Göygöllülər qışa hazırlığı davam etdirirlər

Qorabişirən yayla ilikdonduran qış arasında göygöllülərin daha bir qayğılı payız mövsümü davam edir. Günlər qısalsa da, göylərin damarı tez-tez açılsa da, bu yerlərin dizibərk, biləyimöhkəm, qurub-yaratmaq həvəsli adamları əzəli bir vərdişlə aylardan bəri çəkilən zəhmətin bar-bəhərini son qətrəsinədək yığıb yan-yön edirlər.

 Bugünlərdə bölgənin bir tərəfini ilıq payız Günəşi qızdırsa da, o biri tərəfini Murovdağın qara bürünmüş zirvələri üşüdür. Qarşıdan gələn qışın bu xəbərdarlığı rayonda ayıq-sayıqlıqla cavablandırılır. Yaxınlaşan qarlı-şaxtalı mövsümün təbii çətinliklərini qabaqlamaq, boranlı günlərin gözlənilməz şıltaqlığına hazır olmaq üçün lazımi tədbirlər gerçəkləşdirilir.

Göygöl Rayon İcra Hakimiyyəti Başçısı yanında Şurada aparılan müzakirədə də, ənənəvi olaraq, rayonda növbəti qış mövsümünə hazırlığın vəziyyəti araşdırılmış, son aylarda bir sıra tədbirlərin həyata keçirildiyi, bəzi çatışmazlıqların aradan qaldırıldığı qeyd olunmuşdur. Yekunda təbiətin ciddi sınaq mövsümünü ahəngdarlıqla başa vurmaq üçün zəruri vəzifələr müəyyənləşdirilmişdir.

Rayon icra hakimiyyətindən aldığımız arayışda bildirilir ki, ərazidə fəaliyyət göstərən təhsil müəssisələrində payız-qış mövsümünə hazırlıq məqsədilə təhsil şöbəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda rayonda 50 ümumtəhsil məktəbi və 4 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərir. Yeni dərs ili qarşısında təhsil ocaqlarının əksəriyyətində təmir-abadlıq işləri aparılmışdır. 432 şagird yerlik Üçtəpə kənd tam orta, 40 şagird yerlik Xasabağ kənd ümumi orta məktəblərinin binaları isə təzə istifadəyə verilmişdir.

Bütün təhsil müəssisələrində payız-qış mövsümünə hazırlıqla bağlı zəruri işlər görülmüş, binalarda sıradan çıxmış pəncərə şüşələri təzələnmiş, sinif otaqlarındakı sobalar və borular təmir olunaraq hazır vəziyyətə gətirilmişdir. Göygöl şəhərindəki təhsil müəssisələri, Pənahlılar, Aşıqlı, Xaqani, Şəhriyar, Balçılı kənd 1 saylı, Hacıməlik kənd 1 saylı, Dozular, Yeni Qızılca, Topalhəsənli, Əlimədədli, Mollacəlilli, Zurnabad, Qızılca, Firuzabad, Qusqara, Nadil, Üçtəpə, Bəhrəmbağ kənd orta və “8 Mart” əsas məktəblərinin mərkəzləşmiş istilik sistemi, elektrik, qaz və neftlə, digər təhsil ocaqları isə odunla qızdırılacaq. Bunun üçün 60 min manat vəsait ayrılmışdır. Peşə məktəbində 17 elektrik qızdırıcısı və 17 odun sobası istifadəyə hazır vəziyyətə gətirilmişdir.

Rayonun uşaq tərbiyə müəssisələrində və bağçalarında da payız-qış mövsümünə hazırlıq işləri aparılmışdır. Binaların dam örtüklərində, qapı və pəncərələrdə, elektrik naqillərində olan çatışmazlıq aradan qaldırılmışdır. Göygöl şəhərindəki 4 məktəbəqədər uşaq tərbiyə müəssisəsinin 3-də isitmə sistemi quraşdırılmış, 3 saylı uşaq bağçası isə odun yanacağı və soba avadanlığı ilə təchiz olunmuşdur.

Rayon səhiyyə şöbəsi üzrə də qışa hazırlıq üçün bir sıra tədbirlər görülmüşdür. Mərkəzi Xəstəxananın yeni binasında qazanxana yoxlanılaraq sınaqdan keçirilmiş, camaşırxananın kanalizasiya xətti təzələnmiş, ocaqxanada sınaq işləri aparılaraq tam işlək vəziyyətə gətirilmişdir. Bütün obyektlərində elektrik xətlərinə baxış keçirilmiş, nasaz naqillər dəyişdirilmiş, sınıq pəncərə şüşələri yenisi ilə əvəz edilmişdir. Çaykənd və Balçılı kənd sahə xəstəxanalarının mərkəzləşdirilmiş ocaqxanalarında cari təmir işləri aparılmış, onların hər birinə soba yanacağı, 10 kənd həkim məntəqəsinə və 23 tibb məntəqəsinə odun alınması nəzərdə tutulmuşdur.

Mədəniyyət və turizm şöbəsinin nəzdində 41 kitabxana, 30 klub tipli müəssisə, 2 muzey və 2 musiqi məktəbi fəaliyyət göstərir. Mərkəzi kitabxana sisteminin inzibati binası, uşaq və xidmət şöbələri təbii qazla qızdırılır və qışa hazır vəziyyətdədir. Rayon Mədəniyyət evinin binasında və Tarix-diyarşünaslıq muzeyində kombi istilik sistemi nizama salınmışdır. Heydər Əliyev Mərkəzi, Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbi də kombi sistemi ilə qızdırılır. 40 kitabxana dizel yanacağı ilə təmin ediləcək. Digər kənd mədəniyyət obyektləri isə neft və odunla qızdırılacaq.

Gigiyena və epidemiologiya mərkəzində payız-qış mövsümünə hazırlıqla bağlı görüləcək işlər müəyyən olunmuş və bir sıra tədbirlər həyata keçirilmişdir. Mərkəzin bütün kommunikasiya xətlərinin sazlığı yoxlanılaraq işlək vəziyyətə gətirilmiş, binanın dam örtüyü təmir edilmişdir.

Göygöl elektrik şəbəkəsi qışa hazırlıqla bağlı bir sıra işlər görülmüşdür. 10 kv-luq Kökəltmə hava xəttində 20 dayaq basdırılmış, 2,6 kilometr naqil yenisi ilə əvəz edilmişdir. Kənd hava xətlərində 231 elektrik dayağı basdırılmışdır. 0/6/0,4 kv-luq 71 müxtəlif güclü transformator cari təmir edilmişdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı üzrə 176 ədəd 10 kv-luq, 3254 ədəd 0,4 kv-luq dayaq basdırılmış və 10 kv-luq hava xətlərində 10,74 kilometr naqil yenisi ilə əvəz edilmiş, 80,54 kilometr SİP kabel xətti çəkilmişdir.

Hazırda rayon üzrə 11 mindən artıq mənzil və 200-dən çox idarə və təşkilatın binası təbii qazla təmin olunur. Göygöl Qaz İstismarı Sahəsi xidmət təsərrüfatının normal fəaliyyət göstərməsi üçün müxtəlif istiqamətlərdə yeni qaz kəməri xətləri və avadanlıqları quraşdırmışdır. 92 tənzimləyici qurğu və 323 ədəd siyirtməyə baxış keçirilmiş, qaz xətlərində təmir-bərpa işləri yerinə yetirilmişdir. Qaz borularının korroziyaya uğramaması üçün müxtəlif diametrli kəmərin 18 min metrlik hissəsi antipas boya ilə rənglənmişdir. Firuzabad qəsəbəsində 345 metr boru xətti yenisi ilə əvəz olunmuşdur. Çaykənddə 137, Quşqara kəndində 627 metr, Aşıqlı kəndində 357 metr xətt çəkilmişdir. Çaylı, Pənahlılar kəndinə gedən 7 min metr daşıyıcı qaz xətti dəmir dayaqlar üzərinə qaldırılaraq rənglənmişdir.

Su-kanal idarəsində texnika nizamlanmış, şəhərdaxili 6 su anbarı yuyularaq təmizlənmişdir. Toğanalı su mənbəyi yuyulmuş, magistral xətt boyu istismarda olan təzyiq qırıcıları tənzimlənmişdir. Anbarda istismarda olan müxtəlif ölçülü sunizamlayıcı siyirtmələr tənzimlənmiş, işçi otaqlarında isitmə sistemi qaydaya salınmış, xlor qurğusu nizamlanmışdır. Rayonun tullantı su təmizləmə qurğusunda təmir- bərpa işləri aparılmışdır.

Qışa hazırlıqla bağlı mənzil-kommunal təsərrüfatı istehsalat birliyi küçə və xiyabanların təmizlənməsi üçün lazımi texnika və avadanlıqlarla təmin edilmişdir. Küçələrdə və səkilərdə piyadaların təhlükəsizliyi məqsədilə yağan qarın təmizlənməsi üçün kürəklər hazırlanmış, 8 min süpürgə alınmış, fəhlələr isti əlcək və xalatla təmin olunmuşdur. Yol və səkilərdə sürüşkənliyin aradan qaldırılması üçün qum ehtiyatı görülmüşdür. Məişət tullantılarının yığılıb daşınması üçün bütün nəqliyyat vasitələri saz vəziyyətə gətirilmişdir.

Yaşıllaşdırma sahəsinin maşın və mexanizmləri saz vəziyyətə gətirilmiş, ağacların budanması üçün bir ədəd yeni odundoğrayan alınmış, şəhərin küçələrində qurumuş ağacların budanması işləri başa çatmışdır. İdarənin balansında olan yaşayış binalarında təmir işləri üçün ayrılmış 46 min manat vəsait hesabına 7 yaşayış binasında cari təmir işləri başa çatdırılmışdır.

Suvarma sistemləri idarəsi növbəti payız-qış mövsümü ilə əlaqədar su təsərrüfatı və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir- bərpa işlərinin görülməsi, suvarılan torpaqların təminatının yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində müxtəlif tədbirlər həyata keçirmişdir. Qış mövsümünə hazırlıqla əlaqədar nəqliyyat vasitələri, torpaqqazan maşın və mexanizmlər cari və əsaslı təmir olunaraq saz vəziyyətə gətirilmişdir.

21 saylı Yol İstismarı İdarəsi qış aylarında sürüşkənliyin aradan qaldırılması üçün 7 ton duz və 40 kubmetr qum hazırlığı görmüşdür. İdarə binasının qışa hazırlığı ilə bağlı zəruri tədbirlər görülmüşdür. Yerli əhəmiyyətli avtomobil yollarının təmiri və bərpası ilə bağlı müəyyən işlər görülmüş, Gəncə-Kəlbəcər-Laçın, Göygöl-Topalhəsənli-Zurnabad avtomobil yollarında küvetlər və sukeçirici boruların giriş-çıxışları təmizlənmişdir.

Telekommunikasiya qovşağı üzrə elektrik qida qurğularında və dizel generatorlarında profilaktik təmir işləri yerinə yetirilmişdir. Kabel şaxta və quyularına qarın və suyun daxil olmasının qarşısını almaq məqsədilə kanallar germetik bağlanmış, xüsusi qəza briqadası alət və ləvazimatlarla təmin olunmuşdur. Qış mövsümündə rabitə avadanlıqlarının normal işləməsi üçün lazımi ehtiyat hissələri əldə edilmişdir. Nəqliyyat vasitələri texniki baxışdan keçirilmiş, əlverişsiz hava şəraitində işləyən işçilər xüsusi geyimlərlə təmin edilmişdir.

Göygöl meşə mühafizəsi və bərpası müəssisəsində payız-qış mövsümü üçün vətəndaşların, hərbi hissələrin, idarə, müəssisə və təşkilatların yanacağa olan tələbatını ödəmək məqsədilə 1306 kubmetr odun limiti ayrılmışdır. Odunun toplanılması üçün müvafiq işlər yerinə yetirilərək, əhaliyə, müəssisə və təşkilatlara satılması istiqamətində işlər davam etdirilir.

Müzakirələrdə qeyd edilmişdir ki, əksər sahələrdə qışa lazımi hazırlıq görülsə də, bəzi nöqsan və çatışmazlıqlar da mövcuddur. Belə ki, hələ də qanunsuz meşə qırılmalarına rast gəlinir, meşələrin təbii yolla bərpasına və mühafizəsinə ciddi əməl olunmur, müvafiq təşkilatların odun yanacağı ilə təminatında ləngimələrə yol verilir.

Toplantıda müəyyən edilmiş kompleks tədbirlər qış aylarında rayonda istehsalın, quruculuq tədbirlərinin ahəngdarlığına və sakinlərin zəruri xidmətlərə tələbatının kifayət qədər ödənilməsinə yönəldilmişdir.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında