“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya davam edir

Tur-aksiya iştirakçıları Gəncənin möhtəşəm məkanları ilə tanış olublar

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya davam edir.

Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Sumqayıt şəhərindən, paytaxtın Xəzər, Pirallahı, Qaradağ, eləcə də Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan IX-XI sinif şagirdləri noyabrın 12-də Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar.

Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Əvvəlcə məktəblilər şeyx Nizaminin və şairin valideynlərinin qəbirlərini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə 14-cü əsrdə tikilib. Bu vaxtadək şairin məzarı üzərində müxtəlif əsrlərdə 4 dəfə türbə inşa olunsa da, onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında qırmızı qranitdən istifadə edilib.

Komplekslə tanışlığı davam etdirən şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.

Sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi Muzeyinə gəliblər. Bildirilib ki, muzeyin binasının təməli 2013-cü ildə qoyulub. Bundan bir il sonra Prezident İlham Əliyevin Gəncəyə növbəti səfəri zamanı muzey istifadəyə verilib.

Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dahi şairin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpası, əsərlərinin tərcüməsi və tədqiq olunması ilə bağlı fərman və sərəncamları sərgilənir. Muzeydə dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar da nümayiş etdirilir.

Burada məktəblilər vaxtilə dahi şairin əsərlərinə həsr olunan və hazırda dünyanın Metropoliten, Viktoriya və Albert, Drezden, Vatikan kimi muzeylərin ən qiymətli eksponatları sırasında yer tutan, “Xəmsə”nin motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.

Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan “İmamzadə” dini kompleksi ilə tanışlıq da şagirdlər üçün maraqlı keçib. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. “İmamzadə” ziyarətgahı əsrlər boyu insanların üz tutduğu müqəddəs məkanlardandır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş abadlıq-quruculuq və yenidənqurma işləri həyata keçirilib.

Bildirilib ki, “İmamzadə” kompleksinin ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra Şahzadə İbrahimin qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə yaraşıqlı minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan “İmamzadə” kompleksi məktəblilərdə böyük maraq oyadıb.

Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda ümummilli liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Məktəblilər 1606-cı ilin yadigarları olan Şah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan Karvansarayı ilə tanış olub, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın türbəsini ziyarət ediblər.

Açıq səma altında muzeyi xatırladan Cavad xan küçəsindəki gəzinti də məktəblilərə xoş təsir bağışlayıb. Şagirdlər küçə boyu irəlilədikcə onlara Gəncənin zəngin və çoxəsrlik memarlığının ən gözəl örnəklərinin qorunub saxlandığı, vaxtilə şəhərin mülkədarları və varlı tacirləri tərəfindən inşa edilən imarətlər, tarixi tikililər haqqında ətraflı məlumat verilib.

Tur-aksiya iştirakçıları daha sonra Məhsəti Gəncəvi adına mədəniyyət mərkəzinə gəliblər. Mədəniyyət ocağı ilə tanışlıq zamanı bildirilib ki, mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Burada XII əsrdə yaşamış Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanıb. Bundan başqa, mərkəzdə muzey, qalereya, kitabxana, müxtəlif tədbirlər üçün iclas zalı və sərgi salonu fəaliyyət göstərir.

Şagirdlər Gəncə çayı ətrafında yeni istifadəyə verilmiş Bulvar Kompleksində də olublar. Onlar Bayraq meydanında 120 metr hündürlükdə dalğalanan Azərbaycan bayrağını seyr edib, ölkənin dövlətçilik tarixindən bəhs edən guşələrə baxıblar.

Tur-aksiya iştirakçıları şəhərlə tanışlıqlarını çay boyunca salınan parklar, xiyabanlar, müxtəlif ictimai iaşə və mədəniyyət obyektləri və əyləncə mərkəzləri ilə tanışlıqla davam etdiriblər.

Sonda isə tur-aksiya iştirakçıları Prezident İlham Əliyev tərəfindən yenicə istifadəyə verilmiş Mirzə Şəfi Muzeyinə və şairin adını daşıyan parka gəliblər.

Məktəblilərə məlumat verilib ki, Mirzə Şəfi Muzeyi Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Gəncədə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib.

Tur-aksiya iştirakçılarına Gəncədə XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Mirzə Şəfi Vazehin yaradıcılığının Azərbaycan ilə Avropa arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm yer tutduğunu deyən bələdçilər mütəfəkkirin adını daşıyan muzeydə görülən işləri də diqqətə çatdırıblar.

Bildirilib ki, şəhərin “Gülüstan” ərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunmuş muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.

 

Ölkəmizin cənub bölgəsi ilə tanışlıq məktəblilərə zəngin təəssürat bəxş edib

 

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı olan Gəncə şəhərinin, Ağstafa, Qazax, Bakının Nəsimi və Yasamal rayonlarının məktəbliləri noyabrın 12-də Lənkəran rayonuna səyahət ediblər.

Tur-aksiyanın iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ulu öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Sonra tur-aksiyanın iştirakçıları Lənkərandakı “Xanbulan” istirahət mərkəzinə və Hirkan Milli Parkına səyahət ediblər.

Məktəblilərə məlumat verilib ki, ümumi sahəsi 21 min 435 hektar olan Hirkan Milli Parkı Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Park 2004-cü il fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılıb. Milli Park Hirkan qoruğunun və qoruğa bitişik meşə fondunun ərazisini əhatə edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı UNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün qeydiyyata alınıb.

Bildirilib ki, Hirkan Milli Parkı çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı min illərlə ölçülür.

Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də yaxından tanış olublar.

Tur-aksiyanın iştirakçılarına cənub bölgəsində çayçılığın inkişaf tarixi, müəssisədə aparılan elmi-tədqiqat işləri, təcrübələr və onların nəticələri barədə ətraflı məlumat verilib.

Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Mayak” binası, “Dairəvi Qala”, Bayraq Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub.

Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə igid qəhrəmanın İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.

Axşam saatlarında məktəblilər “Şah sarayı”nda onlar üçün təşkil edilmiş müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.

* * *

Həmin gün tur-aksiyanın Samux, Gədəbəy, Şəmkir və Daşkəsən rayonlarından olan iştirakçıları Astara və Masallı rayonuna səyahət ediblər.

Məktəblilər Astara rayonunda Heydər Əliyev Mərkəzində, “Gənclər evi”ndə, Xəzər dənizi sahilində 8 hektar ərazidə salınmış park-bulvar kompleksində, “Yanar bulaq”da və “Astaraçay” MMC-nin çay fabrikində, Masallı rayonunda Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Tarix-Diyarşünaslıq Muzeyində, Uşaq İncəsənət Məktəbində, Dövlət Rəmzləri  Muzeyində, Olimpiya İdman Kompleksində, “ASAN həyat” kompleksində və Viləşçay su anbarında olublar.

Cənub bölgəsinə səyahəti həmişə xatırlayacaqlarını diqqətə çatdıran məktəblilər tur-aksiyanın onlarda zəngin təəssürat yaratdığını bildiriblər.

 

Quba və Qusar rayonlarının görməli yerləri məktəblilərdə xoş təəssürat yaradıb

 

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində səkkiz rayon və bir şəhəri təmsil edən məktəblilər noyabrın 12-də Quba və Qusar rayonlarının görməli yerləri ilə tanış olublar.

Şimal bölgəsinə ekskursiyada Bərdə, Ağdam, Tərtər, Goranboy, Ağcabədi, Beyləqan, Cəbrayıl, Qubadlı rayonlarını və Naftalan şəhərini təmsil edən ümumtəhsil məktəblərinin 400-ə yaxın yuxarı sinif şagirdi iştirak edir.

Ağdam, Ağcabədi, Beyləqan, Cəbrayıl, Qubadlı rayonlarından olan məktəblilərin qədim Qubaya ekskursiyası zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıqla başlayıb. Məktəblilərin diqqətinə çatdırılıb ki, məscid 1802-ci ildə tikilib. Dini məbədin tikintisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.

Sonra məktəblilər dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbəyə gəliblər. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, eləcə də dağ yəhudilərinin ibadət etdikləri sinaqoqla yaxından tanış olublar.

Şagirdlərin diqqətinə çatdırılıb ki, millətlərarası münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasında tolerantlıq və multikultural dəyərlər vacib rol oynayır. Ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətidir. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür.

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tur-aksiya iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Tur-aksiya iştirakçıları şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.

Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.

Tur-aksiya iştirakçıları, həmçinin “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə də yaxından tanış olublar.

Bərdə, Tərtər, Goranboy rayonlarını və Naftalan şəhərini təmsil edən məktəblərin şagirdlərindən ibarət qruplar isə noyabrın 12-də Azərbaycanın şimal qapısı sayılan Qusar rayonuna gəliblər.

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, Azərbaycanda aparılan məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi ölkədə işgüzar fəallığın yüksəldilməsinə, qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsinin, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri uğurlu nəticəsini verməkdədir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünü təminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur.

“Şahdağ” Turizm Mərkəzi ilə tanışlıq zamanı şagirdlərin diqqətinə çatdırılıb ki, turizm mərkəzi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Görülən işlər nəticəsində “Şahdağ” Turizm Mərkəzinə gələn avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb. Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” Turizm Mərkəzində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. Azərbaycanda turizm biznesinin inkişafı qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir.

Günün ikinci yarısında məktəblilər rayonun Həzrə kəndində “Şeyx Cüneyd” türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.

Daha sonra şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi və rəsm qalereyası ilə yaxından tanış olublar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında