Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

Noyabrın 18-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.

Tədbirin aparıcıları Naxçıvanda ailə təsərrüfatlarının yaranması tarixindən və əhəmiyyətindən bəhs ediblər.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynov festivalda çıxış edərək muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi, ailə təsərrüfatlarının yaradılması, daxili bazarın idxaldan asılılığının azaldılması, eyni zamanda ixrac imkanlarının artırılması istiqamətində görülən tədbirlərdən danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov festivalda iştirak edib, ailə təsərrüfatlarının fəaliyyəti ilə maraqlanıb, təsərrüfat sahibləri ilə söhbət edib, onların istehsal etdikləri məhsullardan alıb.

Məlumat verilib ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 284 ailə təsərrüfatı tərəfindən 14 növdə 249 çeşiddə 7538 qablaşdırılmış məhsul çıxarılıb. Naxçıvan qaymağı, xaması, qovurması, müxtəlif növ mürəbbə və şirniyyatları, Nehrəm pendiri, qatığı, Ordubad alanası, sucuğu, cəvizi, meyvə araqları, müxtəlif çeşidli ət və balıq məhsulları, eləcə də turşular, kompotlar, Naxçıvan təbiətinin nemətlərindən olan dərman bitkiləri festival iştirakçılarına təqdim olunurdu. Naxçıvanın zəngin mətbəx mədəniyyətinə malik olması tarixən bu ərazidə quru meyvəçiliyin inkişafına stimul verib. Festivala ailə təsərrüfatları tərəfindən qablaşdırılmış alça, göycə, ərik, tut və digər meyvə quruları da çıxarılmışdı.

Muxtar respublikanın kəndlərində yaradılan müasir infrastruktur, istehsal olunan məhsulları sərbəst bazara çıxarmaq imkanları və göstərilən maliyyə dəstəyi bu sahəyə marağı xeyli artırıb. Hazırda muxtar respublikanın 87 kəndində böyük ailə təsərrüfatları vardır ki, onlar da əsasən heyvandarlıq, quşçuluq,  arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərirlər. Bu ilin ötən dövründə Sahibkarlığa Kömək Fondu tərəfindən 10 ailə təsərrüfatına dövlət maliyyə dəstəyi göstərilib. Bütün bunlar da ailə təsərrüfatlarının inkişafına, daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına, eləcə də istehsal olunan məhsulların ixracına geniş imkanlar açır.

Ali Məclisin sədri ailə təsərrüfatlarının inkişafı üçün nəzərdə tutulan istehsal konteynerinə baxıb.

Bildirilib ki, 4 işçi heyəti ilə təmin olunan konteyner pendir istehsalı üçün nəzərdə tutulub. Konteynerdə istehsal xətti yaradılıb, lazımi avadanlıqlar və hazır məhsulun saxlanması üçün soyuducu quraşdırılıb. Bu da standartların tələblərinə uyğun keyfiyyətli və müxtəlif ölçülü qablaşdırılmış pendir istehsalına imkan verəcəkdir.

Ali Məclisin sədri ailə təsərrüfatlarının inkişafına bundan sonra da dəstək veriləcəyini bildirib, təsərrüfatlarda istehsal prosesinin elmi əsaslarla və sənaye yolu ilə təkmilləşdirilməsi, məhsulların əmtəə görünüşünə və qablaşdırılmasına diqqət yetirilməsi, hər bir rayon üzrə sifarişlərin qəbul olunması və istehsal profilinə uyğun konteynerlərin quraşdırılması, ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planının hazırlanması və icrası barədə aidiyyəti üzrə tapşırıqlar verib.

Festival noyabrın 19-dək davam edəcək, iştirakçılar arasında “Ən yaxşı məhsul” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.

Minlərlə şəhər sakininin və turistin iştirak etdiyi festivalda Naxçıvan Dövlət Filarmoniyasının kollektivi mahnılardan ibarət konsert proqramı ilə çıxış edib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında