Daxili Qoşunlar ictimai asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanmışdır

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsində nazir, general-polkovnik Ramil Usubovun iştirakı ilə 2010-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.
DİN-in mətbuat xidmətindən bildirmişlər ki, daxili qoşunlar komandanının 1-ci müavini - qərargah rəisi, general-mayor Şirin Xəlilov xidməti-döyüş fəaliyyəti haqqında məruzə ilə çıxış etmişdir. O, ötən il qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi, ölkədə sabitliyin, ictimai asayişin yüksək səviyyədə qorunması üçün bir sıra təşkilati-praktik tədbirlərin həyata keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, hissə və bölmələrin döyüş, peşə hazırlığının, təlimin keyfiyyətinin yüksəldilməsi, qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi, nümunəvi nizam-intizama nail olunması və digər tapşırıqların layiqincə yerinə yetirilməsi Daxili Qoşunların əsas vəzifələri olmuşdur.
Paytaxtda və bölgələrdə keçirilən müxtəlif tədbirlərdə təhlükəsizlik yüksək səviyyədə qorunmuş, şəxsi heyət Sabirabad, İmişli, Hacıqabul və Saatlı rayonlarında təbii fəlakətin qarşısının alınmasında da fəal iştirak etmişdir.
Ötən il ərzində hərbi intizamın vəziyyəti və tərbiyə işləri diqqət mərkəzində saxlanılmış, müvafiq göstərişlər hazırlanaraq hərbi hissələrə göndərilmiş, Daxili Qoşunların xüsusi təyinatlı bölmələrinin peşə hazırlığının artırılması məqsədi ilə müxtəlif mövzular üzrə taktiki və xüsusi-taktiki təlimlər keçirilmişdir. Hesabat dövründə Daxili Qoşunların müasir texnika, silah və avadanlıqla təchiz olunması istiqamətində də mühüm işlər görülmüş, şəxsi heyətin sosial vəziyyətinin, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması, hərbi şəhərciklərin müasir standartlara uyğunlaşdırılması diqqət mərkəzində olmuşdur.
Hərbi hissə komandirləri il ərzində görülən işlər barədə məlumat vermişlər.
Sonra çıxış edən daxili işlər nazirinin müavini - daxili qoşunlar komandanı, general-leytenant Zakir Həsənov hesabat dövründə qarşıya qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün hissə və bölmələrin döyüş hazırlığının daim nəzarətdə saxlanıldığını, komandirlərin və idarəetmə orqanlarının hazırlığına, qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsinə, şəxsi heyətin mənəvi-psixoloji durumuna, hərbi qulluqçuların Vətənə, dövlətə, dövlətçiliyə və hərbi anda sadiqlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirildiyini bildirmişdir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində 2010-cu ildə hərbi hissələrin müasir silah və texnika ilə təmin olunması, təşkilatçılıq və idarəçilik işinin təkmilləşdirilməsi, hərbi qulluqçuların mənzil -məişət şəraitinin daha da yaxşılaşdırılması üçün lazımi addımların atıldığı qeyd edilmişdir. Bildirilmişdir ki, Daxili Qoşunların döyüş hazırlığının tələb olunan səviyyədə saxlanılması, xidməti döyüş tapşırıqlarının yüksək səviyyədə icrası, hərbi intizamın daha da möhkəmləndirilməsi üçün bütün zəruri tədbirlər görüləcəkdir.
Daxili Qoşunların 2010-cu ildəki fəaliyyətini yüksək qiymətləndirən nazir R.Usubov demişdir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar hesabat dövründə ictimai-asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanmış, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməmiş, uğurlarını və döyüş hazırlığını daim artırmışdır. Nazir xidməti-döyüş fəaliyyətində bəzi nöqsanların da mövcudluğunu qeyd etmiş, onların aradan qaldırılması üçün konkret tapşırıq və tövsiyələrini vermişdir. Bildirmişdir ki, bütün diqqət şəxsi heyətin döyüş hazırlığının, peşəkarlığının daim yüksək səviyyədə saxlanılmasına, vətənpərvərlik hissinin daha da yüksəlməsinə yönəldilməlidir.
Hərbi qulluqçuların cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə və xüsusi əməliyyatlarda fəal iştirakını, qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdiyini vurğulayan nazir uğurlardan arxayınlaşmamağı, döyüş hazırlığını, mənəvi-psixoloji durumu daim yüksək saxlamağı tövsiyə etmişdir.
R.Usubov DİN-in mühüm struktur hissəsi olan Daxili Qoşunlarda da dövlətinə, Prezidentinə, xalqına sədaqətli, peşəkar kadr potensialının formalaşdığını söyləmiş və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, şəxsi heyət 2011-ci ildə də qarşıya qoyulmuş bütün xidməti-döyüş tapşırıqlarını, eyni zamanda möhtərəm dövlət başçımızın əmr və göstərişlərini layiqincə yerinə yetirəcək, yüksək etimadı əməli fəaliyyəti ilə doğruldacaqdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında