Şamaxı məktəbliləri şimal bölgəsinə yola salınmışdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq!” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Şamaxı rayonunun məktəbliləri də cəlb edilmişdir.  Məktəblilərin səfərə yola salınmasından bir gün öncə – noyabrın 15-də Şamaxı rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə görüş keçirilmişdir.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək, ölkəmizdə gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışmış, dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd etmişdir. O, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın, o cümlədən bölgələrin dinamik sosial-iqtisadi inkişafı barədə geniş məlumat verərək, tur-aksiya iştirakçılarına getdikləri şəhər və rayonlar haqqında geniş bilgilər əldə etməyi, yeni dostlar tapmağı tövsiyə etmiş və mənalı istirahət arzulamışdır.

Rayon rəhbəri Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafına göstərdikləri diqqət və qayğıdan, gənclərin vətənpərvərlik tərbiyəsindən də bəhs etmişdir.

Sonra rayon ağsaqqallar şurasının sədri Mayıl Alıcanov, rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, ötən tur-aksiyalarda qrup rəhbəri kimi iştirak etmiş rayonun Nağaraxana kənd tam orta məktəbinin direktoru İqbal Məmmədov çıxış edərək 4-cü ildir ki, keçirilən tur-aksiyanın əhəmiyyətindən danışaraq ölkəmizin bölgələri ilə yaxından tanışlığın şagirdlərdə yüksək təəssüratlar yaratdığını, dünya-görüşlərinin formalaşmasında mühüm rol oynadığını bildirmişlər.

Noyabrın 16-da səhər saatlarında rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki parkda müasir Azərbaycanın qurucusu və memarı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə çiçəklər düzərək ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

Sonra rayonun 40 məktəblisi “Ölkəmizi tanıyaq!” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarına yola salınmışdır.

Yolasalmadan öncə, iştirakçılar Qala divarlarının qarşısında toplanaraq, musiqi sədaları altında şən ab-havada rəqs etmiş, Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin çıxışlarına tamaşa etmişlər.

Tur-aksiyanın iştirakçısı, Şamaxı şəhərindəki Avropa liseyinin şagirdi Mirzə Qədirli dövlət tərəfindən uşaqlara göstərilən qayğıdan danışaraq, ölkəmizin bölgələrini daha yaxşı tanımaları üçün tur-aksiyanın əhəmiyyətinin böyük olduğunu qeyd etmiş, gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında