“Yerli demokratiya həftəsi” vətəndaş cəmiyyətinin inkişafına xidmət edir

Xətai Rayon İcra Hakimiyyəti, Xətai Rayon Bələdiyyəsi və Bakı Şəhər Bələdiyyələri Assosiasiyası ötən ayın 30-da paytaxtda start götürmüş  “Yerli demokratiya həftəsi”  çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda konfrans keçirmişlər.

Xətai Rayon Bələdiyyəsinin sədri Əliyar Əliyev konfransı açaraq bildirmişdir ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin təşəbbüsünə qoşulan Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli assosiasiyaları bu il artıq 10-cu dəfədir ki, “Yerli demokratiya həftəsi” elan edir və müxtəlif mövzularda tədbirlər, konfranslar, görüşlər keçirir. Əsas məqsəd yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyinin artırılması, fikir mübadilələrinin aparılması və qarşılıqlı öhdəliklərin müəyyən olunmasıdır. Bir məram da Avropanın yerli özünüidarəetmə təcrübəsini öyrənərək  Azərbaycanda bələdiyyələrin fəaliyyətini daha da təkmilləşdirmək, yerli demokratik idarəçiliyi ölkədə geniş tətbiq etməkdir.

Sonra Xətai Rayon Bələdiyyəsinin fəaliyyəti barədə məruzə dinlənilmişdir. Qeyd edilmişdir ki, ötən illərdə olduğu kimi, bu il də rayon icra hakimiyyətinin müvafiq qurumları ilə birlikdə əhalisi daha sıx olan yaşayış sahələrində sakinlərlə mütəmadi görüşlər təşkil edilmiş, onları narahat edən problemlər diqqətlə araşdırılmış, bələdiyyə-vətəndaş münasibətlərində qarşılıqlı anlaşmanın təmin edilməsinə, hər bir məhəllə sakininin, hər bir ailənin müraciət və təkliflərinin reallaşmasına ciddi səy göstərilmişdir.

Konfransda çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov  bələdiyyələrin həyata keçirdiyi yerli əhəmiyyətli sosial layihələrdən, yerli özünüidarəetmə orqanları ilə icra orqanlarının birgə fəaliyyətinin əhəmiyyətindən, demokratik idarəçilik metodlarından geniş danışmışdır. Tədbirin mahiyyətinə toxunan natiq qeyd etmişdir ki, “Yerli demokratiya həftəsi” yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə, vətəndaş-bələdiyyə münasibətlərinin inkişaf etdirilməsinə və son nəticədə vətəndaş cəmiyyətinin formalaşması prosesinin sürətləndirilməsinə xidmət edir.

P.İmanov bələdiyyələrin yaranma tarixinə nəzər salaraq bildirmişdir ki, Qərbin inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da demokratiyanın ən uğurlu modellərindən birinə çevrilməkdə olan yerli özünüidarəetmə institutunun yaradılması ümummilli lider Heydər Əliyevin adı və gərgin siyasi fəaliyyəti ilə bağlıdır. Ulu öndər bələdiyyələrin yaradılmasını zamanın tələbi  və demokratiyanın ifadəsi kimi qiymətləndirərək demişdir: “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir”. Bu günümüzün reallıqları,  ulu öndərin siyasi varisi Prezident İlham Əliyevin strateji islahatları sayəsində  ölkəmizdə baş verən sosial-iqtisadi, mədəni inkişaf, demokratik təkamül və bu proseslərdə bələdiyyələrin fəaliyyəti  bunu bir daha sübut edir.

Natiq bu günlərdə açılışı olmuş möhtəşəm tarixi layihə – Bakı–Tbilisi – Qars dəmir yolunun əhəmiyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verərək bildirmişdir ki, bu, Asiyanı Avropa ilə, Pekini Londonla birləşdirən qlobal tarixi layihədir. Onun gerçəkləşməsi Azərbaycanın regional liderliyini, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə qəbul edildiyini göstərən danılmaz faktdır. Əgər bu gün bütün dünya reallaşan bu layihədən bəhs edirsə və onu “Dəmir İpək Yolu” adlandırırsa,  bu, Prezident İlham Əliyevin uzaqgörənliyinin, dərin zəkasının təntənəsidir.

Konfransda çıxış edən Bakı Bələdiyyələri Assosiasiyasının icra katibinin müavini Pərviz Muradov, Xətai Rayon Bələdiyyəsinin üzvü, professor Ədalət Fərəcov və başqaları son illər bələdiyyə orqanlarında həyata keçirilən islahatlar və tətbiq edilən yeniliklərdən danışaraq diqqətə çatdırmışlar  ki, bələdiyyələrin büdcələri onların statusuna əsasən özünüidarəetmə prinsiplərini reallaşdırmaq, səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vasitəsidir. Bələdiyyə büdcələrinin gəlir mənbəyi əsasən yerli vergi və ödənişlərdən daxil olan vəsaitlərdən ibarət olduğu üçün yerli vergi və ödənişlərin yığılmasında müxtəlif problemlər yaranırdı. Son illər tətbiq olunan müasir ödəniş sistemlərinin köməyi ilə bu problemlər aradan qaldırılmışdır.

Günün ikinci yarısına qədər davam edən konfransda bir sıra məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında