O köç haçan qayıdacaq?!.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qışa qalmaz,

Gələn köç qışa qalmaz.

Allah kərim Allahdır-

O yurd bayquşa qalmaz.

* * *

... Mən o vaxt orta məktəbdə oxuyurdum. Xalq yazıçısı Əli Vəliyev altmış illik yubileyi ərəfəsində bir neçə nəfər həmkarı ilə dünyaya göz açdığı kəndimizə gəlmişdi. Ziyalılarla, ağsaqqallarla birlikdə uşaqlığı, gəncliyi keçdiyi yurdla görüşürdü... O təmtəraqdan uzun bir zaman ötəndən, doğma od-ocaq erməni əsirliyinə düşəndən, yazıçının soydaşlarının məzarları düşmən tapdağında qalandan 30-40 il sonra günlərin birində televiziyada bir sənədli film göstərdilər. Orada Xalq yazıçısının  kəndə o vaxtkı gəlişindən bəhs olunurdu. Kadrlarda Əli Vəliyevin doğulduğu ev, həyət-baca, məktəb, qoyun-quzu otardığı çöl-çəmən, Salvartı, İşıqlı dağları... bir-birini əvəzləyən anlarda mən sanki sehrli Sümurq quşunun qanadlarında uçub indi çox-çox uzaqlarda qalan o  kimsəsiz yurdu yenidən addım-addım gəzirdim…

… İşıqlı və Salvartı dağları ilə əhatələnən və qədim “ud” türk tayfasının adı ilə bağlı olan (akademik Ziya Bünyadov) Ağudi kəndi Zəngəzur mahalında Sisyan rayonunun ən  böyük yaşayış məntəqəsi idi. Düşmən zaman-zaman bu yurdda ağlasığmaz vəhşiliklər edib, qocaları, qadınları, uşaqları qılıncdan keçirib, mal-mülkü yağmalayıb, evləri yandırıb. Ən dəhşətli  qanlı cinayət hadisələri isə 1918-ci ildə türk xalqının cəlladı Andronik Ozanyan tərəfindən törədilib, adamlar məscidə doldurularaq, vəhşicəsinə yandırılıb, canlarını qurtaranlar isə aran-dağ didərgin düşüblər.

İnsanlığa sığmayan belə saysız-hesabsız əməllər əvvəlcədən düşünülüb, götür-qoy edilib. Yazıçı Əyyub Abbasovun ötən əsrin 50-ci illərində qələmə aldığı və Andronikin vəhşiliyindən bəhs edən məşhur “Zəngəzur” romanında oxuyuruq:
“...İkimərtəbəli evin qabağında böyük bir izdiham vardı. Öz aralarında kədərli-kədərli danışan, cır-cındalı adamlar nə isə bir xəbər gözləyirdilər. Bir xeyli keçəndən sonra 58-60 yaşlarında, orta boylu, rus generalı paltarında bir adam içəridən balkona çıxdı. Onu görən kimi hamı: - Andronik paşa! Andronik paşa! - deyə əl çaldı. Andronik əlini qaldırıb onların sakit olmalarına işarə etdi. Hamı sakit olub, gözünü ona dikdi. Andronik dedi: - ...Mən türklərdən Türkiyədə intiqam ala bilmədimsə, Qafqazda, bax, bu Zəngəzurda alacağam. Gözləyin, o günü gözləyin!..”.

Andronik Zəngəzurun Gorus adlanan türk yaşayış məntəqəsində ermənilərə verdiyi bu vədi az sonra qeyd etdiyimiz kimi, gerçəkləşdirir, soydaşlarımızın başına olmazın müsibətlər gətirir, ən ağır faciələr, ən dəhşətli qətliamlar törədir. 

Torpağa, yurda bağlı olan adamlar ara sakitləşəndən sonra təzədən doğma od-ocaqlarına dönür, 1988-ci ilin payızına kimi dədə-baba yurdlarında yaşayırlar…    

* * *

 ...İşıqlı dağının ətəyində, bizim yurd yerinin yaxınlığında tarixi uzaq qərinələrə gedib çıxan “Kənd yeri” adlanan bir yaşayış məntəqəsinin itib-batmaqda olan qəbiristanlığını indi də yaxşı xatırlayıram. Uşaq vaxtı eşitmişdim ki, oradakı məzarlardan birinin sinə daşında ərəb qrafikası ilə  işləmələri tədqiq edən tarixçi-arxeoloq deyibmiş ki, burada zəngin, varlı ömür sürən bir şəxsin vəsiyyəti yazılıb: “Bərəkəti tükənməyən bu torpaqdan Buğda təpəsi qədər buğda, Arpa təpəsi qədər arpa, Qaraçınqıl qədər var-dövlət topladım. Dünyadan isə əliboş köçdüm... Əzizlərim, övladından var-dövlət, sərvət əsirgəməyən bu torpağın qədrini bilin. Bilin, unutmayın ki, yağı güdükdə dayanıb. Bu barlı-bərəkətli torpağı yağmalamaq üçün fürsət gözləyir”.

Görünür, ulularımız indi o yerlərdə at oynadan düşməni yaxşı tanıyırmışlar. Ermənilərin xəyanətkar, kəmfürsət olduqlarını bilirmişlər…

* * *

İndi xatirələrdə yaşayan, hər gün yuxularımıza gələn kəndimizin qışı sərt keçsə də, yayı ürəkaçan, qəlb oxşayan olurdu. Çalbayır, Xanlar taxtası, Ala göllər, Bazar düzü, Eşşək meydanı, Pəri cınqılı yaylaqlarında yazın orta ayından ta payızın ortalarınacan gül-gülü, çiçək- çiçəyi çağırırdı. Tərəkəmə obalarının, alaçıqların sayı isə bilinmirdi. 

…Uşaq vaxtı İşıqlıdağa tamaşa edəndə qəribə hisslər keçirirdim. Elə düşünürdüm ki, onun zirvəsinə qalxsam, oradan bütün dünyanı görə bilərəm. Orta məktəbin son sinfində oxuduğum yaz günlərinin birindəsə kövşəndə qoyun otaranda qarlı zirvəyə baxıb anladım ki, mənim nəinki o dağın zirvəsini qalxmağa, heç ora uzanan yolun yarısını belə qət etməyə gücüm çatmaz; sıldırım qayalıqlar, cəngəlliklər, barəsində əfsanələr danışılan vəhşi heyvanlar… bir vaxtlar xəyalən arzuladığım o zirvə həsrətimə qovuşmağa imkan verməz… İndi gör aradan neçə illər keçib, amma İşıqlıdağın “gahdan çiskin töküb duman-çənə bürünən, gahdan da qеyzə gəlib nahaq qan еdən” vaxtları da, yazda “süsənli, sünbüllü, lalalı”, “yayın əvvəlində xana dönən” vədələri də gözlərim önündən çəkilmir. “Payızın zəhmərinin viranə qoyduğu, üstündən calalı dağıtdığı” günlərinin kədəri də, tərəkəmə köçünə səxavətlə qucaq açdığı, bəxtəvərlik yaşatdığı günləri də unudulmur…

İşıqlıdağın ətəkləri yaz-yay aylarında Kür-Araz ovalığında, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində qışlayan tərəkəmələrin dədə-babadan yaylaq yerləri kimi tanınırdı. Yaşlılar bu oğuz türklərinin şücaəti, mərdliyi, yaylaq adət-ənənələri barədə
ağızdolusu danışardılar.    

Müəllimim, el ağsaqqalı, şair Əvəz Mahmud Lələdağ xatirələrində yazır: “İşıqlıdağın ətəklərindəki yaylaqlara Şükürbəyli, Rəsullu, Şahsevənli, Qiyamadınlı, Əhmədalılar, Kürmahmudlu, Xəlfəli, Korabazlar, Ovşar, Böyük Mərcanlı elat tərəkəmələri gələrdilər. Aşağı, orta, yuxarı yolları qoyun sürüləri, at ilxıları, dəvə qatarı tutmazdı. Qadınlar dəvələrin üstündə fərməşlərin arasında oturub yun darayar, cəhrə qurub ip əyirərdilər. Yaylağa çatana qədər xalça-palaz üçün tədarük görərdilər. Quyruq doğan kimi dəvələr ağzı arana yatardılar. Camaat vaxt-vədəni bununla təyin edib yır-yığışa başlayar, barxanaları bağlayıb arana yola salardılar”.

Yaylaq zamanında o yerlərdə az da olsa, erməni sürülərinə rast gəlinərdi. Ermənilər tərəkəmələrdən çəkinər, onlarla mübariz, qorxmaz, cəsarətli, sözübütöv olduqlarına görə ehtiyatla davranardılar. Amma goruslu Qurgen nədənsə ipə-sapa yatmır, tərəkəmələrin, necə deyərlər, yetəninə yetir, yetməyəninə də bir daş atırdı. Bu daşın birini də ovşarlı Eyvazalıya tullamışdı. Əhvalat belə olmuşdu: elin İşıqlıdağın ətəyindəki Şükürbəyli yaylağına köçməsinə hələ bir neçə gün qalırdı. Eyvazalı ötənlərdə olduğu kimi, indi də əvvəl özü gedib orada sahmanlama aparmaq qərarına gəlmişdi… Yurda çatanda gözlərinə inanmadı;  uzun illər köç saldığı yer, qoyun-quzusunun otlaq sahəsi “tutulmuşdu”. Qurgeni aralıdan tanıyıb vəziyyətin çətinliyini anladı… Yolboyu yayılan sürünün önündə dayanan bu erməninin mərdiməzar olduğunu yaxşı bilirdi, neçə dəfə elə bu yaylaqda üz-üzə gəlib ondan özünü yığışdırmağı, yer-yurdunu tanımağı, kiçiyə-böyüyə ehtiramla yanaşmağı tapşırmışdı. Qurgen isə etdiklərini boynuna almasa da, əməllərindən də qalmamışdı; ötən il köçün axır-axırında itini Eyvazalının çobanı Nəcəfin üstünə qısqırtmışdı… İndi də günahı üzründən böyük bir səhvə yol vermişdi, gəlib Eyvazalının hər il yurd saldığı yerdə alaçıq qurmuşdu. Bu isə o deməkdi ki, burda mənəm, Bağdadda da kor Xəlifə… Məsələ təkcə bununla bitsəydi, nə vardı ki!.. Eyvazalını əslində özündən çıxaran məqam daha ciddiydi. O, illər əvvəl köç arana qayıdan ərəfədə qəfil dünyasını dəyişən cavan oğlu Ələkbəri Şükürbəylidəki nəsil məzarlığında dəfn eləmişdi. Bu yurd  yeri ona əslində,  bax, buna görə əziz, doğma idi. Hər köç ili bura gələndə oğlunun ətrini bu yerdən, bu yaylaqdan alırdı, elə bir gün olmurdu ki, gedib məzarı ziyarət eləməsin. İndi Qurgenin bu əraziyə yiyələnmək cəhdi də  Eyvazalının belə bir müqəddəs hissinə toxunurdu…

Eyvazalı Qurgenin bu “işğalından” sonra heç kimə heç nə demədən gedib onun alaçığını yerlə-yeksan eləmiş, sonra da özünü sürüsüylə birgə çomağın qabağına qatıb yalın o üzünə aşırmışdı. Qurgen Eyvazalının bu cəzasını təkcə ona barmaq silkələməklə cavablandırmışdı… Beləcə, Eyvazalıyla Qurgenin arasında münaqişə dərinləşmişdi…

Aradan xeyli keçir, bir gün Eyvazalıya xəbər çatır ki, qonşu obadan Qurgen onun atının quyruğunu qırxıb, itinin də ağzına bir çubuq vurub aradan çıxıb. Bu, Eyvazalıya bərk toxunur, anlayır ki, erməni belə hərəkətiylə onun namusunu, kişiliyini zədələyib. Axı at quyruğu kəsmək, iti vurmaq elə dədə-babadan tərəkəmənin namusuna toxunmaq kimi bir iş sayılıb…

 ...Eyvazalı erməni obasında, Qurgenlə haqq-hesab zamanı ona deyir ki, sən məni güllələsəydin, bunu hamı başa düşərdi, bilərdi ki, düşmənçiliyi kişi kimi eləmisən. Amma namərd yolu tutmusan. Atımın quyruğunu kəsmək azmış kimi, itimin ağzından da vurmusan. Bununla mənim namusumu ləkələmisən. Axı yaxşı bilirdin ki, tərəkəməni öldürməyinə görə bəlkə də səni bağışlardılar. Ancaq onun atının quyruğunu kəsib, üstəlik də itini vurursan, deməli, sən tərəkəmənin özünə, ailəsinə, el-obasına əyri gözlə baxırsan…

Sənin indi at oynatdığın İşıqlı dağının bu əl-ətəyini bir zamanlar babam Süleyman bəyin qəflə-qatırı tutmazdı. Onda sənin dədə-babaların harda sülənirdilər, bir Allah bilir… İndi mənimlə torpaq davası aparırsan… Bütün günahlarından indiyədək keçmişəm, amma bu əməlini sənə bağışlamıram,- deyib elə obanın ortasındaca Qurgeni  güllələmişdi…  

* * *

... Ermənilər  bu yaylaqları, bununla bərabər İşıqlıdağın zirvəsindəki Qaragölü  minbir hiylə və təzyiqlərlə ələ keçirməyə,  tərəkəmə ellərini bu yerlərə həsrət qoymağa çalışırdılar. Onlar dəfələrlə buna cəhd etsələr də, niyyətlərinə  çatmamışdılar. Belə cəhdlərdən birini də Andronikin quduzlaşmış ordusu 1917-ci ilin may ayında gerçəkləşdirmək istəmişdi. Lakin el qəhrəmanı Sultan bəy erməni quldur dəstələrinin məqsədlərinə çatmalarına imkan verməmişdi.

* * *

…1988-ci ilin yayının sonunda o yaylaqlar boyu uzanan cada yolu ilə keçib Bakıya qayıdanda bilirdim ki, bu yerləri belə tezliklə görməyəcəm. Kəndimizlə, İşıqlıdağla görüşüm uzun çəkəcək.    

…O yay o yaylaqlar əvvəlki illərdəki kimi gəlhagəlli, toylu-
büsatlı olmadı. 

O yay İşıqlıdağa sığınan kəndlər, biçənəklər yağı əlinə keçdi. 

O yay o yaylaqlara köç düşmədi, kimsəsiz qaldı. 

O yay elə bil ki, İşıqlıdağ da sarsılmışdı, sınmışdı, elə bil ki, əzəmətini itirmişdi, daha özünü bu yer-yurdun yiyəsi saymırdı. 

…İndi otuz ilə yaxındı ki, o yurd yerləri, o İşıqlıdağ sahibsiz qalıb, yağı düşərgəsinə dönüb.

İndi otuz ilə yaxındı ki, məni bir sual rahat buraxmır: görəsən, o köç haçan qayıdacaq?!. Qayıdacaqmı?!.

...Elə hey düşünüb-daşınsam da,  sualın cavabını tapa bilmirəm ki, bilmirəm…

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

Məqalə  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında