Naxçıvan Muxtar Respublikası: Dinamik sosial-iqtisadi inkişaf bütün sahələri əhatə edir

Ölkəmizin sosial-iqtisadi inkişafına töhfələrini verən Naxçıvan Muxtar Respublikası gündən-günə öz potensialını artırmaqdadır. Sosial-iqtisadi inkişafı, hərbi qüdrəti, siyasi sabitliyi və digər keyfiyyətləri ilə diqqəti cəlb edən muxtar respublika iqtisadiyyatın sahə strukturunda balanslaşdırılmış, biri-biri ilə əlaqəli və bir-birinin inkişafına təkan olacaq intibahla iqtisadiyyatın diversifikasiyasına stimul vermişdir.

İqtisadiyyatın yeni müstəvidə, müasir iqtisadi şəraitdə inkişaf etdirilməsi zərurəti, bazar münasibətlərinə xas olan idarəetmə mexanizmlərinin səmərəli təşkili və idarə olunması, bir-birini əvəz edən dövrlərin inkişaf qanunauyğunluqlarından irəli gələn islahatların ardıcıllığının və davamlılığının təmin edilməsi muxtar respublikanın əldə etdiyi ən mühüm nailiyyətlərdəndir. Ümummilli liderimiz Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə bağlı olmaqla, Naxçıvan Muxtar Respublikasından başlanan bu proseslər ötən əsrin 90-cı illərinin əvvəllərində, bütövlükdə Azərbaycan Respublikasının sosial-iqtisadi və hətta siyasi təhdid və sıxıntılarından xilaskarlıq dövrünün də başlanğıcına çevrildi.

18 oktyabr 2017-ci il tarixdə Naxçıvan şəhərində ilk hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə təşkil edilən təntənəli hərbi paradın keçirilməsi Milli Ordu quruculuğunda muxtar respublikanın malik olduğu güclü potensialı bir daha nümayiş etdirmiş oldu. Təbii ki, bu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, milli maraqlarının qorunmasında, hərbi-müdafiə qabiliyyətinin artırılmasında, Silahlı Qüvvələrin daha da təşkilatlanmasında və bu sahə ilə bağlı olan digər nailiyyətlərin əldə edilməsində çox mühüm və tarixi hadisə idi. Eyni zamanda, bu, muxtar respublikada iqtisadi inkişafın gerçək ifadəsi olub, onun daha çox sosial, hərbi və milli müdafiəsinin təşkilinə hazır olduğunu göstərmiş oldu. Bütün bunlar bir daha sübut etdi ki, Naxçıvan Muxtar Respublikası:

- ölkənin sosial-iqtisadi inkişafını addımbaaddım izləyir və özünün çoxsahəli tərəqqisi ilə ona töhfə verməkdədir;

- iqtisadiyyatın ənənəvi sahələri ilə yanaşı, həm də yeni, eyni zamanda, prioritet seçilən istiqamətlər üzrə məqsədyönlü tədbirlər həyata keçirilməkdədir;

- uzaq gələcək üzrə səmərəli olacaq təşəbbüslərin dəstəklənməsində və həyata keçirilməsində çevik mövqe ortaya qoymaqdadır;

- iqtisadi potensialının daha da yüksəldilməsində qətiyyətlidir və əsas məqsəd kimi sosial siyasətin həm səmərəliliyinin, həm də çəkisinin artırılmasında maraqlıdır;

- milli maraqların ifadə edilə biləcəyi iqtisadiyyatın qurulmasında, formalaşmasında və inkişafında həyata keçirilən tədbirlərə təkanverici təsir etməkdədir və s.

Naxçıvan Muxtar Respublikası ölkə iqtisadiyyatının inkişafı istiqamətində qəbul və icra edilən mexanizmlərin işləkliyinin təmin edilməsinə təkan verməkdədir. Kəndləri şəhərləri kimi abad, şəhərləri kəndləri qədər səfalı olan muxtar respublika bazar münasibətlərinin obyektiv inkişaf qanunları əsasında davamlı inkişaf edən iqtisadiyyat formalaşdırmışdır. Nəticədə isə:

- fərdi istehsaldan ictimai istehsala qədər qırılmazlığın təmin edildiyi;

- ictimai və özünüməşğulluq imkanlarının artdığı;

- insanın potensial qüvvə kimi inkişafı ilə bağlı davamlı tənzimləmələrin həyata keçirildiyi;

- iqtisadi-istehsal münasibətlərinin hərəkətverici qüvvəsi kimi çıxış edən ixtisaslaşdırılmış kadr potensialının inkişaf etdirildiyi və bununla da, sosial məqsəd və vəzifələrin gerçəkləşdiyi muxtar dövlət olaraq hər birimizin qürur mənbəyinə çevrilməkdədir.

“Yolumuz siyasi sabitliyə, sosial ədalətə və səmərəli iqtisadiyyata doğrudur”, – deyən ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qalaraq, burada iqtisadi siyasətin səmərəliliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər iqtisadiyyatın sahə strukturunda keyfiyyət göstəricilərinin yüksəldilməsinə səbəb olmaqdadır.

Dövlət başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafı, yerli istehsal imkanlarının stimullaşdırılması, idxaldan asılılığın azaldılması, minimuma endirilməsi və məhdudlaşdırılması, ixracyönümlü məhsul istehsalının dəstəklənməsi, iqtisadiyyatın müqavimət gücünün artırılması və s. sahələrdə həyata keçirilən tənzimləyici tədbirlər muxtar respublikanın da müasir inkişaf dövrü ilə səsləşən mənzərəsini təqdim etməkdədir. İqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatının yüksək əməktutumlu sahəyə çevrilməsi, ucqar kəndlərdə infrastrukturun istehsal və sosial formalarının yaradılması və inkişafı, bəhs edilən ərazilərdə məskunlaşmanın stimullaşdırılması tədbirlərinin geniş vüsət alması əhali məşğulluğunun ən səmərəli təşkilinin ifadəsinə çevrilmişdir.

Bununla yanaşı, sənayenin çoxşaxəli iqtisadiyyat quruculuğu proseslərindəki rolunun artırılması, iqtisadiyyatın əsas sektorları üzrə təsdiq edilən yol xəritələrinin inkişaf məqsədlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, makroiqtisadi göstəricilərin yüksələn dinamikasının müəyyənləşdirilməsi, yeni sənaye müəssisələrinin yaradılması (450-yə yaxın), xammal, emal və istehsal potensialının düzgün əlaqələndirilməsi ilə mezoiqtisadi səmərəliliyin təmin edilməsi muxtar respublikanın iqtisadi inkişafdakı rolunun artmasına təkan vermişdir.

Bütün bunların fonunda Naxçıvan Muxtar Respublikası ötən illərin ən qürurverici sosial-iqtisadi inkişaf xronikasını təqdim etməkdədir. Cəmiyyət üzvlərinin və böyük ictimaiyyətin yüksək rəğbətini özündə cəmləşdirən bu nailiyyətlər uzaq gələcək üçün nəzərdə tutulan məqsəd və vəzifələrin gerçəkləşdirilməsinə hesablanıb. Qeyd edək ki, dövlətin sosial-iqtisadi maraqlarının ifadə olunduğu bu proseslər iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşları ilə daha da əlamətdardır. Fikrimizi təsdiq etmək üçün son 10 il ərzində muxtar respublikada iqtisadi və sosial sahələrə 7 milyard 154 milyon 193 min 400 manat həcmində investisiyanın yönəldilməsini qeyd edə bilərik. Bu istiqamətlər dövlətin öz vətəndaşına, onun fəaliyyətinə, fəaliyyətinin isə məhsuldar nəticələnməsinə yönəldilmiş diqqətinin ifadəsidir.

Naxçıvan Muxtar Respublikasının müasir iqtisadi şəraitdə müəyyən etdiyi hədəflər yeni dövr üçün ciddi aktuallıq kəsb edən məsələlərin səmərəli təşkilinə güclü dayaqlar yaratmaqdadır. Yerli istehsal potensialının daha da artırılması, əhalinin ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatının dolğun ödənilməsi, firəvanlıq səviyyəsinin yüksəldilməsi istiqamətindəki tədbirlərin məqsdəyönlülüyünün təmin edilməsi burada gündəlik fəaliyyət sahəsinə çevrilmişdir. Qeyd etmək lazımdır ki, bu məqsədlərin geçəkləşdirilməsi istiqamətində atılan addımlar son on ilin davamlı inkişafında əhəmiyyətli olmuşdur. Belə ki, 2007-ci ildən 1 yanvar 2017-ci il tarixədək investisiya qoyuluşlarının 6 milyard 345 milyon 844 min 600 manatını və ya 88,7 faizini tikinti-quraşdırma işləri təşkil etmişdir. Ümumi investisiya qoyuluşunun 4 milyard 388 milyon 679 min 200 manatı və ya 61,3 faizi istehsal təyinatlı obyektlərin, 2 milyard 765 milyon 514 min 200 manatı və ya 38,7 faizi qeyri-istehsal sahələrinin payına düşmüşdür. Təbii ki, bütün bunlar iqtisadiyyatın müasir iqtisadi şəraitdə sahələrarası əlaqələndirilməsində, risklərə qarşı qorunmasında, müqavimət gücünün artırılmasında və bütün keyfiyyətlərlə birlikdə diversifikasiya edilməsində mühüm amil olmuşdur. Əldə edilən uğurlar muxtar respublikada əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun strukturunun təşəkkülünə şərait yaratmaq məqsədini daşımaqdadır. Bu məqsədlə yönəldilən investisiyaların qarşıdakı dövrlər üzrə yüksək perspektivliyi nəzərə alınmaqla, onun daha çox iqtisadiyyatın inkişaf məqsədlərindən ibarət hədəflərə xidmət etməsi nəzərdə tutulmaqdadır. Məhz bu prioritetlər əsas götürülməklə, son 10 il ərzində iqtisadiyyatın sahələri üzrə ümumi investisiya qoyuluşuna görə, sənaye sahəsi 30,1 faizlik payla birinci yeri tutmuşdur. İnvestisiya qoyuluşunun 4,6 faizi kənd təsərrüfatı sahəsinin, 14,3 faizi ticarət və xidmət sahəsinin, 16,6 faizi mənzil tikintisinin, 9 faizi nəqliyyat sahəsinin, 24,6 faizi isə iqtisadiyyatın digər sahələrinin payına düşmüşdür. Bunlarla yanaşı, muxtar respublikada qeyri-neft sektorunun inkişaf istiqamətlərinin tərkib hissəsi olaraq, informasiya və rabitə sahəsinin davamlı inkişafına diqqət göstərilmiş və son on ildə bu sahəyə ümumilikdə, 57 milyon 293 min 100 manat investisiya qoyulmuşdur. Qeyd edək ki, bu göstərici təkcə ötən 2016-cı ildə 11 milyon 432 min 200 manat təşkil etmişdir.

Beləliklə, Naxçıvan Muxtar Respublikasında güclü potensial, etibarlı iqtisadiyyat, dayanıqlı sosial siyasət mövcuddur. İnkişaf, tərəqqi, intibah hər addımda özünü göstərməkdədir. Hətta ucqar dağ kəndlərində belə ən müasir infrastrukturun yaradılması, yüksək səviyyəli elmin, təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin çevik inkişafı burada social-iqtisadi inkişaf üçün mükəmməl baza formalaşdırmışdır.

Cavadxan QASIMOV,
iqtisad üzrə fəlsəfə doktoru, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında