Misirdə siyasi böhran davam edir

Misir hökumətinin minlərlə əleyhdarı yenidən etiraz aksiyaları keçirib. Son mitinqlərdə iki milyona yaxın insan iştirak edib. Etirazçılar paytaxt Qahirə və Misirin ikinci şəhəri olan İskəndəriyyədə toplaşıblar. Nümayişdən əvvəl paytaxtın Təhrir meydanında bayram əhval-ruhiyyəsi olub. Misirlilərin əksəriyyəti inanır ki, prezident H. Mübarəkin hakimiyyətdən getməsinə çox az qalır. Misir ordusunun mitinq iştirakçılarına qarşı gücdən istifadə etməyəcəyinə söz verməsi adamları ürəkləndirib.
Xatırladaq ki, Misirdə prezident Hüsnü Mübarəkin istefası tələbi ilə yanvar ayının 25-dən başlayan kütləvi etirazlar səngimək bilmir. Hökumətin istefaya getməsi və vitse-prezident vəzifəsinin təsis olunması da Misir xalqını qane etməyib. Bunun müqabilində H. Mübarək polis ilə bərabər ordunu da aksiyaları yatırmaq məqsədilə səfərbər edib. Ancaq hərbçilər aksiya iştirakçılarına təzyiq göstərməkdən imtina edirlər. Nümayişçilər də orduya xitabən "Ya Mübarəki, ya da Misiri seçin" şüarı ilə çıxış edirlər. Aksiya iştirakçıları yalnız gündüzlər deyil, gecələr də fəaldırlar. Paytaxt Qahirənin mərkəzindəki Təhrir meydanından gecə də ayrılmayan nümayişçilər H. Mübarək istefa verənədək aksiyalardan əl çəkməyəcəklərinə dair and içiblər.
Lakin prezident H.Mübarək ölkədə vəziyyəti öz xeyrinə dəyişmək üçün manevrlər etməkdə davam edir. O, yeni hökuməti formalaşdırmaq üçün təlimat verdiyi Əhməd Şəfiqə siyasi partiyalarla dialoq şəraitində konstitusiya və qanunlarda islahatlar aparmağı da tapşırıb. H.Mübarək həmçinin işsizliyin aradan qaldırılması üçün iqtisadi tədbirlərin görülməsi barədə göstəriş verib. Ancaq aksiya iştirakçıları H.Mübarəkin atdığı bu addımların səmimiliyinə inanmayaraq, nümayişləri davam etdirirlər. Siyasi müşahidəçilərin fikrincə, Misirdə vəziyyət yalnız H. Mübarək istefaya getdikdən sonra sabitləşəcək.
Misirdə aksiyaların davam etdiyi məqamda İsrailin "Haaretz" qəzeti maraqlı bir açıqlama ilə çıxış edib. Qəzetin xəbərinə görə, rəsmi Təl-Əviv Misirdə sabitliyin qorunmasının Qərb ölkələrinin mənafeyinə uyğun olması ilə bağlı öz müttəfiqlərini inandırmağa çalışır. Bununla əlaqədar İsrail Xarici İşlər Nazirliyi ABŞ, Kanada, Çin, Rusiya və bəzi Avropa ölkələrindəki səfirliklərinə yazılı təlimat da verib. Təlimata əsasən, israilli səfirlər fəaliyyət göstərdikləri ölkələrdə Misirdə sabitliyin qorunmasına diqqət çəkməlidirlər. Bundan başqa, İsrail tərəfi H.Mübarək əleyhinə açıqlamaların verilməsinin dayandırılmasını da istəyir.
Qahirədə vəziyyət son dərəcə gərgindir. Belə ki, şəhərdə çörək qıtlığı müşahidə olunur, su təchizatında problemlər artır. Küçələrdə zibil yığışdırılmır. Ən son məlumatlara görə ordudan nümayişçilərə dəstək verildikdən sonra, yeni vitse-prezident Omər Süleyman Misir TV telekanalı vasitəsilə çıxış edərək siyasi qüvvələri islahatlara dair danışıqlara başlamağı xahiş edib.
Onun fikrinə görə, ötən ilki parlament seçkiləri zamanı pozuntular qeydə alınmış dairələrdə yeni seçkilər keçiriləcək. ABŞ Dövlət Departamenti Frank Vişneri xüsusi elçisi statusunda Qahirəyə yola salıb. Ağ evin sözçüsünə görə, F. Vişner Misir rəsmilərini siyasi islahatlarla razılaşmağa çağırıb. Misir prezidenti H.Mubarək isə bəyan edib ki, hakimiyyətdən gedəcək, lakin prezidentlik müddəti bitəndən sonra. Eyni zamanda, o etirazları tənqid edərək deyib ki, bu hadisələr Misirin sabitliyini təhlükə altına alır. ABŞ prezidenti Barak Obama isə televiziya ilə çıxışında Mübarəkin nitqinə cavab olaraq deyib ki, Misirdə dəyişikliklər nizamlı, dinc qaydada keçməlidir və buna indi başlanmalıdır. Misirdəki qeyri-sabit vəziyyət artıq qlobal iqtisadi göstəricilərə öz təsirini göstərməyə başlayıb. Belə ki, neftin dünya bazarında qiyməti son 2 ildə ən yüksək səviyyəyə qalxıb.
PS. Ən son məlumatlara görə, dünən axşam Qahirədəki "Təhrir" meydanında prezident H. Mübarək tərəfdarları ilə onun istefasını tələb edən aksiya iştirakçıları arasında qanlı toqquşmalar baş verib. Ölən və yaralıların olduğu barədə məlumat yayılıb.
"Əl Cəzirə" telekanalının bildirdiyinə görə, " Təhrir" meydanında gecə düşənədək atışma səsləri eşidilib. Hələlik ölü və yaralıların sayı haqqında dəqiq məlumat yoxdur. Ordu qüvvələri H. Mübarək tərəfdarlarına "geri çəkilməsəniz, biz müdaxilə etməyə məcbur olacağıq " - deyə xəbərdarlıq ediblər.
Yayılan xəbərlərə görə, H.Mübarək tərəfdarları meydandakı kütlənin üstünə hətta at və dəvələrlə hücum ediblər. Hücum edənlərin əsasən Misir polisinin və təhlükəsizlik orqanlarının əməkdaşları olduqları ehtimal olunur. Qarşıdakı günlərdə Misirdə qarşıdurma və zorakılıqların daha da artacağı gözlənilir.{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında