Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 2016-cı il noyabrın 18-də “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, dövlət proqramına uyğun olaraq noyabrın 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal festivalı” keçirilib.

Tədbirin aparıcıları xalqımızın əsrlər boyu arıçılıqla bağlı yaratdığı folklor nümunələrini, atalar sözlərini festival iştirakçılarının diqqətinə çatdırıblar. Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxış edərək muxtar respublikanın təsərrüfat və məişət həyatında əsas yerlərdən birini tutan arıçılığın inkişaf tarixindən danışıb, zəngin təbiətin arıçılığın inkişafı üçün əlverişli şərait yaratdığını bildirib, Naxçıvan balının bioloji xüsusiyyətləri barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub.

Festivala muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı bal, vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları çıxarıb. Həmçinin festivalda baldan hazırlanan müxtəlif şirniyyatların, araqların, doşab və şərbətlərin də satışı həyata keçirilir. Naxçıvan balı öz dadı, görünüşü və digər üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zamanda, qonşu ölkələrdə də yaxşı tanınır və yüksək qiymətləndirilir. Tərkibi mineral maddələrlə zəngin olan Naxçıvan balı və arıçılıq məhsulları həm də müalicəvi əhəmiyyətə malikdir.

Ali Məclisin sədri bal və digər arıçılıq məhsulları alıb, arıçılarla söhbət edib, onların qayğıları ilə maraqlanıb.

Qeyd olunub ki, arıçılığın inkişafı sahəsində həyata keçirilən tədbirlər, balın satışı üçün yaradılan şərait, arıçılıq əczaxanalarının fəaliyyət göstərməsi və dərman təminatı keyfiyyətli məhsul istehsalına və arı ailələrinin sayının artmasına səbəb olub. Əgər muxtar respublikada 2000-ci ildə 12 min 620 arı ailəsi olmuşdursa, hazırda arı ailələrinin sayı 70 mindən çoxdur. Son illər arıçılar balla yanaşı, qiymətli arı məhsulları olan vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları da istehsal edirlər. Arı ailələrindən toplanılan və xüsusi tibbi əhəmiyyəti olan bu cür qiymətli arı məhsullarına tələbat ilbəil artır. Eyni zamanda, balın qablaşdırılması və emalı müəssisələrinin fəaliyyət göstərməsi istehsal olunan məhsulun daha rahat satışına imkan verir.

Ali Məclisin sədri muxtar respublikanın rayonlarında arıçılarla görüşlərin keçirilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi sahəsində maarifləndirmə işlərinin aparılması, lizinq yolu ilə bal süzən aparatların gətirilməsi və arıçılara verilməsi, arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılmasının davam etdirilməsi, eləcə də arıxanaların yerləşdiyi ərazilərdə balyığma mənbəyi hesab olunan bitkilərin əkininə üstünlük verilməsi barədə tapşırıqlar verib.

Festival noyabrın 12-dək davam edəcək, arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı olub.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında