Milli Məclisin yaz sessiyası öz işinə başlamışdır

Fevralın 1-də Milli Məclisin 2011-ci ilin yaz sessiyasında ilk iclası keçirilmişdir. Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq sessiyanın başlaması münasibətilə deputatları təbrik etmiş, onlara uğurlar arzulamışdır. O.Əsədov bildirmişdir ki, ötən payız sessiyasında Milli Məclisin 4 iclası keçirilmişdir. Bu iclaslarda 44 qanun və qərar qəbul edilmişdir. Parlament Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq işlərini fəal dəstəkləmişdir. Vətənimizin tərəqqisi naminə gördüyü dəyərli işlər sayəsində Prezident İlham Əliyev xalqımızın dərin ehtiramını və rəğbətini qazanmışdır.
Dövlətimizin başçısının uzaqgörən siyasəti ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Azərbaycanın xoşbəxt gələcəyi bu gün dövlətimizin başçısının əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə tam bağlıdır. Milli Məclis də ölkəmizdə aparılan islahatların, demokratikləşmə prosesinin qanunvericilik bazasını daha da möhkəmləndirəcək və təkmilləşdirəcəkdir. Yaz sessiyasında da parlamenti gərgin və məhsuldar iş gözləyir. Bu sessiyada qanun layihələrinin müzakirəsi ilə yanaşı, Nazirlər Kabinetinin hesabatı dinləniləcək, 2010-cu ilin dövlət büdcəsinin icrasına dair məsələyə baxılacaqdır. Sessiya dövründə Hesablama Palatasının, Ombudsmanın və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatları dinləniləcəkdir.
Milli Məclisin sədri parlamentin yaz sessiyasının yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə etmişdir.
Sonra Avropa Şurası Parlament Assambleyasının qış sessiyası ilə bağlı Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun məlumatı dinlənilmişdir.
S.Seyidov bildirmişdir ki, AŞPA-nın qış sessiyasında iştirak etmiş Azərbaycan nümayəndə heyəti fəallıq nümayiş etdirmişdir. AŞPA-nın qış sessiyası da göstərmişdir ki, nümayəndə heyətimizin arxasında güclü dövlət və onun Avropada və dünyada tanınan Prezidenti vardır. Prezident İlham Əliyevin Avropa Şurasında nüfuzu və gördüyü işlər bu gün hamımız üçün böyük fəxarətdir. Nümayəndə heyətinin rəhbəri demişdir ki, 2005-ci ildə yaradılmış AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsi 2 il fəaliyyət göstərmişdir. Ancaq onun sədri dünyasını dəyişəndən sonra ermənilər alt komitənin işinin bərpa olunmasının əleyhinə çıxırdılar.
Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, AŞPA-nın qış sessiyası zamanı qurumun bürosunun, sədrinin və sədr müavinlərinin iclaslarında Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin bərpası müzakirə olunmuş, İspaniyadan olan deputat onun sədri təyin edilmişdir. Artıq faktik olaraq alt komitə öz işini bərpa etmiş, AŞPA-nın aprel sessiyasından etibarən isə fəal işə başlayacaqdır.
Səməd Seyidov AŞPA-nın Azərbaycana qarşı qeyri-obyektiv olaraq "siyasi məhbus"larla bağlı məruzəçi təyin etməsinin yolverilməz olduğunu bildirmişdir. O demişdir: "Biz istəyirik ki, Azərbaycanda insan hüquqlarını araşdıran təşkilatlar başqa ölkələrdə siyasi məhbuslar axtarsınlar. Ancaq 47 üzvün içərisində bir ölkəni hədəf seçmək, ona mənfi münasibət bəsləmək, qonşu ölkədə deputatların həbsxanalarda saxlanmasını, jurnalistlərin həbs olunmasını görməmək qeyri-obyektivlikdir".
Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar bəzi məsələlərlə bağlı fikirlərini bildirmiş, o cümlədən AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin dövlətimizin maraqlarını layiqincə müdafiə etməsini yüksək qiymətləndirmişlər. Deputatlar "siyasi məhbus" məsələsini ölkəmizə qarşı haqsızlıq kimi qiymətləndirmişlər.
Sonra iclasın gündəliyində olan məsələlərin müzakirəsi başlamışdır. Əvvəlcə Milli Məclisin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunmuşdur. Bildirilmişdir ki, qanunvericilik işləri planına əsasən, Tikinti, Şəhərsalma, Rəqabət, Gömrük məcəllələrinin layihələrinin, "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "İcbari sığortalar haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Bələdiyyələrin hesabatları haqqında", "Elm siyasəti haqqında", "Ali təhsil haqqında", "Sosial xidmət haqqında" qanun layihələri, o cümlədən Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında məsələlər daxil edilmişdir. Sessiya ərzində Milli Məclisdə qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələri də müzakirə ediləcəkdir.
Müzakirələr zamanı deputatlar qanunvericilik işləri planı ilə bağlı təkliflərlə çıxış etmişlər.
Axşam iclasında Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq, parlamentin intizam və hesablayıcı komissiyaları yenidən təşkil edilmişdir.
Sonra "Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan prezidentlərinin birgə bəyanatının təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə", "Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin katibliyinin, onun heyətinin və müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında" Konvensiyanın təsdiq edilməsi barədə", Azərbaycan Respublikası hökuməti ilə İtaliya, Monteneqro və Portuqaliya hökumətləri arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğvi ilə bağlı qanunlar qəbul olunmuşdur.
İş gününün sonunda Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Dövlət qulluğu haqqında" Qanununa dəyişikliklər və əlavələr edilmiş, "İcbari sığortalar haqqında" qanun layihəsinə birinci oxunuşda münasibət bildirilmişdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında