Milli qəhrəmanlarımız iftixarımızdır

Xətai Rayon İcra Hakimiyyəti və “Azərbaycanın Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin təşəbbüsü ilə rayonun 205 saylı məktəbində təşkil edilmiş toplantını ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirə gecəsi də adlandırmaq olardı. Əslində isə bu gün ictimai birlik tərəfindən hazırlanmış və onların təşəbbüsü ilə Türkiyədə nəşr edilmiş Azərbaycan Milli qəhrəmanlarının şəkilləri olan plakatın təqdimatı idi.

Toplantıda Qarabağ müharibəsinin veteranları, bu müharibədə şəhid olmuş qəhrəman oğulların ailə üzvləri, İkinci dünya müharibəsinin iştirakçıları ilə yanaşı, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın həyat yoldaşı Meltəm Özoral da iştirak edirdi.

205 saylı orta məktəbin direktoru Ziba Rzayeva tədbiri açaraq bildirdi ki, hər bir xalqın və millətin dayağı və güvənc yeri onun ordusu və bu orduda şərəflə xidmət edən mərd oğullarıdır. Bu gün bura, XX əsrin sonlarında və XXI əsrin əvvəllərində şücaəti, igidliyi və dönməzliyi ilə adını Azərbaycanın müstəqillik tarixinə Milli Qəhrəman kimi yazdıran Vətən oğullarının şəninə toplaşmışıq.

Xətai Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məslələr şöbəsinin müdiri Pənah İmanov çıxışında bildirdi ki,  “Azərbaycanın Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyi, onun rəhbəri Elxan Uluxanlı, birliyin rayon şöbəsinin rəhbəri Fəranə Alıyeva çox vacib və əhəmiyyətli bir layihəni gerçəkləşdirmişlər. Onlar müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını belə əsirgəməyən, yağı düşmənlə döyüşlərdə böyük hünər göstərmiş milli qəhrəmanlarımızın şəkilləri əks olunan böyük bir plakatın nəşrinə nail olmuşlar. Çünki onun məramı ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş və əksəriyyətinin qəhrəmancasına həlak olduğu Azərbaycan oğullarını insanlara, xüsusilə də yeniyetmələrə və gənclərə tanıtmaqdır.

Natiq qeyd etdi ki, gənclər bu uca ada layiq olan hər bir Vətən övladını, onların keçdiyi böyük və şərəfli döyüş yollarını, göstərdikləri igidlikləri yaxından tanımalı və öyrənməlidirlər. Hər bir Azərbaycan vətəndaşı görməlidir ki, dövlətimiz, xalqımız öz milli qəhrəmanlarının, Vətən uğrunda canlarından keçmiş şəhidlərinin adlarını həmişə uca tutur və heç vaxt unutmur.

Ümummilli liderimiz Heydər Əliyev şəhidlərimiz, igid əsgərlərimiz haqqında danışarkən demişdir: “Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir”.

P.İmanov Azərbaycan Ordusunun müstəqillik illərindəki inkişafı tarixindən danışaraq qeyd etdi ki, bu gün Silahlı Qüvvələrimiz istər döyüş hazırlığına, istər müasir silah və sursatlarla təminatda, istərsə də qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində regionun ən güclü ordusudur. Ötən ilin aprel ayına qədər buna şübhə ilə yanaşanlar, bu fikirlə razılaşmayanlar var idi. Lakin 2016-cı ilin aprel ayında Ermənistanın cəbhə xəttindəki təxribatına cavab olaraq Ordumuzun az sayda kontingentinin əks həmləyə keçərək düşmənə endirdiyi sarsıdıcı zərbələr nəticəsində bir neçə strateji məntəqəni ələ keçirməsindən sonra buna heç işğalçı Ermənistanın da şübhəsi qalmadı. Çünki bu gün orduda bu plakatda şəkilləri əks olunan milli qəhrəmanlarımızın layiqli davamçıları, xalqımızın mərd oğulları xidmət edirlər.

Məktəbli gənclərin milli qəhrəmanlara həsr etdikləri ədəbi-bədii kompozisiyanın təsirindən göz yaşlarını saxlaya bilməyib bir qədər kövrələn Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın həyat yoldaşı Məltəm Özoral tədbirdə çıxış edərək bildirdi ki, xalqın öz qəhrəmanlarına göstərdiyi bu hörmət və ehtiram alqışa layiqdir. Türkiyədə də hələ ötən əsrdə baş vermiş məşhur Çanaqqala döyüşünün qəhrəmanlarını böyük sevgi və ehtiramla yad edirlər. Nə qədər ki, millətin belə mərd, ölümün gözünə dik baxan rəşadətli oğulları var, onu heç bir qüvvə, heç bir ordu yenə bilməz.

Təqdimat mərasiminin sonunda Xətai rayonundakı 15 qabaqcıl məktəbə ictimai birliyin hazırlayıb nəşr etdirdiyi “Azərbaycanın milli qəhrəmanları” plakatları və xatirə kitabları təqdim edildi. Qeyd edildi ki, bu əyani vasitələr milli qəhrəmanlarımızın tanıdılmasına, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda böyüməsinə öz töhfəsini verəcək.

Sonda Xətai Rayon İcra Hakimiyyəti adından xanım Məltəm Özorala “Azərbaycanın milli qəhrəmanları” kitabı və xatirə hədiyyəsi təqdim edildi.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında