Azərbaycanda əmək bazarı və peşə standartları

Avropa Təlim Fondunun (ATF) təşkilatçılığı ilə Bakıda “Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans öz işinə başlayıb. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa İttifaqının Əməliyyat Departamentinin rəhbəri Yeron Villems, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının  nümayəndələri, yerli və xarici ekspertlər iştirak edir.

S.Müslümov bildirib ki, qabaqcıl dünya təcrübəsi əmək bazarında işçilərin ixtisas biliklərinə və bacarıqlarına olan tələblərin elmi-metodiki əsasa malik ifadəsi kimi peşə standartları modelinin tətbiqinin alternativsiz olduğunu sübut edib: “Çünki peşə standartlarının tətbiqi nəticəsində əmək bazarında işçilərin peşə və ixtisaslarına olan tələblərlə bağlı daimi institutlaşmış informasiya bazası, kadr hazırlığı sistemində bu tələbləri müəyyən etməyə imkan verən mənbə formalaşır”. 

Bu gün hökumətin sosial inkişaf siyasətində əsas hədəflər sırasında da işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi, əhalinin əmək bazarının yeni tələbləri əsasında keyfiyyətli peşə təhsili xidmətləri ilə təmin edilməsi mühüm yer tutur. “2010-2015-ci illərdə ƏƏSMN-nin Dünya Bankı ilə birgə icra etdiyi  “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq  işəgötürənlərin istifadəsinə verilib. Növbəti 3-4 il ərzində 300 mövcud peşə standartının yenilənməsi, 500-dən çox yeni peşə standartının hazırlanması da planlaşdırılır.

Qeyd edilib ki, peşə standartları ilə bağlı məlumatları əks etdirən www.dios.az internet səhifəsidə də peşə standartları haqqında məlumat bazası mövcuddur və internet resursunun təkmilləşdirilməsi üzrə işlər aparılır.  Belə ki, son 8 ayda peşə standartlarının sayt üzərindən 35 min dəfədən çox yüklənməsi həyata keçirilib.

Diqqətə çatdırılıb ki, peşə standartlarının hazırlanması üzrə aparılan işlərin davamlılığını təmin etmək məqsədilə nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin tərkibində Peşə standartları sektoru yaradılıb. Peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi prosedurlarını tənzimləyəcək Qaydaların və metodiki tövsiyələrin layihəsi də hazırlanıb.

Dövlət başçısının fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən olunmuş vəzifələrin icrası olaraq informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması mexanizminin və işə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsinin hüquqi bazasının formalaşdırılması diqqətdə saxlanılır.  Bununla bağlı, ƏƏSMN ilə Təhsil Nazirliyi arasında razılaşdırılmış təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Təkliflərdə formal təhsildən kənar əldə edilmiş bacarıqların tanınması prosedurunu həyata keçirəçək Sertifikatlaşdırma Mərkəzinin, müxtəlif iqtisadi sahələr üzrə ekspertlər şəbəkəsinin yaradılması və s. məsələlələr yer alır.

Statistik məlumatlara əsasən ölkənin əmək qabiliyyətli əhalisinin yalnız 32 faizi ixtisaslıdır. Peşə standartı işçinin işə qəbul olunması və karyera yuksəlişinin planlaşdırılmasında, işəgötürənin tələblərinə cavab verə biləcək kadr potensialının formalaşdırılmasında, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatında əsas alət rolunu oynayır.

Əmək bazarında tələb və təklifin proqnozlaşdırılması kimi vacib funkiyanı yerinə yetirəcək institusional sistemin, Milli Observatoriyanın yaradılması ölkə iqtisadiyatı üçün əhəmiyyətli olacaqdır.

 Y.Villems ölkəmizdə qabaqcıl beynəlxalq təcrübə əsasında və ATF-in dəstəyi ilə peşə standartlarının hazırlanması prosesinin həm iqtisadi inkişafın, həm də əmək resurslarının səmərəli məşğulluğunun təmin olunmasında xüsusi önəm kəsb etdiyini, Aİ-nin Azərbaycan üzrə Nümayəndəliyinin qarşıdakı dövrdə də bu işlərə dəstək vermək məramında olduğunu vurğulayıb.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında