhali tərəfindən böyük sevinclə qarşılanmışdır. Dövlət başçısının sərhəd bölgəsinə yaxın olan  "N" saylı hərbi hissədə yaradılan şəraitlə tanış olması əsgər və zabitlərimizdə böyük qürur hissi yaratmışdır. Ali Baş Komandanın cəhbə bölgəsinə səfəri, hərbiçilərlə görüşü, onlara yaradılan şəraitlə tanışlığı, şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxış keçirməsi əsgər və zabitlərimizin hərbi vətənpərvərlik hissini daha da gücləndirir. Hərbi hissədə qərargah binası, əsgər yataqxanaları, yeməkxana kompleksi, tibb məntəqəsi və digər zəruri binalar inşa olunub. 

Azərbaycanda son dövrlərdə ordunun modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlər ardıcıl  olaraq davam etdirilir. Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, son illər Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə maddi-texniki bazasını gücləndirib və haqlı olaraq, dünyanın ən güclü ordularından biri kimi tanınır. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən an düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Bütün bunlar xalqımızda bir daha əminlik yaradır ki, Vətənimizin bir qarış torpağı da işğal altında qalmayacaq və güclü, qüdrətli ordumuz işğalçı Ermənistan silahlı qüvvələrinə layiq olduğu yeri göstərəcək. Artıq ötən ilin aprel ayından  bu prosesə start verilib

Regionlarda yeni iş yerlərinin açılması, ən müasir standartlara cavab verən sənaye və istehsal müəssisələrinin yaradılması, səhiyyə sisteminin əsaslı şəkildə yenidən qurulması, sahibkarlıq fəaliyyətinə geniş meydan verilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsində, məşğulluğunun artırılmasında və sağlamlığının qorunmasında böyük rol oynayır. Ölkə başçısının Sabirabad rayonuna səfəri zamanı da bunun şahidi olduq. Rayonun ucqar Nizami kəndində  “Sabirabad Quşçuluq” MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin açılışı buna misal ola bilər. Fabrikin ərazisində 10 ferma binası, gücü saatda 5 ton olan yem zavodu tikilib. Burada ildə 109 milyon ədəd yumurta, 1,4 min ton quş əti və 750 min baş ətlik kənd toyuğunun istehsalı nəzərdə tutulub. Layihənin icrası nəticəsində 150 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Azərbaycan Prezidentinin  imzaladığı sərəncama əsasən, Sabirabad rayonunda yaradılacaq  Sənaye Məhəlləsi də yeni iş yerlərinin yaradılmasında böyük rol oynayacaq.  İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır. Rayonda yeni xəstəxananın tikilib istifadəyə verilməsi əhali tərəfindən hərarətlə qarşılanmışdır. Çünki hazırkı Mərkəzi xəstəxana  ötən əsrin 70-ci illərində inşa olunduğundan yararsız vəziyyətdədir. Ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuş  yeni  xəstəxanada əhalinin müayinə və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılıb.  Bu tibb ocağındakı cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, doğum, nevrologiya, anesteziologiya və reanimasiya, hemodializ, fizioterapiya, infeksion, poliklinika, təcili təxirəsalınmaz yardım şöbələri, klinik laboratoriya, şüa diaqnostika kabinetləri tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.

Buradakı şərait onu deməyə əsas verir ki, son illər səhiyyə sahəsində baş verən dəyişiklik bu sektorun dünyanın ən müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasının nəticəsidir. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionlarda ilk dəfə açıq ürək əməliyyatı, qaraciyərin köçürülməsi və digər mürəkkəb əməliyyatların aparılmasına imkan yaranıb. Bu illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıqlar, ilk növbədə, bir məqsədə – Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Dövlətimizin başçısı sakinlərlə keçirdiyi görüşlərdə regionlarda həyata keçirilən tədbirləri yüksək dəyərləndirmiş və bunu ölkəmizin iqtisadi gücünün artması ilə əlaqələndirmişdir:  “Bu, onu göstərir ki, ölkəmizin bütün bölgələrində gözəl imkanlar var. Bu, onu göstərir ki, Azərbaycan bundan sonra da sosial sahədə böyük uğurlara imza atacaq. Çünki belə xəstəxanaların tikintisi, əlbəttə ki, maliyyə vəsaiti tələb edir və bu, təmin olunur. Azərbaycan iqtisadiyyatı inkişaf edir, maliyyə vəziyyətimiz sabitdir, siyasətimiz sosialyönümlüdür və sosial sahənin inkişafı bizim prioritetimizdir. Ölkəmizin bütün bölgələrində müasir xəstəxanalar istifadəyə verilib. Hesab edirəm, 2019-cu ildə bir dənə də şəhər qalmayacaq ki, orada müasir tibb ocağı olmasın. Gələn il təqribən altı yeni mərkəzi rayon xəstəxanası açılacaqdır. 2019-cu ildə qalan xəstəxanalar da istifadəyə veriləcək və beləliklə, Azərbaycanın hər bir şəhərində ən müasir tibbi xidmət göstəriləcək”.

Ölkə rəhbərinin bugünlərdə Quba rayonuna səfəri də yerli sakinlər üçün əlamətdar olmuşdur. Çünki səfər zamanı Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi magistralının 45-202 kilometrlik hissəsində tikiləcək avtomobil yolunun təməli qoyulmuş, Quba “ASAN həyat” Kompleksinin, Bayraq Muzeyinin və  “Azərxalça” ASC-nin filialının, həmçinin 12 kəndin əhalisinin istifadə edəcəyi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasından sonra  açılış mərasimləri olmuşdur. Dövlətimizin başçısı Quba şəhərində  32 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması üçün Prezidentin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılması üçün sərəncam imzalamışdır.

Dövlətimizin başçısı  regionlarda sakinlərlə keçirdiyi görüşlərdə qarşıda duran vəzifələr barədə məlumat verərkən demişdir ki, planlarımız çoxdur.  Bu ilin uğurla başa çatdığını vurğulayan və gələn il fəal işləməyi tövsiyə edən respublikamızın rəhbəri 2018-ci ilin də ölkəmiz üçün uğurlu olacağına əminliyini ifadə etmişdir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında