Zaqatala: uğurlu göstəricilər bütün sahələri əhatə edir

Payızın son günləri.  Zaqatala əhalisinin sevimli istirahət yeri olan Dədə Qorqud meydanı. Haqqında dəfələrlə söz açdığımız, təbiətin möcüzəsi hesab edilən 750 yaşlı və gövdəsinin diametri 6-7 metr olan  məşhur Çinar ağacı burada yerləşirdi. El arasında Qala düzü pilləkənləri adlanan, 1946-cı ildə inşa edilən, sayı 128 olan pilləkənlər də  bu ərazidədir. Amma indi o faktların heç biri barədə söz açmaq istəmirəm. Meydan boyu addımladıqca, yerə tökülmüş payız yarpaqlarının hər birini ağacların torpağa hesabatının vərəqələri kimi görürəm. Külək yarpaqları o tərəf-bu tərəfə çevirdikcə, adama elə gəlir ki, torpaq ağacın hazırladığı hesabat vərəqəsinin o biri üzünü də oxumaq istəyir. Niyə də oxumasın? Axı, ilboyu həmin ağacların hamısı məhz ana torpağın “vəsaiti,  imkanları” üzərində boy atıb, bəhər verib,  sərinliyə ehtiyacı olan minlərlə insana və quşlara kölgəlik olub.  İndi “hesabat verən”  ağaclar da  haqlıdır, o hesabatı  vərəq-vərəq çevirib oxuyan torpaq da...

Elə, cəmiyyətdə də belədir.  Hamı  hesabat verir. İstifadə etdiyimiz təqvim ilinin başa çatmaqda olduğunu, zaqatalalıların bu ilin hesabatını necə verəcəyini düşündüyüm zaman Dədə Qorqud meydanından xeyli aralıda olan, amma rahatca gördüyümüz  meşəli dağların yuxarı hissələrinin qarla örtüldüyünü müşahidə edirəm. Dağların üzü ağdır.  Tam əminəm ki, ilin son günlərində hesabat verməli olacaq Zaqatala camaatının da üzü elə o dağlar kimi ağdır. Çünki bu diyarda el üçün, Vətən, dövlət, milli maraqların təmin edilməsi üçün işləməyən bircə adam da olsun, görmək mümkün deyil. Camaat işgüzar, fərasətli, rayon rəhbərliyi prinsipial, qətiyyətli, təbiət isə əsrarəngiz və bərəkətlidirsə, burada hazırlanan hesabatlar mütləq üz ağardacaq. 

Dədə Qorqud meydanında rastlaşdığım bir ağsaqqaldan soruşdum ki, başa çatmaqda olan il yaddaşınızda necə qalır,  bu il sizin üçün nələrlə əlamətdar oldu? Ağsaqqal öz şəxsi həyatı barədə xeyli danışdıqdan sonra əlavə etdi ki, bu il bizim rayonumuz üçün də çoxsaylı əlamətdar faktlarla zəngin oldu:

 – Prezident İlham Əliyev bu il də Zaqatalaya gəldi.  Bu səfər zamanı rayonumuzda iki zavodun açılışı oldu. Bu il  ölkədə ilk dəfə olaraq məhz Zaqatalada Fındıq festivalı keçirildi. Uzun illərin fasiləsindən sonra yenidən başladığımız tütünçülükdə və baramaçılıqda  kifayət qədər uğular əldə edildi. Təbii ki, bütün bunlar cənab dövlət başçısının tövsiyə və tapşırıqlarının lazımi səviyyədə yerinə yetirilməsinin nəticəsidir.  Bütün bunları təşkil etmək o qədər də asan məsələ deyil. Rayonumuzun indiki rəhbərliyi bu işin öhdəsindən bacarıqla gəlir. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Zaqatala iqtisadiyyatının bütün sahələrini elə o sahələrin mütəxəssisləri qədər dərindən bilir. Uğurların təməlində də məhz həmin bilik, bacarıq və dövlət qarşısındakı məsuliyyət dayanır...

Həmsöhbətimin həmin  fikirlərindən sonra   Azərbaycan Prezidenti İlham Əliyevin bu il avqustun 3-də Zaqatalada  rayon ictimaiyyətinin nümayəndələri ilə  görüşdə səsləndirdiyi fikirlərin bəziləri ilə yenidən maraqlandım. Dövlət başçımız o zaman demişdi ki,  indi əsas vəzifəmiz təbii imkanlarımızdan, iqlim şəraitimizdən istifadə edərək maksimum dərəcədə kənd təsərrüfatını inkişaf etdirməkdir.

Bəli, kənd təsərrüfatını maksimum dərəcədə inkişaf etdirmək mühüm məsələdir və qətiyyətlə deyə bilərik ki, Zaqatalada bu tapşırıqlar  məhz dövlət başçımızın tələb etdiyi səviyyədə icra edilir. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə söhbətimizdə də bu barədə kifayət qədər danışıldı. Mübariz müəllim qeyd etdi ki, respublikamızın ən iri tütünçülük rayonlarından olan Zaqatalada builki mövsümdə 891 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 363 ton və ya 1,7 dəfə artıb. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərib. Belə ki, 2017-ci ildə rayonda tütünçülük sahəsində 2236 nəfər işlə təmin olunub.

Xatırladaq ki,  Prezident İlham Əliyev Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış olarkən, ona məlumat verilmişdi  ki, müəssisənin illik gücü bir növbədə 3300-3600 tondur.  Zavod ABŞ, İtaliya və Bolqarıstan istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Hazırda Zaqatala, Şəki və Qax rayonlarında Bolqarıstandan alınmış hər birinin tutumu 10 ton yaş tütün olan cəmi 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi fəaliyyət göstərir. Hər məntəqə mövsüm ərzində 10 min ton yaş tütün qəbulu və 1000 tona yaxın quru tütün əldə etmək gücünə malikdir. Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün “Azərtütün” MMC-nin tütün emalı zavoduna təhvil verilir. Hər bir məntəqədə 90 nəfər çalışır ki, onların da 25 nəfəri daimi işçidir. Yəni zaqatalalı  fermer və sahibkarlar  istehsal  etdikləri məhsulun alıcısını da, emalçısını da bilavasitə öz rayonlarında tapdıqlarına görə bu sahəyə maraq göstərənlərin sayı ildən-ilə deyil, aydan-aya çoxalır.

Mübariz müəllim kənd təsərrüfatının daha gəlirli sahələrindən olan fındıqçılıq barədə də danışdı. Qeyd etdi ki, son iki ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan artırılaraq 17 min hektara çatdırılıb. Keçən il rayonda 8,9 min ton fındıq istehsal olunub. Cari ildə isə fındıq istehsalının 13 min tona çatacağı gözlənilir. 2016-cı ildə rayonda fəaliyyət göstərən emal müəssisələri tərəfindən xarici ölkələrə 91 milyon manat dəyərində fındıq məhsulu ixrac olunub. Cari ildə fındıq ixracının 120 milyon manata çatacağı proqnozlaşdırılır. Bu ilin ötən 10 ayı ərzində Zaqatalanın emal müəssisələri tərəfindən xarici ölkələrə artıq 95 milyon manat dəyərində fındıq məhsulları ixrac edilib. Xatırladaq ki, Zaqatala fındığı Rusiya, Almaniya, İtaliya, Litva, Estoniya, Danimarka və digər ölkələrə ixrac olunur.

 Qeyd etdiyimiz kimi, bu ilin noyabr ayında  Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib. Tədbirdə qeyd edilib ki,
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda ildə təqribən 35 min ton fındıq istehsal olunur. Rayon icra hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan festivalda respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, o cümlədən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, təşkilatçı qurumların rəsmiləri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, rayon sakinləri iştirak ediblər.

Festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını nümayiş etdirmək olub. Qeyd edilib ki, fındıqçılıq hazırda Zaqatala rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur.  Tədbir iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıqdan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olublar. Ən gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işi, ən gözəl fındıq geyimi, fındıqla bağlı ən zəngin məlumat lövhəsi, fındıq ləpəsinin qısa müddətdə ipə düzülməsi, ən qısa müddətdə fındığın qırılması, ləpənin təmizlənməsi və digər müsabiqələr festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin təşkilatçıları əmindirlər ki,  adıçəkilən sahənin daha da inkişaf etdirilməsində  bu festivalın xüsusi əhəmiyyəti olacaq.

 Öyrəndik ki, qızılgülü, fındığı, şabalıdı, çayı ilə məşhur olan Zaqatalada vaxtılə baramaçılıq da inkişaf etmişdi.  Zaqatalalılar yenidən həmin ənənəni davam etdirməyə başlayıblar. Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tövsiyələrinin icrası olaraq, ötən il 2007-ci ildən bəri ilk dəfə 70,7 ton yaş barama məhsulu istehsal olunub, 1250-yə yaxın kümçü ailəsi 600 min manata yaxın gəlir əldə etmişdir.  Bu il isə,   Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə alınıb gətirilən 6 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu toxumunun 420 qutusu inkubasiyaya qoyulmaq üçün Zaqatala barama toxumu zavoduna verilib və rayonun mütəxəssisləri tərəfindən inkubasiya edilib. Toxumlardan əldə olunan ipəkqurdları bölgü əsasında Zaqatala rayonunun  kümçülərinə paylanılıb. Qısa müddətdə olsa da, gərgin zəhmət çəkən zaqatalalı kümçülər  “Şəki-İpək” ASC-yə 21 min 300 kiloqramdan çox barama təhvil verərək  proqnoz tapşırıqları 101,5 faiz yerinə yetiriblər.

Amma Zaqatala bu gün təkcə aqrar sektor və emal sənayesi ilə deyil, eləcə də turizm potensialının zənginliyi baxımından Azərbaycanın ən cəlbedici rayonlarından biridir. Əlverişli iqlim şəraiti və əsrarəngiz təbiəti ilə seçilən, “qızılgüllər diyarı” kimi tanınan Zaqatala həmişə yerli və xarici turistlərin diqqətini  cəlb edib. Rayonu əhatə edən Böyük Qafqaz sıra dağları, zəngin bitki örtüyünə malik yaylaları, buz kimi sərin dağ çayları, təbii landşaftı qorunub saxlanan meşələri, özünəməxsus arxitekturası ilə seçilən tarixi-memarlıq abidələri, təbii parkları, həmçinin multietnik mədəniyyəti və folkloru burada turizmin bir çox növünün inkişafına zəmin yaradıb.

Dünya Turizm Günü və Azərbaycanda Turizm İşçiləri Günü peşə bayramı ilə əlaqədar sentyabrın 27-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə  də bu barədə əhatəli şəkildə söz açılmışdı. Qeyd edilmişdi  ki, hazırda rayon ərazisində 11 turizm obyekti fəaliyyət göstərir. “Qrata”, “Zaqatala”, “İş”, “Turqut” otellərində, “Ləzzət”, “Dost qapısı” və digər ailəvi istirahət mərkəzlərində turistlərə müasir standartlara uyğun xidmətlər göstərilir. Bundan əlavə, Car, Qəbizdərə, Mazıx və digər dağ kəndlərində turistlərin yerləşməsi üçün hər cür şəraiti olan onlarca fərdi qonaq evi var. Zaqatala şəhərindəki IV-V əsrlərə aid alban məbədi, 1830-cu ildə tikilmiş Zaqatala qalası, Car kəndindəki XIV əsrə aid Cingöz qala, Yuxarı Çardaxlar kəndindəki V əsrə aid Pəri qalası, Mosul kəndindəki minarə, həmçinin rayonun əsrarəngiz təbiət guşələri turistlər üçün həmişə böyük maraq kəsb edir. Son illər rayona gələn xarici turistlərin sayında da xeyli artım müşahidə olunur. Əcnəbi turistlər arasında Türkiyə, İsrail, Almaniya, Avstriya, ABŞ, Rusiya və Avstraliyadan gələnlər üstünlük təşkil edirlər.

Əziz oxucu! Bu gün Zaqatalada görülən işlərdən nə qədər istəsən, söhbət açmaq olar. Hər gün simasını dəyişən, yeni-yeni yollar, parklar salınan bu gözəlliklər diyarında hara baxırsan, qürur hissi keçirirsən. Turizm sahəsindən danışdıq.  Bölgənin turizm potensialı və bu sektorun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə  yazırıqsa, sonda mütləq bir qeydimiz də olmalıdır:  Gələrsiniz, görərsiniz.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında