Azərbaycan bayrağı – birliyin və həmrəyliyin müqəddəs rəmzi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xətai rayonu

 

Payızın göy üzünə çəkdiyi buludlar Günəşin yer üzünə şəfəq  saçmasına macal verməsə də, bu gün Xətai rayonunda milli iftixarımız ulu öndər Heydər Əliyevin adını daşıyan parkda üçrəngli bayraqlarımız şəfəq saçırdı.  Hər birimiz üçün qürur və şərəf günü olan bu əlamətdar bayramda – 9 Noyabr – Dövlət Bayrağı Günündə parkın mərmər döşəməsi də gənc rəssamların məhəbbətindən yaranan müxtəlif bayraqlarla bəzənmişdi. Balaca Nuray isə ürəyindəki bayrağı elə ürəyinin içində həkk etmişdi mərmər meydana. Amma balaca ürəyini şəkildə arzuladığı bayrağın ölçüsündə, lap böyük çəkmişdi. Çünki sevdiyi, qürurlandığı bayrağı beləcə böyük, əzəmətli və möhtəşəm gördüyü üçün ürəyini onun ölçüsünə salmışdı...

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva başda olmaqla aparatın məsul əməkdaşları, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov və bir çox rəsmi qonaqlar ümummilli lider Heydər Əliyevin parkdakı abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad etdikdən sonra dövrəsinə onlarla tamaşaçı toplayan gənc rəssamların bayraq sevgisindən yaranan rəsmləri ilə tanış oldular.

Bayram təntənəsinin rəsmi hissəsini bildirən daha bir dövlət simvolu- Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra uzunluğu 10, eni 3 metrə yaxın olan üçrəngli bayraq alqış sədaları altında meydanın başında yerini tutdu.

Təntənəli mərasimi açan Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva meydana toplaşan vətəndaşları, ictimaiyyət nümayəndələrini, qonaqları mötəbər bayram münasibətilə təbrik edərək dedi: “Dövlət simvolları hər bir ölkənin tarixi və bugünüdür. Onlar ölkənin tarixi keçmişini, onun digər dövlətlərdən fərqli xüsusiyyətlərini ifadə edirlər. Ölkəmizin də bu mühüm dövlət simvollarından biri Azərbaycan Respublikasının dövlət  bayrağıdır”.

J.Abdıyeva qeyd etdi ki, bu gün şəninə toplaşdığımız Dövlət Bayrağı Günü  Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla təsis edilmiş  müasir müstəqil Azərbaycanın ən gənc bayramıdır. Amma onun tarixi ötən əsrin əvvəllərinə - Azərbaycanın uzun əsrlər həsrətində olduğu azadlıq və müstəqilliyə  qovuşduğu 1918-ci ilə təsadüf edir. Tale elə gətirmişdi ki, bu azadlıq və müstəqilliyin ömrü uzun olmamış, cəmi 23 aydan sonra yenə qırmızı terrora yenilərək üçrəngli bayrağı ilə bərabər 70 il milli şüur və düşüncələrdə, həsrət dolu könüllərdə yaşamalı olmuşdur.

Yalnız 1990-cı ildə dərin zəkası, polad iradəsi, müdrikliyi, siyasi təcrübəsi ilə dünyanın ən nəhəng siyasi xadimləri ilə bir sırada duran ümummilli liderimiz Heydər Əliyevin böyük siyasətə qayıdışından sonra üçrəngli, ay-ulduzlu bayrağımız Naxçıvanda yenidən müstəqil dövlət simvolumuz kimi yüksəlməyə başladı.

Naxçıvan Milli Məclisinə üçrəngli bayrağın gətirilməsi artıq onu ehtiva edirdi ki, Azərbaycan Sovet İmperiyasından, bu rejimin totalitar ənənələrindən imtina edərək öz müstəqilliyini bərpa etmişdir. Azərbaycanda, paytaxt Bakıda isə hələ müstəqillik aktı belə qəbul edilməmişdi. Uzaq Naxçıvanda belə bir addımın atılması Azərbaycanda azadlıq mücadiləsinə yeni nəfəs verdi, azadlıq və demokratiya yoluna qapı açdı. Xalq bilirdi ki, müdrik siyasi xadim belə bir qərar verirsə demək, imperiyanın süqutu qaçılmazdır. Müstəqilliyə açılan bu yoldan geri dönmək olmaz. Ona görə də 5 fevral 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətini müzakirəyə çıxararaq, əksər səs çoxluğu ilə üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Bundan bir müddət sonra 1991-ci il oktyabrın 18-də ölkəmizin parlamenti müstəqillik haqqında bəyannamə qəbul edərək müstəqil dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdi. Beləcə Azərbaycan müstəqil və suveren dövlət kimi öz üçrəngli bayrağı ilə bütün dünyada tanınmağa başladı. Azərbaycanın Konstitusiya Aktında təsbit edilən ölkəmizin dövlət atributları haqqında qanunvericilik aktları qəbul edildi və onlar ən müqəddəs əmanət kimi xalqımızın, millətimizin həyatına əbədi vəsiqə qazandı.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov və digər qonaqlar isə çıxışlarında bildirdilər ki, bu gün də ulu öndərin xalqımızın və dövlətimizin maraqlarının hərtərəfli təmin olunması siyasətini bütün sahələrdə uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın dövlət atributlarını, onların özlərində daşıdıqları azərbaycançılıq ideallarını daim uca tutur və əməli fəaliyyəti ilə bu ali və ülvi amalların cəmiyyətimizə aşılanmasına çalışır. Bu, özünü Dövlət bayrağımıza münasibətdə daha bariz şəkildə göstərir.

Artıq 26 ildir ki, ölkəmizin rəsmi simvolu olan Dövlət bayrağı Vətənimizin ayrılmaz bir parçası, milli dəyərlərimizi, bütün azərbaycanlılara xas olan sədaqəti, mərdliyi, namusu, səmimiyyət və xeyirxahlığı təcəssüm etdirən bir varlığa çevrilmişdir. Məhz Dövlət bayrağının altında xarici ölkələrlə ən mühüm dövlət sənədləri imzalanır, əsgərlərimiz və zabitlərimiz Vətənin müdafiəsi naminə rəşadət göstərir, idmançılarımız qələbələr qazanırlar.

Sonda qeyd edildi ki, 8 yaşının tamam olmasına baxmayaraq, Dövlət Bayrağı Günü müqəddəs bir tarix, əziz bir bayram kimi həyatımıza daxil olub və hər birimizin qəlbində öz yerini tutub. Bu bayram həqiqətən ümumxalq bayramına çevrilib. Çünki o yaşından, milli mənsubiyyətindən, dinindən, əqidəsindən asılı olmayaraq, Azərbaycan Respublikasının bütün vətəndaşlarını birləşdirir.

Tədbirin ikinci hissəsi incəsənət ustalarının iştirakı ilə möhtəşəm bayram konserti ilə xatirələrə yazıldı.

Elə həmin gün Xətai rayonunun 245 saylı orta məktəbində və bir çox digər müəssisələrində Dövlət Bayrağı Gününə həsr edilmiş vətənpərvərlik, dövlət atributlarına hörmət və ehtiram, milli dəyərlərə sədaqət təbliğ edən tədbirlər keçirildi.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”

 

Suraxanı rayonu

 

Suraxanı rayonundakı Heydər Əliyev parkında xüsusi tərtibatla bəzədilən Bayraq meydanında  rayon icra hakimiyyətinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri və velosipedçilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri əvvəlcə ulu öndərin rayondakı Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, Dövlət Bayrağı Günü münasibətilə məktəblilər arasında keçirilən rəsm müsabiqəsi qaliblərinin çəkdikləri rəsmlərə baxıblar.

Mərasim Bayraq meydanında keçirilən dövlət himninin oxunması ilə başlayıb. Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra başımızın üstündə dalğalanan üçrəngli, ay-ulduzlu bayraq milli suverenliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Bayraq bizim milli dəyərimiz, qürur mənbəyimizdir.

Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər ümummill lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılan üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilib, bu bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılıb. 1995-ci ildə ümummilli liderin rəhbərliyi altında hazırlanan Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilib.  

İlqar Abbasov xüsusi vurğulamışdır ki, ümummilli liderimizin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını daim uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır.

Bu gün ölkəmizin şəhər və rayonlarda Bayraq meydanlarında dövlət bayrağının təntənəli dalğalandığını görmək mümkündür. Belə yerlərdən biri də Suraxanıdakı Heydər Əliyev parkında yerləşən Bayraq meydanıdır. Dövlət bayrağımız 2009-cu il mayın 4-dən bu meydanda dalğalanaraq hər birimizi qürurlandırır, milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını daha da gücləndirir.

Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev də Dövlət Bayrağı Gününün əhəmiyyətindən danışıb, belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.

Sonra Heydər Əliyev parkında yerləşən Bayraq meydanından velosipedçilərin yürüşünə start verilib. Yüzdən çox velosipedçi xüsusi geyimdə Dövlət bayrağı ilə rayonun Balandin, Səttar Bəhlulzadə, Atamoğlan Rzayev küçələrindən keçərək “Atəşgah Məbədi” Tarix-Memarlıq Qoruğuna gəliblər. Oradan isə Atamoğlan Rzayev, Malik Mustafayev küçələrindən keçərək finiş nöqtəsinə – Bayraq meydanına daxil olublar. Bütün marşrut boyu və finiş nöqtəsində velosipedçiləri gənclər, sakinlər böyük coşqu ilə bayraqlarla salamlayıblar.

Dövlət Bayrağı Günü münasibətilə hazırda rayonun təhsil və mədəniyyət ocaqlarında, müəssisə və təşkilatlarda silsilə tədbirlər davam edir.

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

Sumqayıt şəhəri

 

Bayraq dövlətin və millətin varlığını təsdiqləyən rəmzdir. Bayrağı uca olanın başı da uca olar. Ölkəmizdə Dövlət Bayrağı Günü hər il təntənə ilə qeyd edilir, üçrəngli, ay-ulduzlu bayrağımız öpülüb göz üstə qoyulur. Sumqayıt sakinləri də doğma şəhərdə, 70 metr ucalıqdan boy göstərən milli bayraqla qürur duyur, bayram günlərində məhz onun ucalığına tapınırlar.

Son illərdə özünün sürətli tərəqqi dövrünü yaşayan Sumqayıt dünən də başdan-başa bayraqlar şəhərinə dönmüş, bayrağımızın işığına bələnmişdi. Küçə və meydanlar, parklar, dənizkənarı bulvar bayraq dəbində bəzədilmişdi. Əllərdə “çiçək” açan bayraqlar dalğalanır, ürəkləri duyğulandırırdı. Şəhərin baş meydanındakı uca qüllədən qürurla dalğalanan dövlət bayrağı isə daha da möhtəşəm görünür, göz-könül oxşayırdı.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının nümayəndələri, millət vəkilləri və minlərlə şəhər sakini iştirak edirdi. İctimaiyyət nümayəndələri, o cümlədən gənclər və ümumtəhsil məktəblərinin şagirdləri bir neçə istiqamətdən Bayraq Meydanına doğru kütləvi yürüş etdilər. Oradakı bayram təntənələrində dövlət bayrağının şəninə şeirlər səsləndi, onun rəmzi mənaları açıqlandı, bayraq sevgisinin milli-mənəvi dəyər olmasından söz açıldı. Bildirildi ki, üçrəngli bayrağımız dövlət suverenliyimizin rəmzi, xalqımızın azadlıq və istiqlal ideallarının daşıyıcısı, hər bir vətəndaşın inam və güvənc yeridir. Şəhərdə Bayraq Muzeyi inşa olunur.

Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdirildi.

Sakinlər və qonaqlar şəhərin görməli yerlərini seyr etmək üçün xalq gəzintisinə çıxdılar.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri

 

Qazax rayonu

 

Qazaxda Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunmuşdur.Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri qoymuş, əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

 Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov daha sonra RİH-də keçirilən tədbiri giriş sözü ilə açaraq 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə iştirakçıları təbrik etmişdir. Qeyd etmişdir ki, ilk dəfə Azərbaycan bayrağı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilib. 1998-ci ildə ulu öndər tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamda vətəndaşlarımıza, xüsusilə gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanmasının, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinin önəmi vurğulanır, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar müəyyən edilirdi.

Ümummilli lider bayrağımız haqqında deyirdi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda, Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun”.

Ulu öndərin əsasını qoyduğu həmin siyasət bu gün də davam etdirilir. Respublika Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncam bunun ən bariz nümunəsidir. Bu sərəncama əsasən hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət başçısı 2010-cu il sentyabrın 1-də, Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində demişdir: “Bu bayraq bizim milli dəyərimizdir. Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir”.

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiramın formalaşdırılmasının Prezident İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin hər zaman aparıcı istiqaməti olmasını vurğulayıb.

Sonra rayon icra hakimiyyətinin aparıcı məsləhətçisi Kəmalə Cəfərova, baş məsləhətçi Səba Paşayeva, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Mustafa Mirzəyev və başqaları çıxış edərək bayrağımızın daim uca zirvələrdə dalğalandığını və tezliklə Qarabağda, Xankəndində də ucalacağına əmin olduqlarını bildirmişlər.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

İsmayıllı rayonu

 

İsmayıllıda Dövlət Bayrağı Günü və Konstitusiya Gününə həsr olunmuş ümumrayon tədbiri keçirildi. Tədbir Heydər Əliyev Mərkəzində “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsi ilə başladı. Qeyd olundu ki, Azərbaycanda həyatın elə bir sahəsi yoxdur ki, onun inkişafı, yeniləşməsi, milli maraqlar üzərində qurulması, müasirləşməsi ümummilli lider Heydər Əliyevin şərəfli adı ilə bağlı olmasın. Konstitusiyanın qəbulu da, 70 ildən sonra müstəqil dövlətimizin bayrağının yenidən qaldırılması da ulu öndərin tarixi xidmətləridir.

Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, şəhər 1 saylı tam orta məktəbin direktoru Gündüz Qədirov, gənclər idarəsinin rəisi  Taleh Salehov, Qubaxəlilli kənd tam orta məktəbinin  tarix  müəllimi Rahim Mehdiyev dövlət müstəqilliyinin əbədiləşməsində hüquqi baza olan Azərbaycan Konstitusiyası və Müstəqil Azərbaycanın dövlət bayrağı haqqında çıxış etdilər.

Şəhər 6 saylı tam orta məktəbin şagirdi, inşa yazı müsabiqəsinin qalibi Sabrina Yolçuyeva  öz yazısını idarəetmə məktəbinin dinləyicilərinə təqdim etdi.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Heydər Əliyevi böyük şəxsiyyət, praqmatik düşüncəli siyasi lider, Azərbaycan xalqının xilaskarı kimi xarakterizə etdi. Onun Konstitusiyamızın müəllifi olduğunu diqqətə çatdırdı,  Prezident İlham Əliyevin bu  siyasəti uğurla davam və inkişaf etdirdiyini söylədi. Qeyd etdi ki, o zamankı sərbəst düşüncədən məhrum Azərbaycan rəhbərliyi yuxarıların göstərişlərini gözlədiyi bir vaxtda Naxçıvan Ali Məclisinin qərarı ilə üçrəngli bayrağımız Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edildi.

Sonra tədbir  Mərkəzi Meydanda davam etdirildi. İri həcmli Azərbaycan Bayrağı təntənəli şəkildə meydana gətirildi. İcra hakimiyyətinin  başçısı Mirdaməd Sadıqov təbrik nitqi söylədi. Məktəblilərin, Rayon Mədəniyyət Mərkəzi “Niyal” instrumental ansamblının solistləri Rövşən Teyyubovun, Tərəqqi medallı Sahibə Abdullayevanın, Bəhruz Haşımovun ifaları dinlənildi. Şəhər 1 saylı bağçanın uşaqlarının təqdimatında kompozisiya, şəhər 6 saylı məktəbin şagirdlərinin ifasında hərbi-vətənpərvərlik mahnısı, bayrağımız, Vətənimiz Azərbaycan haqqında söylənilən şeirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Beləliklə, İsmayıllıda bayram əhval-ruhiyyəli xoş bir gün yaşandı.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında