Niyyətin qəbul olunsun, şəhid anası

Əyninə qara libas geyinmiş və başına eyni rəngdə qara kəlağayı bağlamış Səmayə ananın tez-tez dediyi “çayınızı için, soyudu” kəlmələrini də unuda bilmirəm. Mənimlə qabaq-qənşər əyləşən şəhid atası İntiqam kişinin qabarlı əlləri gördüyüm bu mənzərəni bir qədər də unudulmaz edir. Baxışlarımla kənd icra nümayəndəsi İlqar Əliyevə başa salmaq istəyirəm ki, nahaq şəhid ailəsinə əziyyət verib çay süfrəsi açdırmısan. Deyəsən şəhid anası bunu hiss edir, “noyabrın 20-də balamın ad günüdür, 20 yaşı tamam olur, onsuz da çay süfrəsi açacaqdım” – deyib kövrəlməsi əlimin qeyri-ixtiyari armudu stəkana uzanması ilə eyni vaxta düşür…

Şeidlər o qədər də böyük kənd deyil. Burada cəmi 170 ev var və əhalisinin sayı 667 nəfərdir. Əsasən əkinçilik, maldarlıqla məşğul olurlar. Adamları zəhmətkeş, təsərrüfata bağlıdırlar. Kənddə 180 yerlik müasir məktəb, kitabxana, tibb məntəqəsi var. Qaz, işıq, su problemləri yoxdur. Amma bu kənddə indiyədək ATS-in olmaması müəyyən narahatlıq yaradır. Mobil rabitə də kəndin bütün ərazisində eyni səviyyədə işləmir.

Bəs niyə Şeidlər adlandırılıb kənd? Yasamal dolaylarını qalxa-qalxa bu barədə çox fikirləşsəm də və sonradan müxtəlif tarixi mənbələri araşdırsam da tutarlı, “təkzibolunmaz” faktlara rast gəlmədim. Amma belə qənaətə gəlmək olar ki, kəndin adı elə “şəhid” kəlməsindən yaranıb. Başqa bir fərziyyəyə görə, kəndin adı buradakı Şeidlər çökəyinin adı ilə bağlıdır. Əslində, keçən əsrin 30-cu illərində buraya köçürülən İmanlı, Uğuzlu, Zeynallar, Şirinli, Kəbləhacanlı tayfalarının əsasında yaradılıb Şeidlər kəndi. Yəni tarixi o qədər də uzaqda deyil.

... Gül-çiçəyə bürünmüş məzarı önündəyəm Şeidlər kəndinin şəhidinin. Başının üstündə Azərbaycan Bayrağı dalğalanır. Baş daşından mülayim, çox sakit görünən bir gənc boylanır.

“Çox zarafatcıl idi mənim balam. Dostları onu o qədər çox istəyirdilər ki, bir sözünü iki eləməzdilər. Xanoğlan da onlara qarşı istiqanlı, diqqətcil idi. Bir də görürdün kimsə çağırardı ki, gəl bu işə kömək et. Dinməz-söylənməz düşərdi qabağına gedərdi. Deməzdi ki, o işi bacarır, ya yox”.

Səmayə ananın bayaq göz yaşlarını güclə boğa-boğa söylədiyi sözlər yadıma “düşür: “Keçən il noyabrın 20-də məzuniyyət alıb ad gününü Şeidlərdə, öz evimizdə keçirməyə söz vermişdi. Gözlədik gəlmədi. Axşam zəng elədi ki, komandirimiz mənə əməlli-başlı bir ad günü təşkil etdi. Bir hinduşka da alıb kəsdirdi. Limonad almışdı, yedik- içdik, əyləndik, rəqs etdik. Dedi ki, darıxma ana, inşallah 20 yaşımı sizinlə bir yerdə keçirəcəyəm...”

Artıq 20 yaşı tamam olan, ad gününü əbədiyyətin qoynunda keçirən gəncin qara mərmər üzərinə həkk olunan şəklinə təkrar-təkrar baxıram. Elə bilirəm nəsə demək istəyir. Yenə Səmayə ananın söylədikləri təkrar-təkrar qulaqlarımda səslənir: “Həmin gün, o dəhşətli xəbəri aldığım fevralın 22-də zəng eləmişdi. Gündüz saat 11, ya 12 olardı. Dedi ki, ana, birdən- birə ürəyim səni çox istədi. Hətta komandirə də dedim ki, nəsə narahatam. O isə həmişəki kimi gülümsəyib və əlini kürəyimə vurub “əsgər anaları dəyanətli olur”– deyib aralandı...”

Şəhid anası elə bil, olanların arxasını dilinə gətirə bilmir, qorxur. Yanaqlarından axan göz yaşlarını kəlağayısının ucu ilə silib kənd icra nümayəndəsini göstərir: “Şər vaxtı idi. Gördüm qapı döyülür. İnanırsınız, həmin anda elə bildim içimdə nəsə qırıldı. Tez qapıya sarı yüyürdüm. Gördüm icra nümayəndəsi İlqar müəllimlə yanında tanımadığım 2-3 nəfərdi. Ta demək istədikləri sözü gözləyə bilmədim...”

İcra nümayəndəsi ilə şəhidin adına verilmiş küçədən keçirik. Oxuduğu məktəb də elə bu küçədədir. Məktəbin səliqəli hasarının bir küncünə də barelyefi vurulub və “şəhid Xanoğlan Xəlilov küçəsi” sözləri yazılıb.

Şəhid ailəsinin evində olduğumuz bir saat ərzində hiss etdik ki, rayon icra hakimiyyəti Xəlilovlar ailəsinin hər istəyinə, arzusuna daim diqqət yetirməyə çalışır:

– Xanoğlanın dəfnində, 40 mərasimində Alimpaşa müəllimin şəxsən iştirak etməsi, problemlərimizlə maraqlanması, bizə səbr diləməsi dərdimizi cüzi də olsa yüngülləşdirdi, – deyə şəhid atası İntiqam Xəlilov rayon icra hakimiyyəti başçısının diqqətindən, qayğısından danışır. O biri oğlum Yasin əlildir, qulaqları eşitmir. Sağ olsunlar, kömək edib eşitmə aparatı gətiriblər, deyiblər birini də gətirəcəyik...

İcra nümayəndəsi məlumat verir ki, şəhid ailələrinə, imkansızlara təkcə icra hakimiyyəti deyil, digər təşkilatlar, ayrı-ayrı adamlar da kömək edirlər. Məsələn, İntiqam kişinin dediyi o aparatın alınmasında deputatımız Sona xanımın köməyi olub.

Ayrılanda ikisi də yola çıxdı. Maşına əyləşərkən dönüb şəhid anasına, şəhid atasına bir də baxmaq istədim. Səmayə ana əlində içərisi su dolu bir qab tutmuşdu...

Yolda icra nümayəndəsi söylədi ki, çox sadə, zəhmətkeş ailədir. İntiqam kişi bənnalıq edir, ev tikir, suvaq çəkir. Elə gördüyünüz o evi də özü tikib, az-çox şərait yaradıb. Utanıb deməsələr də, yeganə arzuları ailənin üçüncü övladı olan qızlarına rayonda münasib bir iş tapmaqdır. Çünki iki azyaşlı körpəsi də var. Yenə köməkdir, ailənin dolanışığına təkandır. Çalışacağıq ki, onların bu arzusunu da müsbət həll edək.

... Şəhid ailəsini – atanı, ananı, bacını, qardaşı nə ilə ovundurmaq, onun yaralarını nə ilə sağaltmaq olar? Diqqət, diqqət, yenə də diqqət. Mənim yadımdadır. Bir dəfə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun vətəndaş qəbulundan yazı hazırlamaq üçün həmin görüşdə iştirak edirdim. Necə oldusa, kənd icra nümayəndələrindən biri hansısa Qarabağ müharibəsi əlili haqqında məlumat verərkən bir qədər sərt ifadə işlətdi. Rayon rəhbəri həmin nümayəndəni nə kökə saldı, gərək bunu öz gözlərinizlə görəydiniz. Həmin epizodu ona görə xatırlatdım ki, rayon icra hakimiyyətində bu məsələyə münasibət birmənalıdır. Aprel şəhidlərinin dəfni, onların 40 mərasimlərinin təşkil olunması, ad günlərinin keçirilməsi rayonda elə bir iz qoydu ki, illər keçəcək bu münasibət, bu diqqət unudulmayacaq. Rayon icra hakimiyyəti, onun rəhbəri elə bir nümunə göstərdi ki, təkcə şəhid ailələri təsəlli tapmadılar. Həm də bugünkü gənc nəslə sanki bir dərs oldu. Bunlar təkcə bir dəfn mərasimləri deyildi. Bunlar həm də düşmənə nifrət hissinin yumruğa çevrilməsinin bir nümayişi idi. Şəhidlərimiz minlərlə insanın əlləri üzərində yola salınırdı. Onların dəfn mərasimlərində səslənən fikirlər aylar, illər keçsə də öz dəyərini itirməyəcək və hər dəfə yeni olacaq.

Aprel şəhidlərindən biri, Şəmkirin Şiştəpə kəndindən olan, 40 yaşlı polkovnik Vüqar Yusifovun məzarı önündə rayon icra hakimiyyəti başçısı çıxış edəkən qeyri ixtiyari telefondakı diktafonu işə saldım. Bir fikir verin:

“Azərbaycanın əsgərləri və zabitləri göstərdilər ki, bu millətinin hissiyyatı ilə oynamaq, onu oyandırmaq olmaz. Oyandırıb gördülər ki, mənfur düşmən bizim qarşımızda 3-4 günlük belə dayana bilmədi. Bəlkə də bu döyüş 3-4 gün davam etsəydi, Ermənistan adlı bir dövlət yer üzündən silinəcəkdi. Bizim onlarda böyük qisasımız qalıb. Bizim oğullarımız göstərdilər ki, bu qisası onlarda qoymayacağıq. Biz öz qisasımızı onlardan alacağıq, Sadəcə, bir az geci-tezi var. Niyə “geci-tezi var” deyirəm? Çünki Ermənistan bir düşmən kimi özlüyündə güc sahibi deyil. Onun havadarlarının çirkin niyyətləri nəticəsində bu münaqişə, bu müharibə bir az yubanır. Bizim qisas günümüz bir az yubanır. Ali Baş Komandan, möhtərəm Prezidentimizin rəhbərliyi altında biz üçrəngli Azərbaycan bayrağımızı Şuşaya, Xankəndiyə və axtarsan Ermənistanın bütün nöqtələrinə sancacağıq. Silahlı Qüvvələrimiz buna qadirdirlər. Bunu bizə Vüqar və onun ətrafında olan insanlar göstərdilər. Hansı bir dəfn mərasimi bu möhtəşəmliyi yarada bilər, bu qədər insanları bir araya toplaya bilər?”

Yeri gəlmişkən, Vüqar Yusifov Şəmkirin keçən ilin aprel döyüşlərində qəhrəmancasına həlak olmuş 5 şəhidindən biridir. O, 1976-cı il noyabrın 2-də Şiştəpə kəndində anadan olub. 1993-cü ildə Şiştəpə kənd orta məktəbini bitirib. Elə həmin il Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olan Vüqar Yusifov 1997-ci ildə leytenant rütbəsi alıb və bir il sonra həmin hərbi ali məktəbi bitirib.

Vüqar Yusifov 2006-cı ildə isə ailə həyatı qurub. Üç övladı var. Polkovnik rütbəsinə kimi yüksələn Vüqar Yusifov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Vüqar kimi apreldə onları da az qala bütün Şəmkir son mənzilə yola saldı. Tatar kəndində Nurlan Qasımov, Morul kəndində Təbriz Əskərov, Kür qəsəbəsində Vüsal Əliyev, Düyərlidə Altun Dəmirli.

Şəhid adının müqəddəs, şəhid ailəsinin hamıya doğma olmasını Şəmkirdə uşaqdan böyüyə hamı bilir. Hazırda bu rayonda 231 nəfər şəhid ailəsi yaşayır və onlar daim dövlət orqanları tərəfindən diqqət mərkəzində saxlanılır. Onların sosial problemlərinin həlli istiqamətində o qədər müxtəlif, başlıcası isə ardıcıl tədbirlər həyata keçirilir ki bir yazıda hamısı haqqında geniş məlumat vermək mümkün deyil. Şəhid ailələri üçün evlər tikilir və onlar müasir standartlara uyğun inşa olunur.

Bu ailələr dövlət büdcəsi hesabına mənzillə təmin olunmaq üçün icra hakimiyyəti tərəfindən növbəyə götürülür. Son illərdə Şəmkirdə yaşayan onlarca şəhid ailəsi həm mənzillərlə, həm də fərdi yaşayış evləri ilə təmin olunub. Bu məqsədlə dövlət sifarişi ilə tikilən həm çoxmərtəbəli binaların, həm də fərdi yaşayış evlərinin sayında artım müşahidə edilir. Eyni zamanda, şəhid ailələri həyətyanı torpaq sahələri ilə də təmin olunur.

Əlamətdar bayram günlərində şəhid ailələrinə yardım göstərmək artıq Şəmkirdə ənənə şəklini alıb. Xeyirxahlıq missiyasına sadiq qalaraq şəhid ailələrinə rayon icra hakimiyyəti tərəfindən bayram sovqatlarının verilməsi onların dövlətin diqqət və qayğısından kənarda qalmadığının bariz nümunəsidir.

Bütün bunlarla yanaşı, şəhid ailələrinin işlə təmin olunması da diqqət mərkəzindədir. Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların yaşayış tərzinin yüksək səviyyədə təmin edilməsi üçün rayonun idarə, müəssisə və təşkilatlarında, eyni zamanda, sahibkarlıq obyektlərində işlə təmin olunmaları üçün daim təbliğat işləri aparılır və aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilir.

Rayonun elə bir təşkilatı yoxdur ki, şəhid ailəsi orada növbədənkənar qəbul olunmasın. Onların qaldırdıqları məsələlərin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

... Bu yazıya nöqtə qoymaq istəyərkən, nədənsə, Səmayə ananın əlində tutduğu su qabı gözlərim önünə gəldi. Elə bildim bu bir qab su qələbəmizin yoluna səpilən sudur. Aydınlıq rəmzidir, şəhidlərimizun uğrunda həlak olduqları torpaqlarımızın azad olunacağı günə lap az qaldığına bir işarədir. Niyyətin qəbul olunsun, şəhid anası!

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında