Yeni tariflər bir sıra sahələrin inkişafına müsbət təsir göstərəcəkdir

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi islahatlar nəticəsində bu gün Azərbaycan sosial-iqtisadi inkişaf dinamikasına görə dünyada öncül mövqedədir. Eyni zamanda, aparılan islahatların səmərəliliyinə görə də respublikamız dünyada lider sıralardadır. Beynəlxalq iqtisadi-maliyyə təsisatlarının və müvafiq nüfuzlu xarici təşkilatların ölkəmizdə aparılan iqtisadi islahatların uğurlu nəticələri və ümumilikdə bu islahatların sağlam məcrada yürüdülməsi barədə ekspert rəyləri, monitorinqləri bir daha sübut edir ki, dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanın hərtərəfli tərəqqisini təmin edir.
Azərbaycan iqtisadiyyatının 2009 - 2010-cu illərdə qlobal iqtisadi böhrana dayanıqlıq həddi bu gün daha da güclənib. İqtisadiyyatın müxtəlif sahələr üzrə yüksəliş tempi səngiməyib. Ümumi daxili məhsulun, əhalinin gəlirlərinin artımı tendensiyası saxlanılıb. Eyni zamanda, manat bu gün MDB məkanına aid ölkələr arasında ən sabit və dayanıqlı milli valyuta kimi qəbul olunur.
Belə bir şəraitdə istehsalçıların iqtisadi maraqları ilə istehlakçıların sosial maraqlarının uzlaşdırılması mühüm vəzifə kimi qarşıda durur. Elə buna görə də son bir neçə il ərzində ölkəmizin ümumi daxili məhsulun artım tempinə görə dünya ölkələri sırasında lider olması, regional və bütövlükdə dünya iqtisadiyyatında mövqeyinin möhkəmlənməsi, əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması məhz bu istiqamətdə aparılan iqtisadi siyasətin məntiqi nəticəsidir. Kommunal müəssisələrin rentabelliyinin təmin edilməsi ilə yanaşı, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması əldə edilmiş nailiyyətlərin davamlılığının təmin edilməsi baxımından zəruridir.
Bu prosesin tərkib hissəsi olaraq son illər enerji daşıyıcılarının, kommunal xidmətlərin qiymətinin müəyyən edilməsi məqsədilə də araşdırmalar aparılmış və həmin təhlillərin nəticəsi olaraq qiymətlərin tənzimlənməsini zəruri edən bir sıra obyektiv səbəblər nəzərə alınmışdır. Belə ki, xidmətlərin yaxşılaşdırılması üçün zəruri investisiyaların həyata keçirilməsi, xidmət üzrə öhdəliklərin yerinə yetirilməsi, müvafiq sahələrdə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün müvafiq strukturların rentabelliyinin təmin edilməsi zəruridir.
Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilmiş iclasında da bu məsələ diqqət mərkəzində saxlanılmış, aidiyyəti dövlət qurumlarının müraciəti əsasında bir neçə sahə üzrə tariflərə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Aparılmış tarif dəyişikliklərinin əsas səbəbi mövcud tariflərin həmin xidmətlərə çəkilən xərcləri ödəməməsi ilə yanaşı, bu sahədə təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır. Tarif (qiymət) Şurasının katibi Elşən Əsədovun fikrincə, tariflərin dəyişdirilməsi iqtisadi zərurət kimi qarşıya çıxmışdır. Dəmir yolunda mövcud ölkədaxili sərnişindaşıma tarifləri sonuncu dəfə 1997-ci ildə təsdiq edilmişdir. Ötən müddətdə dəmir yolu ilə sərnişindaşımanın maya dəyərində əsas paya malik enerji daşıyıcılarının qiymətləri orta hesabla 3 dəfə artmışdır. Ümumilikdə, tarif tənzimlənməsi iqtisadi cəhətdən əsaslandırılaraq, sosial məsələlər nəzərə alınmaqla kompleks şəkildə həyata keçirilir və istehlakçıların daha keyfiyyətli xidmətlərlə təminatına, təsərrüfat subyektlərinin səmərəli fəaliyyətinə yönəldilir. Yaxud, universal poçt xidmətləri üzrə mövcud tariflər 2002-ci ilin oktyabr ayında təsdiq edilmişdir. Hazırda həmin xidmətlərin maya dəyəri mövcud tarifləri orta hesabla 3,2 dəfə üstələyir. Tariflərin xərclərə uyğunlaşdırılmaması səbəbindən "Azərpoçt" MMC-nin universal poçt xidmətləri üzrə zərəri 5 milyon manatdan çoxdur. Bu isə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin səmərəli təşkilinə imkan vermirdi. Bununla yanaşı, sözügedən qurum üzrə bir nəfərin orta aylıq əməkhaqqı 133 manat təşkil edir ki, bu da respublika üzrə orta göstəricidən 2,4 dəfə aşağıdır. Oxşar problemlər tarif tənzimləməsi aparılan digər sahələrdə də özünü qabarıq büruzə verirdi. Başqa sözlə, su və kanalizasiya xidmətlərində də tariflərin baxılmasına ciddi zərurət yaranmışdı.
Xatırladaq ki, hazırda "Azərsu" ASC-nin xərclərinin 30,4 faizini əməkhaqqı, 28,3 faizini elektrik enerjisi xərcləri təşkil edir. Bununla belə, bu qurumda orta aylıq əməkhaqqı respublika üzrə orta göstəricidən xeyli aşağıdır. Onu da deyək ki, sudan xammal kimi istifadə edən istehlakçılar üçün tariflər dəyişdirilməmiş, hazırkı səviyyədə saxlanılmışdır. Eyni zamanda, əhali istehlakçı qrupunda sayğacsız abonentlər üzrə bir nəfər üçün aylıq istehlak norması 6 kubmetrdən 5 kubmetrə endirilmişdir. Bu, belə abonentlərin hər ay daha az vəsait ödəməsi deməkdir. Tarif Şurası 1 kubmetr suyun maya dəyərinin tariflərdən xeyli aşağı olması nəzərə alınaraq sudan istifadə xidmətlərinin tarifləri ƏDV daxil olmaqla əhaliyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 kubmetr üçün 30 qəpik, digər regionlarda 25 qəpik, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 manat, tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali qrupu üzrə 6 qəpik, digər istifadəçilər üçün 30 qəpik səviyyəsində müəyyən edilmişdir. Tarif dəyişikliyindən sonra yeni normalar nəzərə alınmaqla bir nəfərin aylıq əlavə xərci şəhər yerlərində 42 qəpik, kənd yerlərində isə 41 qəpik təşkil edəcəkdir. Bu isə adambaşına su təchizatı və kanalizasiya xidməti üçün xərclərin 1,32 manatdan 1,8 manata dəyişməsi deməkdir. Tarif dəyişiklikləri "Azərsu" ASC-nin cari istismar xərclərinin ödənməsinə, sudan qənaətlə istifadə olunmasına, israfçılığın qarşısının alınmasına, xidmətin keyfiyyətinin yüksəlməsinə imkan yaradacaqdır. Məsələ müzakirə olunarkən son illər ərzində dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Bakı şəhəri üzrə sayğaclaşmanın 94 faizə çatdırılması, yığımın səviyyəsinin artırılması kimi məsələlər də xüsusi olaraq qeyd edilmiş, bu sahədə tədbirlərin daha da gücləndirilməsi barədə tövsiyələr verilmişdir.
Dəmir yolunda sərnişindaşıma tariflərinin dəyişdirilməsi məsələsinin müzakirəsi zamanı da bir neçə amil nəzərdən keçirilmişdir. İclasda göstərilmişdir ki, dəmir yolu ilə sərnişindaşıma tariflərinə sonuncu dəfə 1997-ci ildə baxılmışdır. Ötən müddətdə dəmir yolu ilə sərnişindaşımanın maya dəyərində əsas paya malik enerji daşıyıcılarının qiymətləri orta hesabla 3 dəfə artmışdır. Bu fəaliyyət növü üzrə "Azərbaycan Dəmir Yolu" QSC-nin xərcləri 54,6 milyon manat, gəlirləri isə 5 milyon manat ətrafındadır. 2009-cu ilin yekunlarına əsasən, qurumun bu xidmət üzrə zərəri 49,4 milyon manat təşkil etmişdir. Tariflərə gəldikdə isə Bakı-Qazax adi qatarında ümumi vaqonda qiymət 1,46 manat, yataq plaskart vaqonda 1,9 manat, kupedə 2,90 manat, SV tipli vaqonlarda isə 5,22 manat idi. Bu qiymətlə həmin istiqamətdə avtobuslarda 1 nəfər üçün təqribən 8 manat, minik avtobillərində isə təxminən 20-25 manat səviyyəsindədir. Başqa sözlə, tariflər alternativ nəqliyyat vasitələrinin qiymətlərindən dəfələrlə aşağı idi. Halbuki hər 100 km məsafəyə qiymətlər kupe vaqonlarda Gürcüstanda 3,2 manat, Ukraynada 4,2 manat, Belarusda və Rusiyada isə 7,6 manat olduğu halda, Azərbaycanda bu rəqəm 70 qəpik təşkil edirdi. Mövcud problemin qismən də olsa aradan qaldırılması və bu sahədə keyfiyyətli xidmətin göstərilməsi üçün "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin müraciəti əsasında müvafiq tariflərə baxılmış və yeni tariflər qəbul edilmişdir.
E.Əsədovun fikrincə, Tarif (qiymət) Şurasının yeni qərarı əhalinin sosial şəraitinə elə də mənfi təsir göstərməyəcək. Mütəxəssislərin hesablamalarına əsasən, suya tətbiq edilən yeni tariflər üzrə əhalinin adambaşına düşən xərcləri Bakı şəhərində 42 qəpik, regionlarda isə 41 qəpik təşkil edəcəkdir. Bu isə əhalinin büdcəsinə elə də ciddi təsir göstərməyəcəkdir. Belə ki, əhalinin adambaşına düşən xərclərində bu artımın xüsusi çəkisi 0,17 faiz təşkil edəcəkdir. Bundan başqa, ötən il pensiyaların baza hissəsi və minimum əməkhaqqı 13 faiz, sosial müavinətlər 20 faiz, qaçqın və məcburi köçkünlərin yemək xərcləri 11 faiz, tələbə və doktorantların təqaüdləri 20 faiz artırılmışdır. Eləcə də 2011-ci il üçün yaşayış minimumu 85 manatdan 95 manata, ünvanlı dövlət sosial yardımı alanlar üçün ehtiyac meyarı 65 manatdan 75 manata qədər qaldırılmışdır.{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında