Bakıda “Gənclərin məşğulluğu və iş dünyasının gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilir

Noyabrın 6-da Bakı Biznes Mərkəzində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Pan Avropa Regional Şurasının (PARŞ) Gənclər Komitəsinin “Gənclərin məşğulluğu və iş dünyasının gələcəyi” mövzusunda beynəlxalq konfransı işə başlayıb.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyublar. Görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə gül dəstələri düzülüb. Daha sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad edib, məzarları üzərinə tər güllər qoyublar.

  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev konfransda giriş sözü ilə çıxış edərək bildirib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Savadlı, geniş dünyagörüşünə malik gənclərin yetişdirilməsi, onların məşğulluğu hər bir ölkə və beynəlxalq təşkilat üçün başlıca məsələdir. Bütün dünyada gənclərin problemləri əsasən eynidir - məşğulluq, işədüzəlmə, layiqli əmək, sosial müdafiə, istirahət, əyləncə, mənzilə sahibolma, təhsilin səviyyəsi və s.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesablamalarına görə, gənclər arasında qlobal işsizlik səviyyəsi 13,1 faizə çatıb və bu göstərici yaşlı əhali arasındakı işsizlikdən iki dəfə yüksəkdir. Dünya iqtisadi böhranı bir çox ölkələrin əmək bazarlarında gənclərin onsuz da mürəkkəb olan vəziyyətini bir az da gərginləşdirib.

 Heç şübhəsiz, bu günün əmək sferası 50 il bundan öncə mövcud olmuş dövrdən özünün mürəkkəbliyi və dinamikliyi ilə fərqlənir. Gələcək illərin əmək sferası da böyük dəyişikliklərlə üzləşəcək. Bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 201 milyonu ötməsi, ekoloji və təbii resursların tükənməsi fonunda gələcəkdə dünyanın necə dəyişəcəyi barədə bir çox fikirlər səslənir. Bu baxımdan, Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin irəli sürdüyü “Əməyin gələcəyi” təşəbbüsü və bunun ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir.

AHİK sədri deyib ki, məşğulluğun qlobal meyilləri, əmək bazarının gündən-günə rəqəmsallaşması və məşğulluğun yeni formalarının mövcudluğu bu seqmentlər üzrə əmək bazarına daxil olan gənclərin hüquqlarının qorunmasında problemləri üzə çıxarır. Texnologiyanın inkişafı, mobilləşmə həyat tərzimizi dəyişdiyi kimi iş sahələrini və vərdişlərimizi də rəqəmsal istiqamət üzrə dəyişir. Kompüterlər və robotlar istehsalatda və xidmət sahəsində getdikcə üzərinə daha mürəkkəb vəzifələr götürür və bu, həm də iş yerlərinin azalmasına səbəb ola bilər.

 Səttar Möhbalıyev qeyd edib ki, təşkilatçıların proqnozlarına görə, 2020-ci ilin sonuna yaxın yüksək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin sayı beş milyon azalacaq. Bu, təkcə müəssisələrdə çalışan işçilərə aid olmayacaq. Proses həm də ofis əməkdaşlarını, eləcə də xidmət sahəsində işləyənləri əhatə edəcək. Araşdırmalara görə, dünya əmək bazarı təxminən yeddi milyon iş yerini itirəcək, onlardan üçdə iki hissəsi inzibati və ofis vəzifələridir. Lakin informasiya texnologiyaları üzrə mütəxəssislər bundan faydalana bilərlər. Süni intellekt və robotlaşdırmanın inkişafı sayəsində dünyada iki milyon yeni vakansiya yaranacaq. Növbəti dəyişikliklər qadınların məşğulluğuna da mənfi təsir edə bilər, çünki zərif cinsin nümayəndələrinin sayı elmi, mühəndis-texniki ixtisaslar üzrə və riyaziyyatla bağlı sahələrdə xeyli azdır.

Əmək sahəsindəki miqyaslı təhlükələrdən biri də bir çox peşələrə tələbatın itməsi ilə bağlı olacaq. Yaxın gələcəkdə mühasib, əczaçı, sığorta agenti kimi digər peşələr sıradan çıxa bilər. Sərbəst əmək resurslarının yenidən optimal bölüşdürülməsi məsələsi indiyə qədər görünməmiş dərəcədə aktualdır. Digər tərəfdən, texnoloji tərəqqinin sürətləndirilməsi ilə əlaqədar yeni peşələr meydana gəlir və bu gün bir çoxları qeyri-tipik, çevik və başqa məşğulluq seqmentləri üzrə kənarda çalışırlar. Həmçinin işçilərin əmək və sosial təminatlarının müdafiəsi kimi məsələlər həmkarlar ittifaqları tərəfindən böyük diqqət tələb edir. Bunlar əməkçilərin müdafiəsini yaxşılaşdırmağa və əmək bazarına aid olan gələcək məsələləri proqnozlaşdırmağa imkan verəcək.

AHİK sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik əhalisi olan və əhali sayı sürətlə artan az sayda ölkələrdən biridir. 2006-2016-ci illər ərzində əhalinin sayı 14 faiz artıb. Əhalinin 28,1 faizini 15-29 yaşda gənclər təşkil edir və demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edir. Azərbaycan işsizliyin azaldılması sahəsində uğurlu təcrübəyə malikdir və gənclərin məşğulluğu üzrə BMT-nin qabaqcıl ölkələrindən biridir.

Ümummilli lider Heydər Əliyev 1996-cı ildə fevralın 2-nin Gənclər Günü kimi qeyd olunması barədə Sərəncam imzalayarkən demişdi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanaraq, onların imkanlarından maksimum istifadə edəcəyik”. Həqiqətən, gənclərin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilməsi üçün ölkə rəhbərliyi tərəfindən mühüm addımlar atılıb. 2007-ci il “Gənclər ili” elan edildi. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası” imzalandı. Ölkədə Azərbaycan gəncliyi, yoxsulluğun azaldılması və davamlı inkişafı, regionların sosial-iqtisadi inkişafı, məşğulluq strategiyasının həyata keçirilməsi üzrə dövlət proqramları və digər mühüm sənədlər qəbul olunaraq həyata keçirilir.

Azərbaycanın gənclərin məşğulluğu üzrə şəbəkəyə daxil olan ölkələrə qoşulması BMT tərəfindən müsbət qarşılanıb. Bütün bu tədbirlər ona gətirib çıxardı ki, Prezident İlham Əliyevin təbirincə desək, hazırda “Gənclər… cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar”. Ən istedadlı, bacarıqlı oğlan və qızlar dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkilirlər. Mədəniyyət, idman, elm sahələrində onların qarşısında geniş imkanlar açılıb. 2010-cu ildən bu günədək 360 min yeni iş yeri yaradılıb ki, bu müddətdə də işə düzələnlərin 70 faizi gənc kadrlardır. Gənclər arasında işsizliyin səviyyəsi 15 faizdən 10,9 faizə enib. Ölkədə mövcud demoqrafik meyillər və inkişaf perspektivləri, iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət məşğulluq siyasəti formalaşdırılır. Konsepsiya layihəsinin hazırlanması üçün 21 qurumun nümayəndələrindən ibarət işçi qrup yaradılıb və fəaliyyət göstərir. Konsepsiyanın prioritet istiqamətləri sırasına makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, infrastruktur layihələrində və dövlət investisiya xərclərində məşğulluq amilinin formalaşdırılması, demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi daxildir. Həmçinin rəqabətədavamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial məsuliyyətin artırılması və sosial tərəfdaşlığın inkişaf etdirilməsi və digər prioritet istiqamətlər yeni Konsepsiyada əhatə olunacaq.

Səttar Möhbalıyev bildirib ki, Yeni Məşğulluq Konsepsiyası layihəsinin hazırlanmasında əsas tərəfdaşlarımız BƏT, Dünya Bankı və BMT-nin Əhali Fondudur. Məhz bu əməkdaşlıq nəticəsində Bakıda keçirilən təlim-seminarda və tədbirlərdə ölkənin əmək bazarında baş verən vəziyyət, müşahidə olunan meyillər, əldə olunmuş nailiyyətlər və mövcud problemlər, onların həlli yolları, həmçinin növbəti illər üçün müəyyən olunmuş prioritetlər geniş müzakirə olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sosial tərəfdaş kimi bu işlərdə, dövlət məşğulluq siyasətinin hazırlanması və təkmilləşdirilməsində fəal iştirak edir.

Respublika iqtisadiyyatında çevik məşğulluğun müxtəlif formaları mövcud olduğundan AHİK öz səylərini əmək qanunvericiliyindəki əsas anlayış və təyinatların dəyişdirilməsi yollarının axtarışına yönəldib. Əhali, onun işləyən hissəsi konkret iş yerinə, işəgötürənə, iş və istirahət vaxtına, məzuniyyətə və həmkarlar ittifaqlarının sayəsində müəyyənləşdirilmiş əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının olmasına adət edib. Bu gün isə biz müşahidə edirik ki, insanlar internetdəki elanlar vasitəsilə iş tapır, virtual şəkildə muzd barədə sövdələşir və işi yerinə yetirməyə başlayır. O, öz işəgötürənini görmür, ofisdə konkret iş yeri olmur. Onun yalnız bank kartı olur ki, oradakı məbləğ də işəgötürənin arzusu və istəyinə görə dəyişir. Bu gün çoxları evdə işləməyə daha çox üstünlük verir, artıq “8 saatlıq iş günü” anlayışı aktual deyil, “iş yerinin şəraiti” anlayışı da öz əhəmiyyətini itirməkdədir.

Gənclərin böyük bir hissəsi həmkarlar ittifaqı sıralarında birləşir. Bu üzvlük təşkilatımızın üzərinə böyük məsuliyyət qoyur. AHİK bütün gəncləri inkişaf strategiyası çərçivəsində yeni ideyalarını ortaya qoymağa çağırıb. Gənclər siyasəti Həmkarlar İttifaqı rəhbər orqanlarının (Qurultay, Məclis və İcraiyyə Komitəsi) sənədlərinə istinadən həyata keçirilir. Gənclərin təşkilatlanması istiqamətində çoxsahəli tədbirlər görülür. Bunların isə əsas icraçıları AHİK-in və sahə Həmkarlar İttifaqları Respublika komitələrinin nəzdində yaradılan Gənclər şuralarıdır. Şuralar gənclərin həmkarlar ittifaqlarının rəhbər orqanlarında təmsil olunmalarına, müəssisə və təşkilatlarda bağlanan bütün saziş və kollektiv müqavilələrə gənc işçilərə aid müvafiq bölmə və öhdəliklərin daxil edilməsinə səy göstərirlər. Gənclərin istehsalata həm ixtisaslı kadr, həm də fəal ictimaiyyətçi kimi hazırlığı işində stimullaşdırma metodları istifadə olunur. “Bu, mənim peşəmdir”, “Gənclərlə iş üzrə ən yaxşı ilk həmkarlar ittifaqları təşkilatı adı uğrunda”, “Gənclərin liderlik məktəbi”, “Gender bilikləri və texnologiyası məktəbi” layihələri bu qəbildəndir. Gənclərin həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirılməsi məqsədilə “İlin peşəkar gənci” fəxri adı təsis edilib və 100-dən çox gənc bu ada layiq görülüb.

Gənc liderlərimizin dünya miqyaslı tədbirlərdə iştirakı ilbəil artır. Onlar müasir gənclərə xas olan problem və nailiyyətlərin müzakirəsində iştirak edir, əldə olunmuş bilik, müsbət təcrübə və texnologiyaları həmkarları ilə bölüşürlər. “Yeri gəlmişkən, mən bu istiqamətdə Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təcrübəsini xüsusi vurğulamaq istərdim. Komitə tələbə-gənclərin dərsdən sonrakı asudə vaxtlarını onların məşğulluq probleminin həlli istiqamətinə yönəldir. Belə ki, komitə BDU-da fəaliyyət göstərən Karyera Mərkəzi ilə birlikdə biznes həyatında kifayət qədər tanınmış böyük şirkətlərlə (Azercell, Bakcell, SOCAR, Azersun) iş birliyi yaradıb. Mütəmadi olaraq həmin şirkətlərdə mövcud iş imkanları gənclərin diqqətinə çatdırılır. Eyni zamanda, Dövlət İmtahan Mərkəzi ilə birlikdə son kursların tələbələri üçün dövlət qulluğuna imtahanların mərhələləri və qaydaları haqqında məlumat xarakterli görüşlər təşkil edilib. Görülən işlərin nəticəsidir ki, hazırda əyani şöbədə təhsil alan 300-dən artıq tələbə müxtəlif qurumlarda işlə təmin olunub, çox sayda məzun isə dövlət qulluğunda çalışır”, - deyə AHİK sədri qeyd edib.

Səttar Möhbalıyev diqqətə çatdırıb ki, AHİK sosial tərəfdaşlardan biri kimi, Nazirlər Kabineti və Sahibkarlar Milli Konfederasiyası ilə birgə Baş Kollektiv Saziş imzalayıb. Bu sənəddə gənclərin məşğulluğuna təsir edən bir çox yeni, perspektiv məsələlər öz əksini tapıb və icra edilib. Təkliflərimizə əsasən, son illərdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Həmkarlar İttifaqı haqqında” Qanuna və digər hüquqi-normativ aktlara 100-ə yaxın əlavə və dəyişikliklər olunub. İşsizliyin icbari sığortası tətbiq edilib. Söhbət işin itirilməsi halında işçinin müdafiə edilməsi üçün müəyyən əlavə mexanizmdən gedir. Bu mexanizm insanın həyat səviyyəsinin kəskin surətdə aşağı düşməsinə imkan verməyəcək. Bundan əlavə, həmkarlar ittifaqları təkid edirlər ki, işəgötürənlər işçilərin bütün əmək fəaliyyəti boyu yenidən öyrətmə və ixtisasartırma üzrə normaları mütləq olaraq kollektiv müqaviləyə daxil etsinlər, borc ödəmə qabiliyyətsizliyi halında işçiyə əməkhaqqı kompensasiyası mexanizmini müəyyən etsinlər. Bütün bu kompleks ölçülər işçilərin əmək bazarında vəziyyətini daha möhkəm təmin edəcək.

“AHİK gənclərin məşğulluq böhranı ilə mübarizəyə yönəldilmiş effektiv fəaliyyətin işlənib hazırlanmasını, əməkdaşlığın möhkəmləndirilməsini, bir sözlə, insan kapitalına daha çox sərmayə qoyulmasını məqsədəmüvafiq sayır. Hesab edirəm ki, bu toplantı müasir dövrdə gənclərin problemlərinin həlli yollarının araşdırılması, iştirakçı ölkələrin təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacaq, səmərəli müzakirələrlə yadda qalacaq”, – deyə Səttar Möhbalıyev çıxışının sonunda bildirib.

Konfransda Pan Avropa Regional Şurasının müşaviri Qoda Neverauskayte BHİK PARŞ Gənclər Komitəsinin fəaliyyəti barədə danışıb. PARŞ Gənclər Komitəsinin prezidenti Tatyana Maria komitənin 2016-2017-ci illər üçün hesabatını təqdim edib və digər mövzularda çıxışlar dinlənilib.

Konfrans iki gün davam edəcək.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında