Zaqatala: ölkəmizdə ilk Fındıq festivalı

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda ildə təqribən 35 min ton fındıq istehsal olunur. Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür. Fındıqçılıq rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur.

Rayonun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın daha geniş təbliğ edilməsi məqsədilə noyabrın 18-də Zaqatala rayonunda ilk dəfə Fındıq festivalı keçirilmişdir.

Rayon icra hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan festivalda respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, o cümlədən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, təşkilatçı qurumların rəsmiləri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, rayon sakinləri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anmışlar.

Dədə Qorqud meydanında keçirilən festivalda qonaqlar bal şərbətindən və fındıqlı çörəkdən dadmışlar.

Festivalın rəsmi açılış mərasimində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, rayon sakinlərini əlamətdar bayram münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, Zaqatala bu gün respublikamızda ən sürətlə inkişaf edən rayonlardan biridir. Rayonda fındıqçılığın çox böyük potensialı var. Fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilmişdir. Hələ 1929-cu ildə rayonda keçmiş SSRİ məkanında yeganə olan fındıq emalı zavodu fəaliyyətə başlamışdır. Zavodda istehsal olunan fındıq və konserv məhsulları SSRİ-nin bütün respublikalarına, həmçinin bir sıra Avropa ölkələrinə ixrac edilirdi. 1932-ci ildə isə Zaqatalada ilk fındıqçılıq sovxozu yaradılmışdır.

Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Son iki ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 17 min hektara çatdırılmışdır. Ötən il Zaqatalanın emal müəssisələri tərəfindən 91 milyon manat dəyərində fındıq məhsulu ixrac olunub. Cari ildə isə fındıq ixracının 120 milyon manata çatacağı gözlənilir. 2017-ci ilin 10 ayı ərzində isə xarici ölkələrə 95 milyon manat dəyərində fındıq məhsulu göndərilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev çıxış edərək, respublikamızın müxtəlif bölgələrində ənənəvi keçirilən belə festivalların rayonların turizm potensialının təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırmışdır.

Sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıqdan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olmuşlar. Ən gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işi, ən gözəl fındıq geyimi, fındıqla bağlı ən zəngin məlumat lövhəsi, fındıq ləpəsinin qısa müddətdə ipə düzülməsi, ən qısa müddətdə fındığın qırılması, ləpənin təmizlənməsi və digər müsabiqələr festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında