YAP-ın qərargahında Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) 2010-cu il fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilmişdir.Konfederasiyanın prezidenti Məmməd Musayev ötən ilin iqtisadi göstəriciləri haqqında məlumat verməklə yanaşı, həm də qarşıda duran vəzifələr haqqında danışmışdır. 2010-cu ildə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini deyən M.Musayev bildirmişdir ki, ötən il Ümumi Daxili Məhsul 5,5 faiz, əhalinin pul gəlirləri 12,3 faiz artmış, inflyasiyanın həcmi isə 5,7 faiz olmuşdur. O, yoxsulluq səviyyəsinin də ilk dəfə birrəqəmliyə düşərək 9,1 faiz təşkil etdiyini demişdir.
2010-cu ildə 70 min iş yerinin açıldığını vurğulayan ASK prezidenti bunun 53 mininin daimi iş yeri olduğunu göstərmişdir. Ölkənin valyuta ehtiyatlarının 29,1 milyard dollar həddinə çatdığını ifadə edən M.Musayev demişdir ki, 2010-cu ildə Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 115 milyon manat güzəştli kreditlər verilmişdir: "İl ərzində 12 min müştəriyə kredit vermişik. 2010-cu ildə Sahibkarlar Konfederasiyası biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı üçün mühüm işlər görüb. Azərbaycan Sahibkarlar Konfederasiyası müxtəlif nazirliklərlə il ərzində əməkdaşlıq edib. Vergilər , maliyyə nazirlikləri, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Neft Fondu və digər qurumlarla əməkdaşlıq edirik. Məqsəd Azərbaycan sahibkarlarına daha yaxşı biznes mühitinin yaradılması və ölkənin iqtisadi potensialının yüksəldilməsidir. 2010-cu ildə Beynəlxalq İşəgötürənlər Təşkilatında daimi üzvlüyə daxil olmuşuq".
M.Musayev il ərzində 20-dən çox ölkə ilə əməkdaşlıq sazişinin imzalandığını qeyd etmişdir. 2010-cu ildə bir çox beynəlxalq sərgilərdə iştirakını vurğulayan ASK prezidenti göstərmişdir ki, bu sərgilərin məqsədi Azərbaycan sahibkarlarına istehsal etdikləri məhsulları dünya bazarına çıxarmaq üçün yardım göstərmək olmuşdur. Ölkə iqtisadiyyatının inkişafı üçün qarşıya yeni hədəflərin qoyulduğunu söyləyən M.Musayev Azərbaycanın sahibkarlıq mühitinin yaxşılaşdırılması, sahibkarların fəaliyyətinə əlavə müdaxilələrin aradan qaldırılması, kiçik və orta sahibkarlığın inkişafı və s. İstiqamətlərdə müvafiq tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb: "Sahibkarlar Konfederasiyası bu məqsədlərə çatmaq üçün mütəmadi işlər görür. 2011-ci il "Turizm ili" elan edilib. Bu yaxınlarda konfederasiyanın nəzdində Turizm Komissiyasının iclasını keçirəcəyik. Təklifimiz var ki, turizm şirkətləri də bəzi vergilərdən azad olunsun. Çünki bu sahənin inkişafı üçün müasir avadanlıqlara ehtiyac var. Bu avadanlıqların bir çoxu da xaricdən gətirilir və bu məhsulları idxal vergisindən azad etməklə və ya azaltmaqla turizmin gəlirlərini artırmaq olar".
Sahibkarlığa Kömək Milli Fondu ilə də yaxından əməkdaşlıq etdiklərini deyən M.Musayev bu əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğunu bildirib. O, göstərmişdir ki,Azərbaycan iqtisadiyyatının inkişaf strukturuna müvafiq olaraq kreditləşmənin strukturunda da dəyişiklik edilməlidir. ASK prezidenti bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirmişdir: "Qaldıracağımız birinci məsələ kreditlərin müddəti barədədir. Azərbaycanda kiçik sahibkarlığa verilən 10-15 min manatlıq kreditlərin müddəti maksimum 2 ildir. Halbuki üzümçülük və çayçılıq sahələrindən gəlir götürmək üçün daha çox vaxt lazımdır. Müvafiq qurumlara müraciət edəcəyik ki, bu cür kreditlərin müddəti uzadılsın. Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin maksimum həddi 5 milyon manatdır. Bizim iştirak edəcəyimiz sərgilər, biznes forumları göstərir ki, sahibkarlarımız beynəlxalq bazarlarda rəqabət qabiliyyətli məhsullar istehsal edirlər. Maya dəyəri aşağı olan rəqabət qabiliyyətli məhsul istehsal etmək üçün isə yüksək texnologiyalardan istifadə etmək lazımdır. Ona görə də istəyirik ki, bu rəqəm ən azı 7-8 milyona qədər qaldırılsın".
M.Musayev konfransda eyni zamanda bildirmişdir ki, Azərbaycanda 20-dək dövlət qurumu öz səlahiyyətləri çərçivəsində sahibkarlıq subyektlərində yoxlamalar aparır. Amma bu yoxlamaların böyük əksəriyyəti bir-birini təkrarlayır. Nazirlər Kabinetinin qərarı ilə bir çox sahibkarlıq obyektlərində, xüsusən, kənd təsərrüfatı ilə məşğul olan müəssisələrdə əsassız yoxlamaların aparılması məqsədəuyğun sayılmır. Əksinə, əsassız yoxlamalar aparan müəssisələr, dövlət orqanları barədə müvafiq tədbirlər görülə bilər. M.Musayevin sözlərinə görə, sahibkarlar çox vaxt həm vergi, həm də digər orqanlar tərəfindən əsassız yoxlamalara məruz qalır. Bunlar isə həmin sahibkarlıq fəaliyyətinin inkişafına əngəllər törədir.
Bu maneələrin aradan qaldırılması üçün müvafiq dövlət qurumları, mərkəzi hakimiyyət müvafiq tədbirlərə əl atır. Qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən, ərizə və şikayətlərin yerindəcə araşdırılması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılıb. Konfederasiya sədri onu da bildirmişdir ki,sahibkarlığın səmərələşdirilməsi üçün bir sıra layihələr hazırlanıb. Bu layihələrdən biri sahibkarlarla vergi orqanları arasında münasibətləri tənzimləyir. Onun sözlərinə görə, sahibkarlar vergi əməkdaşları ilə təmasda olmadan öz məlumatlarını vergi orqanlarına ötürə biləcəklər.
M.Musayev demişdir ki, bu məlumatlar informasiya texnologiyaları əsasında vergi orqanlarına ötürüləcək. Bu isə həm əsassız yoxlamaların qarşısını ala biləcək, həm də vergi orqanlarının sahibkarlar barədə lazımi məlumatları vaxtında almasına gətirib çıxaracaq. Onun sözlərinə görə, artıq 16 rayonda sahibkarlarla vergi orqanları arasında birbaşa məlumatların ötürülməsi üçün texniki təchizat tədbirləri başa çatdırılıb.
Mətbuat konfransının sonunda KİV nümayəndələrinin çoxsaylı sualları cavablandırılmışdır.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.