Məqsəd cəmiyyətə inteqrasiyadır

Gənclər və İdman Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşlıq şəraitində təşkil etdiyi əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları başa çatıb və 3 dekabr – Beynəlxalq Əlillər Günü ərəfəsində yarışların qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, həmçinin, əlil ictimai birliklərinin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin sosial müdafiə sahəsinə diqqət və qayğısının əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində dövlət siyasətinin ildən-ilə güclənməsinə imkan verdiyini vurğulayıb. Nazir Prezidentin “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər” – sözlərinin bu gün əlilliyi olanların cəmiyyətə inteqrasiyasının əsas məramını ifadə etdiyini bildirib. ƏƏSMN tərəfindən bu məqsədlə həyata keçirilən tədbirlərin mühüm bir istiqaməti əlilliyi olan şəxslərin istedadlarının, bacarıq və qabiliyyətlərinin aşkara çıxarılaraq dəstəklənməsinə və cəmiyyətə tanıdılmasına yönəldiyini diqqətə çatdırıb.

Bildirilib ki, qeyd olunan proqramlardan əlavə, eyni zamanda nazirliyin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə reabilitasiyasına cəlb olunmuş gənclərin, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindəki uşaqların, ayrı-ayrı əlilliyi olan şəxslərin bacarıq və qabiliyyətlərinin ictimaiyyətə təqdim edilməsi üçün müxtəlif məkanlarda tez-tez sərgilər də təşkil olunur. Cəmiyyət tərəfindən rəğbətlə qarşılanan bu kimi tədbirlər əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara öz istedadları müqabilində ictimai-mədəni həyatda fəal iştirak imkanı da qazandırır.

Tədbirdə iştirak edən yunan-Roma güləşi üzrə Olimpiya çempionu, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov ölkəmizdə idman hərəkatının getdikcə gücləndiyi şəraitdə əlilliyi olan şəxslərin də idmana maraqlarının artırılması və idman bacarıqlarının üzə çıxarılması üçün təşkil olunan tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıb.

İkiqat Paralimpiya Oyunları və ikiqat dünya çempionu, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev əlilliyi olan şəxslərin idmana cəlb edilməsinin həmin insanların idmanın bu və ya digər növündə potensial imkanlarının aşkar edilməsində mühüm rol oynadığını, ƏƏSMN tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin çox önəmli olduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər Beynəlxalq Əlillər Günü ərəfəsində təşkil olunan bu tədbirin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Daha sonra yarışlarda I, II və III yerləri tutmuş şəxslərə diplom və mükafatlar, yarışların final turunun digər iştirakçılarına pul mükafatları və təşəkkürnamələr təqdim olunub.

Eyni zamanda, tədbirdə “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı” çərçivəsində ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən Türkiyədəki müvafiq reabilitasiya mərkəzlərində təcrübə səfərində olaraq, Avropa İttifaqının Avropa Könüllülük Proqramı Çərçivəsində keçirilən “Əngəlsiz gülümsə” layihəsində iştirak etmiş 10 nəfər sağlamlıq imkanları məhdud gəncə sertifikatlar verilib.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında