Qaraxanbəyli Naxçıvan şəhərinin müasir yaşayış məntəqəsinə çevrilib

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası ölkəmizə tərəqqi, xalqımıza firavanlıq və rifah bəxş edib. Bu yolun uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında quruculuq tədbirlərinin əhatə dairəsini xeyli genişləndirib. Hər il kəndlərdə müasir infrastruktur yaradılır, yeni sosial obyektlər inşa olunur, yollar çəkilir, əhalinin rahat yaşayışı təmin edilir.

 

Qaraxanbəyli Kənd Mərkəzi istifadəyə verilib

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 2-də Qaraxanbəylidə yeni kənd mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov kənd mərkəzinin açılışını bildirən lenti kəsib, dövlət qurumlarının fəaliyyəti üçün yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, kənd mərkəzində rabitə evi, polis sahə, feldşer-mama və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, statistika işçisi üçün otaq, mədəniyyət evi və 44 yerlik zal yerləşir. Yaradılan müasir iş şəraiti və idarəetmənin səmərəli təşkili sakinlərə göstərilən xidmətin səviyyəsini xeyli yüksəldəcəkdir. Kənd kitabxanasında 7300-dən artıq kitab vardır. Kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.

Ali Məclisin sədri kənddə baytarlıq xidmətinin təşkili ilə maraqlanıb, müvafiq tapşırıqlar verib.

Rabitə evində poçt bölməsinin fəaliyyəti təmin edilib, 640 yerlik ATS quraşdırılıb, kəndə 4470 metr məsafədən fiber-optik kabel xətti çəkilib, sürətli internetə çıxış imkanı yaradılıb. Hazırda kənddə 632 telefon və 200-dən artıq internet istifadəçisi vardır.

Kənddə tibb xidməti günün tələbləri səviyyəsində təşkil olunub. 4 otaqdan ibarət olan feldşer-mama məntəqəsində ilkin tibbi yardım avadanlıqları və peyvənd çantası qoyulub, məntəqə dərman preparatları ilə təmin edilib.

 

Qaraxanbəyli kənd avtomobil yolunun açılışı olub

 

Hər bir yaşayış məntəqəsinin inkişafında müasir yol infrastrukturunun yaradılması vacib məsələdir. Çünki abad yol rahat yaşayış deməkdir. Qaraxanbəylidə aparılan abadlıq-quruculuq işləri çərçivəsində kənd yolu da yenidən qurulub.

Dekabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qaraxanbəyli kənd yolunun açılışını edib.

Məlumat verilib ki, 1260 metr uzunluğundakı yol yenidənqurma işləri zamanı genişləndirilib, yola keyfiyyətli asfalt örtük salınıb. Yolun hər iki kənarında hasarlar çəkilib, piyada yolu salınıb, körpü yenidən qurulub. Tikinti işləri zamanı həyətyanı sahələrdə sökülən yardımçı binalar yenidən tikilib, kənddaxili məhəllələr abadlaşdırılıb.

 

Xidmət mərkəzi fəaliyyətə başlayıb

 

Dekabrın 2-də Qaraxanbəylidə xidmət mərkəzinin açılışı olub.

Ali Məclisin sədri açılışı bildirən lenti kəsib.

Bildirilib ki, xidmət mərkəzinin fəaliyyəti kənd əhalisinin tələbatına uyğun qurulub. Binada bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi otağı və üç anbar vardır. Ərzaq mağazasında ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir. Mərkəzdə xidmət sahələrinin fəaliyyəti üçün müasir şərait yaradılıb, 7 sakin işlə təmin olunub.

Ali Məclisin sədri Qaraxanbəyli kənd sakinləri ilə görüşüb, onları kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək deyib: Qaraxanbəyli kəndi Naxçıvan şəhərinin müasir və abad yaşayış ərazisinə çevrilib. Naxçıvan şəhərinə birləşdirildikdən sonra Qaraxanbəylidə şəhər infrastrukturu yaradılmış, geniş quruculuq işləri aparılmış, yeni içməli su və kanalizasiya sistemləri qurulmuş, elektrik, qaz və rabitə sistemləri yenilənmişdir. Bu il isə Qaraxanbəylidə müasir yol infrastrukturu yaradılmış, kənd mərkəzi tikilmiş, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, feldşer-mama məntəqəsinin və digər qurumların səmərəli fəaliyyəti təmin olunmuşdur. Yaxın günlərdə isə kənddə müasir məktəb binası istifadəyə veriləcəkdir. Həyata keçirilən bu tədbirlər 3500-dən artıq sakinin rahat yaşayışına xidmət edir.

Ali Məclisin sədri deyib: Bu il ölkəmizdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü qeyd olundu. 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası 1993-cü ildə ulu öndərin xalqın təkidli tələbi ilə ölkəmizdə hakimiyyətə qayıdışı ilə hakim partiyaya çevrildi. Ötən dövrdə görülən işlər və qazanılan nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin və bu siyasi xəttin Azərbaycanda uğurla davam etdirilməsinin təntənəsidir.

Qeyd olunub ki, bu gün qarşıda duran əsas vəzifə yaradılan şəraitin qədrini bilmək və onlardan səmərəli istifadə etməkdir. Kəndin çətinlikləri, problemləri həll olunub. Sakinlər tikilənləri, qurulanları qoruyub saxlamalı, kəndin abadlığına və yaşıllıqların artırılmasına bundan sonra da diqqət yetirilməlidir.

Ali Məclisin sədri bir daha sakinləri təbrik edib, onlara firavan həyat arzulayıb.

Qaraxanbəyli kənd sakini, ziyalı Azad Şirzadov deyib: Kəndimizdə iki ildir ki, geniş quruculuq işləri aparılır. Ötən il müasir içməli su və kanalizasiya sistemləri istifadəyə verildi. Vaxtilə kəndimizdə dövlət qurumları uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Bu gün isə kənd və xidmət mərkəzləri, eləcə də müasir yol istifadəyə verilir. Sovet dövründə 70 il ərzində görülən işlərlə müstəqil Azərbaycanda son 25 ildə görülən işləri müqayisə etdikdə aydın olur ki, müstəqillik illərində həm kəmiyyət, həm də keyfiyyət baxımından böyük inkişafa nail olmuşuq. Bu gün Naxçıvanda tikilən məktəblər, bütün sahələr üzrə yaradılan müasir infrastruktur dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq səviyyədədir. Bu inkişafı kəndimizə gələn xarici ölkə vətəndaşları da etiraf edirlər. Bütün bunların bir səbəbi vardır: o da ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin ölkə başçısı tərəfindən uğurla davam etdirilməsidir. Bu gün biz həm müstəqilliyimizin, həm də inkişaf edən firavan dövlətimizin bəhrəsini görürük.  

Kənd sakini Hökümə Mahmudova qeyd edib ki, aparılan quruculuq işləri, yaradılan şərait sakinlərə rahatlıq bəxş edir. Vaxtilə su və kanalizasiya sistemlərinin olmaması ən çox qadınları çətinliklər qarşısında qoyurdu. Bu gün isə hər mənzilin daimi suyu, işığı, qazı, bir sözlə, rahat yaşayış şəraiti var. Bütün bunlar təkcə bir yaşayış məntəqəsinin müasirləşməsi deyil, həm də dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının ifadəsidir.

*  *  *

Kənddə 2040 metr yeraltı rabitə və 6 min metrə yaxın yeraltı elektrik xətti çəkilib, 3767 metr qaz xəttində təmir-bərpa işləri aparılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında