Lənkəranda növbəti xeyriyyə aksiyası

IDEA İctimai Birliyi ayrı-ayrı bölgələrdə aztəminatlı ailələr üçün meyvə bağları salmaq aksiyalarını həyata keçirir.

İctimai Birlik növbəti aksiyasını Lənkəranda keçirib. Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş 2 şəhid ailəsi və 1 nəfər Qarabağ veteranının üzvü olduğu aztəminatlı ailə üçün rayonun Moğonojba kəndi ərazisində yeni çəkilən Ələt-Astara magistral yolunun kənarında şəhər rəhbərliyi tərəfindən ayrılmış ümumi sahəsi 2 hektar olan torpaq sahəsində 3 meyvə bağı salınıb. Bağlarda ümumilikdə 1100 ədəd ekzotik sitrus meyvəsi – məhsuldar feyxoa ağacı əkilib. Yeni əkilən ağaclar suvarılaraq dayaqlarla bərkidilib.

Bu münasibətlə keçirilən mərasimdə IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, “Cavan” Gənclər Hərəkatının könüllüləri, rayon ictimaiyyətinin və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd edib ki, maarifləndirmə yolu ilə gəncləri və yeniyetmələri ətraf mühitin və ekologiyanın qorunması işlərinə cəlb etməyi qarşısına məqsəd qoyan IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, tanınmış gənc ictimai xadim Leyla xanım Əliyevanın rəhbərliyi ilə geniş fəaliyyət göstərərək qısa zamanda böyük uğurlar qazanıb. Təşkilatın təşəbbüsü ilə ölkədə ağacəkmə aksiyalarının keçirildiyini, təmizlik işlərinin aparıldığını, tullantıların yığıldığını, nadir heyvan və bitki növlərinin qorunmasına davamlı olaraq qayğı göstərildiyini söyləyən natiq bu tədbirlərdə lənkəranlıların yaxından iştirak etdiyini vurğulayıb. O deyib ki, bu tədbirlər gənclərin və yeniyetmələrin ekoloji tərbiyəsi ilə yanaşı, onlarda Vətənə məhəbbət, doğma təbiətə qayğıkeş münasibət formalaşdırır. IDEA İctimai Birliyinin həyata keçirdiyi xeyirxah təşəbbüslərin bundan sonra da rayon gəncləri tərəfindən dəstəklənəcəyi şübhəsizdir. 

Sonra Taleh Qaraşov feyxoa ağaclarının əkildiyi torpaq sahələrinin mülkiyyət hüququna dair şəhadətnamələri Aprel döyüşləri zamanı şəhid olmuş Rusif Ağayevin atası İbrahim Ağayevə, Əlizamin İslamovun anası Hurinisə Kərimovaya və Qarabağ müharibəsi veteranı Sayyad Ağayevə təqdim edib. Sonra bağlarda birgə ağacəkmə aksiyasi reallaşdırılıb. 

Mərasimin sonunda milli musiqi sədaları altında gənclərin flaşmob aksiyası keçirilib.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında