“Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!”

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Miqrasiya Təşkilatı (IOM), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlığı ilə birgə  “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans  baş tutub.

 Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədri Hicran Hüseynova mövzunun  aktuallığına toxunub.  Komitə sədri bildirib ki, bu konfransın ardınca yeni kampaniyaya start veriləcək. “Gender zorakılığına qarşı 16 günlük fəallıq kampaniyası” 25 noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü tarixindən başlayaraq, 10 dekabr İnsan Hüquqları Günü tarixinədək davam edən beynəlxalq kampaniyadır.  Kampaniyanın məqsədi gender zorakılığına qarşı milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır. Qeyd etmək lazımdır ki, bütün dünyada insanlar gender  zorakılığına qarşı  mübarizə aparmağa, mövcud olan stereotipləri dəyişməyə, qanunvericiliyi təkmilləşdirməyə və imkanları genişləndirməyə çalışırlar. Bu istiqamətdə müvafiq dövlət orqanları ilə qeyri- hökumət təşkilatları arasında səmərəli fəaliyyətin gücləndirilməsinə xüsusi önəm verilir. Məqsəd ictimaiyyətin diqqətini bir daha həmin problemə cəlb etməkdir. Qadınlara və qızlara qarşı  məişət zorakılığı hallarının  çox və ya azlığından asılı olmayaraq,  hər bir belə fakta qarşı cəmiyyətin bütün sağlam qüvvələri birləşməlidir.

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gill konfransda çıxışında deyib: "Biz yalnız zorakılığa qarşı ayağa qalxdıqda və dözülməz olana artıq dözmədikdə zorakılığa son qoyula bilər. Bizim analarımız, bacılarımız, qızlarımız düzgün qiymətləndirildikdə və onlar cəmiyyətdə tam şəkildə iştirak edə bildikdə zorakılıq bitə bilər".

 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai  diqqətə çatdırıb ki,  gender zorakılığının mənfi təsirini aradan qaldırmaq üçün dövlət qurumları və beynəlxalq inkişaf agentliklərinin əməkdaşlığı vacibdir.  Qadınlara qarşı zorakılıq onların sağlamlığına, təhsilinə və ictimai həyatına  təsir edir.

Milli Məclisin ailə, qadın  və uşaq  məsələləri  komitəsinin sədri Aqiyə Naxçıvanlı çıxışında  Azərbaycanda qadınların fiziki zorakılıqdan daha çox psixoloji zorakılığa məruz qaldıqlarını bildirib. O, Azərbaycanda ərli qadınların bəzi hallarda üzləşdiyi çətinliklər barədə deyib: "Onlara bir sıra hallarda işləməyə, valideynləri, qohumları ilə ünsiyyətə icazə vermirlər. Rayonlarda qadınlarımıza daha çox psixoloji cəhətdən zorakılıq tətbiq olunur. Buna görə də biz bu məsələlərin həllinə çalışmalıyıq”.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlovun sözlərinə görə, Azərbaycanda baş verən cinayətlərin çox cüzi hissəsini qadınlara qarşı zorakılıqla müşayiət olunan cinayətlər təşkil edir.

Komitə sədri hesab edir ki, məişət zorakılığı Azərbaycanda kritik hala çevrilməyib.

Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, deputatlar, vətəndaş cəmiyyətinin, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında