Şriftin ölçüsü:
02.02.2011 10:14 | Oxunma sayı: 533
AŞPA-da ermənilərin növbəti yalanı və yaxud deputat Rafael Hüseynovun bəyanatına əlavə
Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasında (AŞPA)erməni nümayəndə heyəti bu yaxınlarda Strasburqda növbəti "qarşıdurma" yaratmağa çalışmış, tələsik şəkildə "Dağlıq Qarabağ Respublikasında demokratik dövlətin qurulması" adlı hüquqi cəhətdən savadsız yazılı bəyanat hazırlamışdır. Bəyanatın elə adının özü cəfəngiyatdır. Axı, əgər Avropanın bu hissəsində həqiqətən "demokratik dövlət" qurulmuşdusa, onun nümayəndələrinin AŞPA-da olmaması sənədin müəlliflərini niyə utandırmır? Təbii ki, bu, onların xəyalının məhsuludur və çünki Dağlıq Qarabağ adlı heç bir "dövlət", özü də "demokratik dövlət" yoxdur!
Bəyanatı erməni deputatların özləri və Fransadan ermənipərəst əhval-ruhiyyəli iki-üç deputat imzalamışdır. AŞPA-da Azərbaycan parlamenti nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu cızma-qaraya şübhə yeri qoymayan qiymət vermiş, düzgün olaraq qeyd etmişdir ki, bu bəyanat əhəmiyyətinə və hüquqi qüvvəsinə görə AŞPA-nın 2005-ci ildə qəbul etdiyi və onun rəsmi mövqeyini əks etdirən 1416 nömrəli qətnaməsinə heç yaxın da gəlmir. Azərbaycan deputatının dediklərinə nə isə əlavə etmək çətindir. Lakin bir faktı xatırlatmaq yerinə düşərdi.
Erməni nümayəndə heyətinin bəyanatında deyilir ki, Dağlıq Qarabağda 1991-ci ildə keçirilmiş bədnam "referendum" guya "bir sıra beynəlxalq müşahidəçilər" tərəfindən tanınmışdır. Bu, ağ yalandır! Bu qeyri-qanuni tədbir "beynəlxalq müşahidəçilər" tərəfindən necə tanına bilərdi ki, həmin gün onlar sadəcə olaraq orada yox idilər! Oyuncaq rejimin http://vvvvvv.nkr.am/ru/referendum/42/ saytında həmin gün Xankəndinə gəlmiş "müstəqil müşahidəçilər" adlandırılanların tam siyahısı verilmişdir.
Əgər siyahıdakı adlara nəzər yetirsək, asanlıqla görə bilərik ki, Sevastopoldan bir turistdən başqa onların demək olar hamısı Rusiya Federasiyasından gəlmişdi. Əgər nəzərə alsaq ki, həmin vaxt SSRİ hələ mövcud idi və İttifaq dövlətindən formal surətdə yalnız 3 Baltik respublikası ayrılmışdı, onda bu siyahıda bir nəfər də olsun xarici ölkə vətəndaşlarına rast gəlmək mümkün deyildir. Bu kiçik fakt olsa da, hər halda saxtakarlıqdır.
AŞPA haqqında mövzuya dair daha bir fikirlə bölüşmək istərdim. Məlum olduğu kimi, AŞPA həmin həftə deputat Qənirə Paşayevanın təşəbbüsü ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş və "soyqırımı" sözü yazılmış işçi sənəd (working document) kimi daha bir bəyanatı (Written Declaration No 469) qəbul etmişdir. Sənədin mətni AŞPA-nın rəsmi saytında verilmişdir:
Ermənistan kütləvi informasiya vasitələri erməni nümayəndə heyəti tərəfindən yayılmış "Dağlıq Qarabağda demokratiya" barədə sənədi Xocalı haqqında bəyannamə ilə eyniləşdirməyə tələsmişlər. Düzü, heç də aydın deyildir ki, erməni KİV-ləri bununla nə istəyirlər - Xocalı sənədinin əhəmiyyətini azaltmaq və yaxud əksinə, öz sənədlərinin əhəmiyyətini yüksəltmək? Bu iki işçi sənədin hüquqi bərabərliyi haqda mübahisə etməyəcəyik. Məlum olduğu kimi, Avropa Parlamenti 1987-ci il iyunun 18-də "erməni genosidini" pisləyən sənəd qəbul etmişdir. Həmin hadisə və qəbul olunmuş qətnamənin əhəmiyyəti indiyədək erməni və ermənipərəst KİV-lərdə geniş təbliğ olunur. Hətta iş o yerə çatıb ki, dərsliklərdə və monoqrafiyalarda bəzən iddia edilir ki, Avropa Parlamentinin qərarları bütün Aİ-yə aid olduğu üçün, bununla "erməni genosidi" "avtomatik surətdə" Avropa İttifaqının bütün ölkələrində tanınmışdır. Həqiqətdə Avropa Parlamentinin qərarları Avropa İttifaqına AŞPA-nın Avropa Şurasının üzvü olan ölkələrin siyasi xəritəsini müəyyənləşdirdiyi dərəcədə şamil edilir. Hərçənd ki, Avropa Şurasının üzvləri Aİ-nin üzvlərindən xeyli çoxdur. Əgər AŞPA-nın arxivinə "Xocalı soyqırımı" termini olan sənəd düşmüşdürsə, Azərbaycan tərəfi elə bu pafosla Avropa Şurasının bütün üzvləri tərəfindən Xocalı qətliamının soyqırımı kimi tanınması barədə bəyanat verə bilər.
Deyə bilərsiniz ki, deputatların heç də hamısı sənədə imza atmamışdır. Mübahisə etmirəm, doğrudan da deputatların hamısı bu sənədi imzalamamışdır. Lakin 1987-ci ildə də Avropa Parlamentində də qəbul olunmuş sənədin lehinə də deputatların heç də hamısı səs verməmişdir. AŞPA-nın 518 üzvündən 68-i "lehinə", 60-ı "əleyhinə" səs vermiş, 390 nəfər (!!!) isə ümumiyyətlə, bu mövzuda səsvermədə iştirakdan imtina etmişdir. Başqa sözlə desək, 1987-ci ilin qətnaməsi Avropa Parlamentinin cüzi sayda üzvlərinin (13 faiz) dəstəyini almışdır. Lakin bu sənədlə əlaqədar başlanmış təbliğat kampaniyası indiyədək sakitləşmir. Guya "Avropa Parlamenti ermənilərin soyqırımını tanımışdır".
Deməli, hesab etmək olar ki, Xocalı soyqırımını da tanımışdır.{nl}
Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.