“Ölkəmizi tanıyaq” tur-aksiyasından ən xoş xatirələrlə

Heydər Parkına toplaşan Xətai Rayon İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxsləri, rayonun orta məktəblərinin müəllimləri və valideynlər 3 gün əvvəl bu məkandan “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə, Göygöl, Şəmkir rayonlarına yola saldıqları məktəbliləri qarşılamağa hazırlaşırdılar. Parkın qarşısında dayanan avtobusdan enən şagirdlərin çöhrəsindəki sevinc və təbəssümdən aydın görünürdü ki, səfərdən xoş təəssüratlar və xatirələrlə qayıdıblar. 

Üç günlük ayrılıqdan doğan valideyn nigarançılığına son verən səmimi qucaqlaşmadan sonra, tur-aksiyanın iştirakçıları yola çıxarkən düzüldükləri kimi yenə meydanda Azərbaycan bayrağı görkəmi aldılar.

Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva qarşılanma mərasimindəki  çıxışında gənc nəslə göstərilən dövlət qayğısından, onların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışaraq bildirdi ki, dövlət başçısının bilavasitə təşəbbüsü  və tapşırığı olan bu tur-aksiyaların keçirilməsində əsas məqsəd şagirdlərə ölkəmizi yaxından tanıtmaq, sevdirmək və onlarda bütün Azərbaycan haqqında müfəssəl təsəvvür yaratmaqdır. Möhtərəm Prezidentimiz 4 il əvvəl bu təşəbbüslə çıxış edəndə haqlı olaraq deyirdi: “Tövsiyə etmək istərdim ki, bizim vətəndaşlar, yəni, müxtəlif bölgələrdə yaşayan vətəndaşlar vaxt tapıb digər bölgələrə də getsinlər... Çalışın Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da, Azərbaycan gözəl ölkədir. Həm təbiət müxtəlifliyi, eyni zamanda, mədəniyyət müxtəlifliyi vardır. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir”.

J.Abdıyeva məlumat verdi ki, bu il noyabrın 11-14 və 16-19 tarixlərini əhatə edən sayca 8-ci tur-aksiyada bizim məktəblilər də daxil olmaqla, ümumilikdə, 3213 nəfər iştirak etmişdir. Beləliklə, bugünədək “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 17 minə yaxın olmuşdur.

Məktəbliləri tur-aksiyada müşayiət edən Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov səfər haqqında məlumat verərək bildirdi ki,  Prezident İlham Əliyevin tövsiyəsi ilə, 2013-cü il avqustun 1-dən start götürən məktəblilərin “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın rayonumuzda artıq səkkizinci mərhələsinə yekun vuruldu. Rayonun müxtəlif məktəblərinin 40 nümunəvi şagirdi bu mərhələdəki tur-aksiyanı Azərbaycanın qədim yurd yerlərindən olan Gəncə, Göygöl və Şəmkir rayonlarında keçirmişlər. Şagirdlərimiz bu bölgədə həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində gerçəkləşən önəmli sosial layihələr, həmçinin 200 il əvvəl salınan alman məskənləri ilə tanış olmuşlar. Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olmasını, bu hadisənin Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev həmin əlamətdar tarixin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. P.İmanov onu da qeyd etdi ki, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyası çərçivəsində bizimlə bərabər Gəncə şəhərində olan bir sıra rayonların məktəbliləri arasında “Kim?, Nə?, Harada?” adlı çox maraqlı intellektual yarışları keçirildi. Məktəblilərimiz bu il də bilik yarışının qalibi olub simvolik kuboku Xətai rayonuna gətirdilər.

Tur-aksiyanın fəal iştirakçılarından olan Aytən Şahverdiyeva səfər haqqında danışaraq bildirdi ki, tur-aksiyada ən xoş xatirələrlə qayıtdıq. Dostlarımızla bərabər  əvvəlcə Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olduq. Müasir sənaye müəssisələri, turizm və sosial obyektlər, yaraşıqlı prospektlər, park və xiyabanlar bizdə həqiqətən qürur hissi doğurdu. Bu yeniliklərlə bərabər şəhərin tarixi məkanlarına - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi və Nizami Gəncəvi məqbərəsinə səyahətlərimiz daha yaddaqalan oldu. Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı,  Alman kilsəsi, Göygöl rayonunda isə Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanışlığımız, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfərimiz isə tariximiz və təbiət incilərimizi haqqında bizə zəngin məlumat toplamağa imkan verdi.

Səfərdən qayıdan tur-aksiya iştirakçıları Heydər Parkında da ritmik musiqi sədaları altında fləşmobla bacarıqlarını nümayiş etdirdilər.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında