Şirvan dinamik inkişaf yolunda

Son illər ölkəmizdə yol infrastrukturunun sürətlə inkişaf etməsi Bakı ilə digər şəhərlərimiz, habelə rayon mərkəzləri arasında məsafələri “qısaldıb”. Azərbaycanın hər yerində gözəl və rahat yollar çəkilib. Elə bölgələrimiz var ki, paytaxta həm məsafəcə yaxındır, həm də yollar yaxşı olduğundan mənzil başına çox tez çatırsan. Belə bölgələrimizdən biri də Şirvan şəhəridir.

Bu dəfə də Bakıdan Şirvana nə vaxt çatmağımdan xəbərim olmadı. Heç bir saat keçməmiş gördüm ki, artıq şəhərin girəcəyindəyəm. Bilirdim ki, həmişə olduğu kimi, bu dəfə də burada məni çoxsaylı yeniliklər gözləyir. Axı son illərdə respublikamızın bütün bölgələrində, eləcə də Şirvanda tikinti-quruculuq işləri elə geniş vüsət alıb ki, bəzən hamısını yazıb çatdırmağa belə macal olmur.

Bəli, indi Şirvanda hara getsən, hara boylansan, bir səliqə-sahman görəcəksən. Belə geniş miqyaslı işlərin yüksək sürətlə və keyfiyyətlə həyata keçirilməsi necə mümkün olur?! Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov bu sualın cavabında dedi ki, bütün uğurlarımız Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin ölkəmizin hər bir bölgəsinə, o cümlədən Şirvan şəhərinə göstərdiyi böyük diqqət və qayğı nəticəsində əldə edilib. Şirvanlılar hazırda bu yüksək etimaddan ruhlanaraq daha böyük əzmlə qurub-yaradırlar.

Şirvanda hamı bilir ki, məhz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafına və əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına təkan verib. Ölkəmizin iqtisadi inkişafı dinamik xarakter alıb. Təbii ki, bu, Şirvan şəhərinin də sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərib.

Bu məqamda bir sıra fakt və rəqəmlərə müraciət etmək istərdim. Belə ki, 2017-ci ilin 9 ayı ərzində ümumi məhsul buraxılışı 399 milyon 66,3 min manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz çoxdur. İstehsal sahələrində məhsul və xidmətlərin həcminin əsas hissəsi, yəni 279 milyon 843 min manatı və ya 70,1 faizi sənaye müəssisələrinin payına düşüb.

Şirvan iqtisadiyyatında özəl sektorun xüsusi çəkisi artmaqda davam edir. Bu il şəhərin sənaye sahələrində istehsal olunan məhsulun 57,9 faizi və ya 161 milyon 977,8 min manatı dövlət, 42,1 faizi və ya 117 milyon 865,3 min manatı isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal edilib. Cari ilin 9 ayı ərzində şəhərdə 180,7 min ton əmtəəlik neft, 8,5 milyon kubmetr əmtəəlik qaz və 2 milyard 349,1 milyon kilovattsaat elektrik enerjisi istehsal olunub.

Şəhərin sənaye və xidmət sahələrinə investisiya qoyuluşu getdikcə artır. Məsələn, bu ilin əvvəlindən Şirvanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 10 milyon 771,8 min manat vəsait yönəldilib ki, onun da 9 milyon 749,9 min manatı və ya 95,9
faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 21 milyon 867 min nəfər sərnişin, 349,5 min ton yük daşınıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,3 və 3,1 faiz çoxdur.

Qeyd etmək lazımdır ki, şəhər iqtisadiyyatının dinamik inkişafı əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına, alıcılıq qabiliyyətinin artmasına müsbət təsir göstərib. Belə ki, hesabat dövründə pərakəndə ticarət dövriyəsinin həcmi 195 milyon 819,8 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. 2017-ci ilin 9 ayı ərzində ticarət və xidmət şəbəkələri tərəfindən əhaliyə 232 milyon 583 min manatlıq geniş çeşiddə müxtəlif istehlak malları satılıb və ödənişli xidmətlər göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.

Bu ilin yayında Şirvanın həyatında əlamətdar hadisə baş verib. Belə ki, dövlətimizin başçısı iyun ayının 23-də Şirvan şəhərinə növbəti səfəri çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun, tank əleyhinə qumbaraatan üçün sursat istehsalı müəssisəsinin və eyni zamanda, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərindəki hərbi hissəsinin açılışında iştirak edib.

Telemexanika zavodunda iri çaplı patronların istehsal mərkəzində 4 adda yeni məhsulun istehsalına başlanılıb. Bu il ümumi sahəsi 2800 kvadratmetr olan 6 saylı korpusda məhsul istehsalı üçün bütün hazırlıq işləri başa çatdırılıb və yeni növ məhsul istehsalına başlanılıb. “Kiçik trasser” obyektinin tikintisi də yekunlaşdırılıb, məhsul istehsalı üçün lazımi avadanlıqlar gətirilib, texnologiya üzrə istehsal mənimsənilib. Hazırda isə seriyalı istehsal üçün sınaq işləri aparılır.

“Şirvan Araz Zavodu”nda tikinti-quraşdırma işləri uğurla davam etdirilir. Artıq müəssisənin “Qartal 5/1T”, “Maral BA” və “Aşırım DA” əsas istehsal sahələrində təmir-tikinti, quraşdırma və sazlama işləri başa çatdırılaraq, istismara tam hazır vəziyyətə gətirilib. Zavodda yeni “Alov-TA”, “Alov-BA” və “Alov-HA” obyektlərinin tikintisi yekunlaşmaq üzrədir. Həmin sahələrin cari ildə istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da xeyli yeni iş yerinin açılmasına zəmin yaradacaqdır.

Bu il əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsinə diqqət artırılıb. Əhalinin təbii qaza olan tələbatını ödəmək məqsədilə şəhərin qaz şəbəkəsində təmir və yenidənqurma işləri aparılıb, istismara yararsız qaz kəmərləri yeniləri ilə əvəz olunub. Ötən aylar ərzində “Bağ evləri” yaşayış massivinin Naxçıvan küçəsində 915 metr, Füzuli küçəsində 944 metr müxtəlif diametrli yeni paylayıcı qaz xətləri quraşdırılaraq istismara verilib. G.Şıxbalaoğlu küçəsində 7 yaşayış binasını qazla təmin edən qaz xətlərinin 111 metr istismara yararsız hissəsi yenisi ilə əvəzlənib.

Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə 2017-ci ilin 9 ayı ərzində Şirvan Paylayıcı Şəbəkə Sahəsi tərəfindən şəhər ərazisində 2696 metr müxtəlif diametrli kabel və naqil xətləri çəkilib, 33 ədəd dəmir, 10 ədəd dəmir-beton dayaqlar quraşdırılıb. Şəhərin müxtəlif ərazilərində 63 ədəd yarımstansiya təmir olunub. Əhali fasiləsiz olaraq dayanıqlı elektirik enerjisi ilə təmin olunub, hesabat dövründə 318 ədəd “Smart kart” tipli sayğac quraşdırılıb.

Su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədilə Sukanal İdarəsi tərəfindən şəhərin şimal hissəsindən keçən ümumi uzunluğu 3 min metr müxtəlif diametrli “DRES” magistral su xətti əsaslı təmir edilib. Bu xətt vasitəsilə bir çox mənzillərə suyun verilməsi təmin olunub. Şəhər ərazisində olan kanalizasiya xətlərində cari və əsaslı təmir işləri aparılıb, 75 ədəd nəzarət quyusu çirkabdan təmizlənərək işlək vəziyyətə gətirilib.

Hesabat dövründə 1467 abunəçinin genişzolaqlı internet xidmətinə qoşulması təmin edilib, əhaliyə göstərilən rabitə xidmətlərinin yaxşılaşdırması məqsədilə kabel-kanalizasiya quyuları qrunt sularından təmizlənib və istifadəsiz kabellər çıxarılıb, kabel-kanalizasiya quyuları fiberoptik (FO) kabellərin çəkilməsi üçün hazır vəziyyətə gətirilib.

Şəhərin ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə görülən işlər gücləndirilib, əhalinin sağlamlığının qorunması məqsədilə sakinlərin tibbi müayinədən keçirilməsinə ciddi nəzarət olunub, şəhid, aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan ailələr daim diqqətdə saxlanılıb, idmanın kütləviliyinin artırılması üçün müvafiq addımlar atılıb. Təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı şagirdlərin yetişdirilməsi diqqət mərkəzində saxlanılıb, bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilib.

Şirvan Təhsil Şöbəsi təlimin keyfiyyətinin, şagirdlərin davamiyyətinin, habelə tədris prosesində səmərəliliyin, müəllimlərin bilik, bacarıq və vərdişlərinin artırılması istiqamətində müxtəlif tədbirlər reallaşdırıb. “İTE-Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin təşkilatçılığı ilə 240 nəfər Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və ibtidai sinif müəllimi ilə ixtisasartırma kursları keçilib.

2016-2017-ci dərs ilində ümumtəhsil məktəblərinin IX siniflərini bitirən 985 nəfər, XI siniflərini bitirən 657 nəfər buraxılış imtahanlarında iştirak edib, onlardan 26 nəfər ümumi, 23 nəfər isə tam orta təhsil haqqında fərqlənmə attestatı alıb. Şəhər 1 nömrəli tam orta məktəbin məzunu Surə Quliyeva təhsildə əldə etdiyi uğurlara görə qızıl medala layiq görülüb. Cari ildə 657 nəfər şəhər məzunlarından 383 nəfəri (58 faizi) ali məktəblərə qəbul olmaq üçün ərizə verib, keçənilki məzunlarla birlikdə 282 nəfər respublikanın və xarici dövlətlərin, habelə xüsusi təyinatlı ali məktəblərin müxtəlif ixtisaslarına qəbul olunub. Abituriyentlərin 42 nəfəri 500-dən, 30 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

Şəhərdə dövlət gənclər siyasətini uğurla həyata keçirmək məqsədilə bu sahəyə diqqət artırılıb, hesabat dövründə gənclərin iştirakı ilə müxtəlif səpkili tədbirlər keçirilib, gənclər təşkilatlarının şəhərin ictimai-siyasi həyatında fəal iştirakına geniş şərait yaradılıb.

Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə idman sahəsində də böyük uğurlar əldə olunub. Bu il keçirilən 19 daxili tədbirdə 1721 nəfər yeniyetmə və gənc idmançı iştirak edib. Gənclər və İdman Nazirliyi tərəfindən reallaşan turnir, birincilik və çempionatlarda 305 nəfər yeniyetmə və gənc idmançı şəhərimizi təmsil edib. 17 nəfər I yerə, 12 nəfər II yerə, 15 nəfər isə III yerə layiq görülüb. Müvafiq dövlət proqramına uyğun olaraq Gənclər və İdman Nazirliyinin sifarişilə inşa edilən Şirvan şəhər “Gənclər evi”nin tikintisi başa çatdırılaraq, şəhər gənclərinin istifadəsinə verilib.

Şəhər səhiyyə müəssisələrində əhaliyə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması sahəsində bir sıra işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, əhalinin ümumi profilaktik müayinələrə cəlb edilməsi ilə bağlı görülən tədbirlər nəticəsində Şəhər Mərkəzi Xəstəxanasında bu il 18 yaşından yuxarı 60112 vətəndaş müayinə olunub.

İqtisadiyyatda nəzərə çarpan sabit artım tempi ölkənin sosialyönümlü inkişafını təmin edib, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün əlverişli şərait yaradıb. Hesabat dövründə Şirvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən 909 nəfər işlə təmin olunub. Mərkəzə işaxtaran kimi müraciət edən vətəndaşlardan 176 nəfərinə isə işsiz statusu verilib.

Əvvəlki illərdə olduğu kimi, 2017-ci ilin 9 ayında da şəhər ərazisində tikinti-quraşdırma və abadlıq işləri sürətlə davam etdirilib. Şəhərdə qarşıya qoyulan vəzifələrin həlli istiqamətində uğurlu addımlar atılıb, abadlıq və yenidənqurma işlərinin həcmi genişləndirilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 iyun 2017-ci il tarixli sərəncamı ilə Şirvan şəhərində çoxmənzilli binaların əsaslı təmiri üçün ayrılan vəsait hesabına bir sıra binaların dam örtüyü yenilənib. Heydər Əliyev küçəsində 18 saylı binanın fasadında əsaslı təmir işləri başa çatdırılıb.

Şirvan bələdiyyəsi tərəfindən geniş həcmdə tikinti-təmir, abadlıq, quruculuq işləri görülüb. Belə ki, İ.Qayıbov adına parkda əsaslı təmir işləri aparılıb, 988 kvadratmetr istinad divarı rənglənib, taxta pilləkən yenidən qurulub, 264 kvadratmetr metal tor rənglənib.

Yaşıllıq sahələrinin artırılması, gül-çiçək kollarının, ağacların əkilməsi, suvarılması, aqrotexniki qaydada qulluq göstərilməsi kimi işlər də diqqət mərkəzində saxlanılıb. İlin əvvəlindən Yaşıllaşdırma Təsərrüfatı İdarəsi tərəfindən şəhərin müxtəlif ərazilərinə 1382 ədəd ağac, 21600 ədəd gül əkilib.

Yuxarıda sadalanan tikinti-quruculuq tədbirləri deməyə əsas verir ki, Şirvanın bütün əmək kollektivləri həmişə olduğu kimi, bundan sonra da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətində öz səylərini inamla davam etdirəcəklər.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında