Şəhidlik zirvəsi şərəf, qürur və hünər simvoludur

Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O, elə bir xüsusiyyətdir ki, onun mahiyyətində təsadüfi heç nə yoxdur. Vətənpərvərliyin ən ali məqamı isə şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər, qeyrət simvoludur.

Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Belə şərəfli ömür sahiblərindən biri də 43-cü ad günü onsuz keçirilən, şəhidliyinin 23 ili tamam olan Elgün Dağbəyi oğlu İsmayılovdur.

Murov dağın zirvəsində şəhidlik məqamına yüksələn Elgün İsmayılovun əziz və unudulmaz xatirəsi yalnız dünyaya göz açdığı ailədə, oxuduğu məktəbdə deyil, həm də çalışdığı “Azərbaycan” qəzeti redaksiyasında daim anılır, ehtiramla yad edilir.

AZƏRTAC “Azərbaycan” qəzetinə istinadla xəbər verir ki, noyabrın 18-də bu mətbu orqanın redaksiyasında şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilən yaradıcılıq müsabiqəsinə yekun vurulub.

Qarabağda, eləcə də Vətənimizin digər guşələrində işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda aparılan müharibədə igid oğullarımız hünər və qeyrətlərini silaha çevirib döyüşlərə yollandılar. Onların arasında əməlinin və hünərinin ucalığında dayanan Elgün adlı bir gənc də var idi. 1974-cü ildə Bakı şəhərində anadan olan, çalışdığı “Azərbaycan” qəzetində qısa müddət ərzində hörmət qazanan, torpaqlarımızın mənfur ermənilər tərəfindən işğalına dözməyən Elgün 1993-cü ildə həqiqi hərbi xidmətə çağırıldı. O, həmin ilin oktyabrında “N” saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə - Füzuli rayonuna göndərildi. Horadizin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırıldı. 1994-cü ilin yanvarında hərbi briqadanın yeri Kəlbəcər ərazisinə, Murov dağına dəyişdirildi. Döyüşçü dostları Elgünü igid və qorxmaz əsgər kimi tanıyırdılar. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murov dağında bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak etmişdir. 1994-cü il aprelin axırlarında keçirilmiş hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın fəxri fərmanına layiq görülmüşdür. Həmin il mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün də var idi. Cəsur əsgər burada düşmən hücumuna məruz qalaraq qızğın döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi.

İş yoldaşları Elgünün xatirəsini həmişə əziz tuturlar. Hər il doğum günündə redaksiya kollektivinin onun xatirəsinə həsr etdiyi tədbir İkinci Şəhidlər xiyabanındakı müqəddəs məzarını ziyarətlə başlayır. Bu il də Elgünün xatirəsi ona doğma olan kollektivi tərəfindən ehtiramla yad edildi. Şəhidin məzarı üzərinə tər çiçək dəstələri düzüldü və ruhuna dualar oxundu.

Sonra anım mərasimi redaksiyada davam etdirildi. Anım tədbirini “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov açaraq bildirdi ki, Vətən uğrunda canından keçən hər bir insan şəhiddir və əlçatmaz zirvə sahibidir. Tarixi ərazilərimiz, dədə-baba yurdumuz olan Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib onun uğrunda ölüm-dirim savaşına atılaraq şəhidlik zirvəsinə yüksələnlər heç zaman unudulmurlar. Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Elgün İsmayılovun anadan olduğu gün isə onu tanıyanların hər biri üçün qürur doğuran tarixdir.

Şəhid Elgünün çox qısa, lakin mənalı həyat və döyüş yolundan, Azərbaycan dövlətinin müstəqillik tarixinin şərəfli və kəşməkəşli olduğundan söz açan baş redaktor onu da xüsusi vurğuladı ki, 2003-cü ildən başlayaraq hər il redaksiyada şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilmiş ənənəvi yaradıcılıq müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim olunan yazılar bir neçə aspektdən dəyərləndirilir. Eyni zamanda, müsabiqə həm də qəzet əməkdaşlarını vətənpərvərliyə, torpağa məhəbbət mövzusunda yazmağa ruhlandırır. “Azərbaycan” qəzetinin səhifələrində belə yazıların mütəmadi işıq üzü görməsini kollektiv vacib sayır. Bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyəti həm də ondadır ki, yaradıcılığa geniş meydan verilir. “Azərbaycan” qəzetində çalışan peşəkarların bu mövzuda publisist baxışları maraqlı olduğu qədər də əhəmiyyətlidir.

Sonra Bəxtiyar Sadıqov bildirdi ki, müsabiqədə qəzetin 15 əməkdaşı iştirak edib. Münsiflər heyəti 2 mərhələdə yazıları qiymətləndirib.

Baş redaktor müsabiqənin qaliblərini elan etdi. Builki müsabiqənin yekunlarına görə redaksiyanın 3 əməkdaşı - Rəşad Baxşəliyev, Rəşad Cəfərli və Elçin Cəfərov fəxri diplom və pul mükafatları ilə təltif olundular.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında