Müstəqilliyimizin qürur mənbəyi olan gənclik

 

 

 

 

 

 

 

 

 

 


Bugünkü gənclər – müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Hər dəfə Şəhidlər xiyabanını ziyarət edəndə əbədi məşəlin alovlarının Bakı küləyinə necə müqavimət göstərdiyinin şahidi oluram. Alov dilimlərinin mübarizlik əzmini sərt Bakı küləkləri belə söndürə bilmir. Azərbaycan xalqının da mübarizlik və müstəqillik əzmini, milli dövlətçiliyə olan bağlılığını zamanın sərt sınaqları sındıra bilmədi.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti öz istiqlaliyyətini dünyaya bəyan etməklə üçrəngli bayrağımızı göylərə ucaltdı. Azərbaycan xalqına 23 ay da olsa, istiqlaliyyətin dadını, dövlətçilik ənənələrini bəxş etmiş vətənsevər ziyalılarımız hər zaman gənclərə güvəndi. Vətənsevər və milli əqidəli gənclərimizin daha da püxtələşməsi, onların gələcəkdə xalqımıza ləyaqətlə xidmət etmələri üçün bir sıra addımlar atdı, məsələn, onları nüfuzlu xarici universitetlərdə təhsil almaq üçün göndərdi. Lakin Azərbaycan Demokratik Respublikasının süqutu ilə milli hökumətin gənclər siyasəti də yarımçıq qaldı. Yetmiş illik fasilədən sonra Azərbaycan müstəqilliyini yenidən bərpa etdi.

Azərbaycan Respublikası Ali Soveti 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul etdi. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi isə çağdaş tariximizdə önəmli bir addım oldu. Bu sənəddə bəyan edildi ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Beləliklə, Azərbaycan gənc müstəqil ölkə olaraq, beynəlxalq siyasi arenada öz üçrəngli bayrağını yenidən dalğalandırdı.

Müstəqilliyin ilk illərində ölkədə mürəkkəb ictimai-siyasi durumun ağırlığı, Qarabağda ermənilərin separatçılıq meyilləri və müharibənin başlanması 90-cı illərdə Azərbaycan gənclərinin üzərinə çətin, lakin şərəfli vəzifə qoydu. Bu, gənc müstəqil dövlətin, Vətənin ərazi bütövlüyünü qorumaq, torpaqlarımızı işğalçılardan müdafiə etmək idi. Bir çox vətənpərvər gənc oğul və qızlarımızın cəsurluğu, şəhidlik mərtəbəsinə yüksəlməsi Vətənə olan sədaqətin nəticəsi idi. Bu gün də həmin gənc qəhrəmanların həyatı gənclər üçün örnəkdir.

 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə gənclər siyasətində bir dönüş yarandı. Məhz onun gəncliyə qayğı və diqqəti sayəsində dövlətin gənclər siyasətinin əsası qoyuldu. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılması, 1995-ci ildə isə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsü məhz ulu öndərin adı ilə bağlıdır.

1996-cı ildə bu önəmli təşəbbüsün nəticəsi olaraq, fevralın 2-si Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda şəxsən Heydər Əliyevin iştirak etməsi və onun proqram xarakterli çıxışı sonrakı illərdə gənclərin fəaliyyət istiqamətini müəyyən etdi. Bir il sonra forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyevin “2 fevral – Azərbaycan Gənclər Gününün elan edilməsi haqqında” sərəncamı ilə Azərbaycan gəncləri hər il həmin tarixi təntənə ilə qeyd etməyə
başladılar.

 Ulu öndərin 2001-ci il fevralın 2-də etdiyi çıxışda gənclərə tövsiyələri nə qədər də aktualdır: “Gənclər çox şeyi bilməlidirlər. Birinci növbədə hər bir gənc vətənpərvər olmalıdır. İndi, Azərbaycan müstəqil dövlət kimi yaşadığı zamanda vətənpərvərlik hər bir insanın, xüsusən hər bir gəncin ən ümdə borcu, vəzifəsidir. Ancaq vətənpərvərlik gərək insanın qəlbində olsun”.

Dövlətin önəm verdiyi istiqamətlərdən biri də gənclərin fiziki və ruhən sağlam həyat tərzinin təmin edilməsi və idmana göstərilən diqqət oldu. Paytaxtla yanaşı, bölgələrdə də milli olimpiya mərkəzlərinin, idman-sağlamlıq komplekslərinin tikilməsi, potensialı olan istedadlı gənclərin üzə çıxarılmasına şərait yaratdı. Beynəlxalq idman yarışlarında Azərbaycan bayrağının qaldırılması və gənclərimizin medallar qazanması o illərdə böyük uğur sayılırdısa, indi artıq ənənəyə çevrilib.

 İdman tarixində ilk Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycan, həmçinin, idmançıların nailiyyətlərinə görə fərqləndi. Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı Prezident İlham Əliyevin haqlı olaraq “Bugünkü gənclər – müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir,” – deməsi müstəqil dövlətimizin gəncliyə nə qədər yüksək dəyər verdiyini göstərir.

Ulu öndərin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gənci müstəqil gənc ölkənin vətəndaşı olmaqla yanaşı, həm də onun xaricdə və daxildə layiqli təmsilçisidir.

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı bir çox gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil alıb mütəxəssis kimi Vətənə dönməsində mühüm rol oynayır. Onlar həmin müddətdə təkcə fəal tələbə olmaqla kifayətlənmir, həm də diaspor fəaliyyətində aktivlik nümayiş etdirirlər.

 Prezident İlham Əliyevin 2011-ci il 7 fevral tarixli fərmanı ilə təsis edilmiş Azərbaycan Gənclər və İdman Nazirliyi yanında (sonradan isə Azərbaycan Respublikası Prezidenti yanında) Gənclər Fondu kreativ düşüncəli, istedadlı və öz ideyalarını gerçəkləşdirmək arzusu olan gənclər üçün daha böyük imkanlar açdı.

Fond yarandığı gündən istər gənclər təşkilatlarının, istərsə də gənclərin ideyalarının həyata keçməsində, onların müxtəlif sahələrdə öz bacarıq və istedadlarını nümayiş etdirməsi, eləcə də xaricdə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etməsində mühüm rol oynamaqdadır.

Prezidentin ölkənin gənclər sektorunda, xüsusilə də ictimai sferada fəaliyyətləri ilə diqqət çəkən gənclər təşkilatlarının nümayəndələri ilə, qabaqcıl gənclərlə mütəmadi olaraq görüşməsi ənənəsi yaranmışdır. Prezidentlə bu cür görüşlər gənclərin fəaliyyətlərinə daha böyük stimul verməklə yanaşı, həm də onlara düzgün istiqamət göstərir.

Prezident İlham Əliyev Ali Baş Komandan olaraq, həm də gənclərin vətənpərvər ruhda formalaşmasına böyük diqqət ayırır. Çünki bir müstəqil dövlətin gələcəyi, tərəqqi və inkişafı vətənpərvər gənclərin gücü və potensialından asılıdır. Məhz dövlətçiliyinə, tarixinə, milli kimliyinə bağlı gənc dövlətinin və millətinin tərəqqisi üçün daha böyük töhfələr verə bilər. Təsadüfi deyil ki, Milli Qəhrəman Mübariz İbrahimovun göstərdiyi rəşadət və qəhrəmanlıq həmin günlərdə cəmiyyətdə, xüsusilə gənclər arasında bir yüksək ovqat yaratdı və gənclərimizin vətənə sədaqətini bir daha sübut etdi. Mübariz İbrahimovla vida mərasimində Prezident İlham Əliyevin təsirli və qətiyyyətli çıxışı hər kəsin yadındadır, onun həmin çıxışı gəncliyin milli ruhunu daha da yüksəltdi: “...Biz müharibə şəraitində yaşayırıq və Mübarizlə Fərid öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir.”

Bu gün, həqiqətən də, hərbi xidmətə yola düşən gənclər böyük ruh yüksəkliyi ilə vətəni qorumağa yollanırlar. Onların örnək götürə biləcəkləri qəhrəmanlar var. Və həmin qəhrəmanlar çağdaş dövrümüzün qəhrəman gəncləridir; Fərid Əhmədov, Mübariz İbrahimov, eləcə də Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş kəşfiyyatçı Emin Bağırov və digər onun kimi yüzlərlə vətən övladı kimi...

Aprel döyüşləri işğalçı Ermənistana və beynəlxalq aləmə bir daha göstərdi ki, iyirmi ildən çox davam edən münaqişənin həllində Azərbaycan nə qədər sülh tərəfdarı olsa da, onun da səbri tükənməz deyil. İkili standartların hökilometr sürdüyü zamanda Azərbaycan Ermənistanın işğalında olan torpaqlarını hər an güclü və peşəkar, vətənsevər əsgər və zabitlərdən ibarət ordumuz sayəsində azad etməyə hazırdır.

Aprel döyüşləri gənclərimizin və ordumuzun döyüş ruhunu nümayiş etdirməklə yanaşı, xalq və ordu, gənclər və dövlət, Prezident və gənclər arasında olan sağlam körpünü daha da gücləndirdi.

 İyirmi ildən çox uzanan həsrətdən sonra Lələtəpədə qəhrəman əsgərlərimizin dalğalandırdığı üçrəngli bayrağımız işğalda olan digər torpaqlarımıza qovuşacağımız günə olan inamımızı daha da artırdı. Ali Baş Komandan İlham Əliyevin hər dəfə əsgərlərlə və cəbhəyanı ərazilərdə sakinlərlə görüşü Vətənin keşiyində dayanan əsgər və zabit heyəti üçün əsl bayrama çevrilir və onları ruhən daha mətin olmağa səsləyir.

 Əlbəttə, Prezidentin Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşdə dediyi fikirlər bütövlükdə bunun əyani sübutudur. “Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq”.

Aprel qələbəsindən sonra Cocuq Mərcanlı kəndində aparılan tikinti-abadlıq işləri kəndin əsl sakinlərinin doğma yurduna qovuşmasına, yenidən isti ocaq çatmalarına şərait yaratdı. İndi bu kənddə gələcəyin vətənsevər və istedadlı gəncləri yetişir, təhsil alırlar. Onların yaxın gələcəkdə ən mötəbər tribunalardan Azərbaycanı uğurla təmsil edəcəklərinə inam böyükdür.

Prezident İlham Əliyev Cocuq Mərcanlıya səfəri çərçivəsində yeni inşa olunmuş məktəblə tanış olarkən bir daha Azərbaycan gəncliyinə olan inam və etimadını xatırlatdı: “Bu gün Azərbaycan gənci vətənpərvərdir, Vətənə bağlıdır, peşəkardır, biliklidir və bizim gücümüz bundan ibarətdir”.

Bəli, bir gəncin uğuru müstəqil Azərbaycan dövlətinin uğuru, bir gəncin güclənməsi, müstəqil Azərbaycanın güclənməsi deməkdir.

 Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında