“Binəqədi gənclərinin III liderlik məclisi”

“İslam Həmrəyliyi ili” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, YAP rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində “Binəqədi gənclərinin III liderlik məclisi” layihəsi həyata keçirilib.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar reallaşan bu layihə gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılmasına, onların vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, liderlik bacarıqlarına yiyələnməsinə, habelə asudə vaxtın səmərəli təşkil edilməsinə imkan verən təşəbbüsdür.

Tədbirdə rayonun müxtəlif sahələrindən müsahibə yolu ilə seçilən fəal gənclər iştirak ediblər. Mərasimə, eyni zamanda, Suriya, İraq, Fələstin və Misirdən olan gənclər də qatılıblar.

Layihənin ilk günü gənclər Şamaxının mərkəzində ulu öndərin abidəsini ziyarət edərək, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Burada onlara ümummilli liderimizin həyat və fəaliyyəti, eləcə də bu rayona səfərləri ilə bağlı geniş məlumat verilib. Daha sonra gənclər Şamaxı Cümə məscidini ziyarət ediblər. İştirakçılara məscidin 743-cü ildə inşa olunduğu və onun Azərbaycanın ən qədim müqəddəs məkanlarından biri kimi tanındığı bildirilib. Qeyd edilib ki, sözügedən məscid Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yenidən qurularaq bərpa olunub.

Sonra gənclər Vergilər Nazirliyinin Tədris Mərkəzində qruplara bölünərək, layihənin xüsusi geyimləri ilə təmin ediliblər. Elə həmin gün gənclərin III liderlik məclisinin açılış mərasimi keçirilib. Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Vergilər Nazirliyinin Tədris Mərkəzin rəisinin birinci müavini Ceyhun Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak ediblər.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva layihənin keçirilmə məqsədi barədə iştirakçılara məlumat verib. Bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu gənclər siyasəti nəticəsində  Binəqədi gənclərinin I və II liderlik məclisi müvafiq olaraq 2014-cü və 2015-ci illərdə həyata keçirilib. Daha sonra isə qonaqlar çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıblar.

Açılış mərasimindən sonra ilk təlim başlayıb. Üç gün müddətində “Layihələrin yazılması və idarə olunması” mövzusu ilə bağlı gənclərə ətraflı məlumat verilib. Sonda gənclərin təqdim etdikləri layihələrdən ibarət “Layihə yarmarkası” təşkil olunub.

Layihə iştirakçılarının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsəd-xanası və rayon tarix-diyarşünaslıq muzeyi ilə tanışlıqları, habelə ən qədim yaşayış məntəqələrindən biri olan Dəmirçi kəndinə səfərləri də maraqlı və zəngin təəssüratlarla yadda qalıb.

Axşam saatlarında isə gənclərin asudə vaxtının səmərəli təşkil olunması və onların bilik və bacarıqlarının artırılması məqsədilə layihə iştirakçıları arasında intellektual oyunlar təşkil edilib. Layihə keçirildiyi günlərdə fəallıq göstərən gənclərə qiymətli hədiyyələr təqdim olunub.

Tədbirin sonuncu günündə gənclərin mənimsədikləri biliklər əsasında hazırladıqları layihələrə baxış keçirilib.  

Binəqədi gənclərinin III liderlik məclisi başa çatdıqdan sonra onlara bu layihədə iştirak etmələri barədə sertifikatlar təqdim olunub.

 V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında