Litvalı qonaqlar Ağstafada

Litva respublikasının Briştonas şəhərinin nümayəndə heyəti Ağstafa ilə tanışlıq proqramı çərçivəsində bu rayona səfər etmişdir. Briştonas bələdiyyəsinin rəhbəri Niyole Dirqinçienenin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində şəhər şurasının katibi, şura üzvləri, şəhər gimnaziyasının direktoru və digər rəsmi şəxslər olmuşlar.

Qonaqları icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev qəbul etmişdir. İcra hakimiyyətinin başçısı səmimi söhbət əsnasında qonaqlara Ağstafanın tarixi, coğrafiyası, sosial-iqtisadi, ictimai-mədəni həyatı barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Ağstafa xalqımızın ümummilli lideri Heydər Əliyevin qurub-yaratdığı, bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında günü-gündən çiçəklənən, dünyada mövqeyini möhkəmləndirən müasir Azərbaycanın ən gözəl və inkişaf etmiş rayonlarından birinə çevrilməkdədir. Ağstafa artıq inkişafda olan sənaye zonası hesab edilir. Dövlət başçısının müvafiq sərəncam və tapşırıqları ilə burada yeni-yeni istehsal, sənaye və emal müəssisələri yaradılmış, eyni zamanda, rayonun yol-nəqliyyat infrastrukturu kompleks şəkildə tamamilə yenidən qurulmuş, çox sayda təhsil, səhiyyə, mədəniyyət ocaqları inşa olunmuşdur. Rayonun inkişaf etdirilməsi, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində işlər bu gün də uğurla davam etdirilir.

Niyole Dirqinçene səmimi qarşılandıqları üçün minnətdarlığını bildirmişdir. O, Briştonas şəhəri haqqında geniş məlumat vermişdir. Qonaq qeyd etmişdir ki, turizm şəhəri olan Briştonas özünün müalicəvi mineral suları, sağlamlıq mərkəzləri, sanatoriyaları, təbiəti və meşə massivləri ilə məşhurdur. Burada, həmçinin beynəlxalq musiqi festivalları və incəsənət sərgiləri də təşkil olunur. O, əmin olduğunu bildirmişdir ki, qarşılıqlı səfərlər həm Ağstafa, həm də Briştonas üçün uğurlu olacaqdır.

Görüşün sonunda bələdiyyə sədrinə milli ornamentli xalça, qədim musiqi aləti olan saz, nümayəndə heyətinin hər bir üzvünə isə milli-mənəvi dəyərlərimizi xarakterizə edən müxtəlif hədiyyələr təqdim edilmişdir.

Həmin gün qonaqlar Ağstafa şəhəri ilə yaxından tanış olmuşlar. Onlar açıq səma altında inşa olunmuş, ölkəmizin tarixini və coğrafiyasını əyani şəkildə təsvir edən mini “Azərbaycan” parkına baxmışlar. Tədbir iştirakçıları Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.

Daha sonra Heydər Əliyev Mərkəzi, “Saloğlu” mebel fabriki, şəhər musiqi mərkəzi, “Azərxalça”nın rayon filialı, rayon mədəniyyət Mərkəzi, Səməd Vurğun parkı, “Yazıçılar evi”, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası, “Akkord” tikiş fabriki, “Ağstafa Aqroservis” MMC və “Karvan-L” EKO sənaye parkı ilə yaxından tanışlıq olmuşdur.

Sonda icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev litvalı qonaqların Ağstafaya səfər etmələrindən məmnunluğunu ifadə etmiş, ikitərəfli əməkdaşlığın Ağstafa və Briştonasın sosial-iqtisadi, mədəni həyatında mühüm rol oynayacağını bildirmişdir. Niyole Dirqinçiene isə demişdir ki, Ağstafaya səfər onlarda çox böyük təəssürat yaratmaqla, həm də əvəzsiz təcrübə mübadiləsi olmuşdur. O, qeyd etmişdir ki, Ağstafa nümayəndə heyətinin yolunu Litvada səbirsizliklə gözləyirlər.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında