"Azərbaycan 10 il Avropa Şurasında"

Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul olunmasının 10 illiyinə həsr edilmiş kitab
Səməd SEYİDOV, Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədri, millət vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri
10 il əvvəl, 25 yanvar 2001-ci ildə Azərbaycan dövləti və xalqı üçün xüsusi əhəmiyyət kəsb edən tarixi hadisə baş vermişdir - Azərbaycan Respublikası Avropa Şurasına tam və bərabərhüquqlu üzv qəbul edilmişdir.
Avropa Şurasına üzv olmaq, bir tərəfdən, Azərbaycan Respublikası üçün müasir dövrdə beynəlxalq aləmdə, o cümlədən Avropa məkanında baş verən proseslərə qoşulmaq, Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətləri genişləndirərək daha da inkişaf etdirmək, qlobal problemlərin həllində bilavasitə iştirak etmək üçün əsas faktorlardan olmuşdur.
Digər tərəfdən, belə bir nüfuzlu beynəlxalq təşkilatın üzvü kimi insan hüquqları və əsas azadlıqları sahəsində konvensiyalara qoşulmaq, onlardan irəli gələn öhdəliklərə əməl etmək dünya birliyi tərəfindən Azərbaycanın demokratik dövlət kimi tanınmasında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizdə insan hüquqları sahəsində hüquqi bazanın yaradılmasına, əhalinin sosial təminatının Avropa standartlarına uyğunlaşdırılmasına, Avropa ölkələri ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha yüksək mərhələyə keçməsinə təminat vermişdir.
Bütün bu məsələlər kontekstində Azərbaycanın Avropa Şurasına bərabərhüquqlu üzv qəbul edilməsinin 10 illiyi münasibətilə millət vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun Brüsseldə ingilis dilində nəşr edilmiş "Azərbaycan 10 il Avropa Şurasında" kitabı diqqəti cəlb edir.
Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, bu quruma üzvlük dövründə ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində əldə etdiyi nailiyyətlərlə yanaşı, Avropa Şurası strukturlarında bir sıra məsələlərlə bağlı qarşılaşdığı problemləri və onların həlli yollarını müəllif obyektiv və yığcam formada təhlil etmişdir.
Elxan Süleymanovun "Azərbaycan 10 il Avropa Şurasında" əsərini məntiqi olaraq iki hissəyə bölmək olar.
Birinci hissə Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa Şurasına üzvlüyə qəbul edilənədək bu beynəlxalq təşkilatla əməkdaşlıq əlaqələrinin formalaşdırılması və inkişaf etdirilməsi dövrünü əhatə edir. Müəllif haqlı olaraq qeyd edir ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dünyəvi, demokratik, hüquqi dövlət quruculuğunu əsas inkişaf istiqamətləri kimi bəyan etmiş və bu məqsədlərinə nail olmaq üçün sivil dünyaya inteqrasiya, dünya dövlətləri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri formalaşdırmağa başlamışdır.
Şübhəsiz ki, Avropa Şurasının insan hüquqları və əsas azadlıqların müdafiəsi, dövlət müstəqilliyini yenidən bərpa etmiş ölkələrdə demokratik proseslərin genişləndirilməsi və hüququn aliliyi prinsipinin təmin edilməsi istiqamətində, o cümlədən Avropa məkanında ümumi maraq kəsb edən digər məsələlərin həllində müstəsna rolunu nəzərə alaraq Azərbaycan bu quruma üzv olmaq təşəbbüsü ilə çıxış etmişdir.
Müəllif əsərdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın labüdlüyü, ölkəmizin bu qurumda "xüsusi qonaq" statusunda təmsil olunması, Avropa standartlarına uyğun olaraq qanunvericilik sisteminin formalaşdırılması kimi məsələləri şərh etmiş və göstərmişdir ki, Avropa Şurasına üzvlüyə dəvət edilmə Azərbaycan dövlətinin ciddi səyləri nəticəsində qəbul edilmişdir.
Kitabın ikinci hissəsi Azərbaycanın Avropa Şurasına qəbul edilməsindən keçən 10 il ərzində bu qurumda ölkəmizin fəaliyyətini əks etdirir. Elxan Süleymanov burada Azərbaycanın milli qanunvericilik sisteminin Avropa standartlarına uyğunlaşdırılması prosesini və Avropa Şurası çərçivəsində Azərbaycan nümayəndə heyətinin aktiv və səmərəli fəaliyyətini dərindən təhlil etmişdir. Bununla yanaşı, müəllif haqlı olaraq, ölkəmizin Avropa Şurası strukturlarında qondarma "siyasi məhbus" problemi ilə qarşılaşmasını, beynəlxalq-hüquqi əsası olmayan bu məsələ ilə bağlı Azərbaycanın ikili standartlara və ayrı-seçkiliyə məruz qalmasını ön plana çəkmişdir. Millət vəkili bu problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan tərəfinin apardığı qətiyyətli mübarizəni oxucuların diqqətinə çatdırmağa müvəffəq olmaqla yanaşı, belə ciddi məsələlərin həlli istiqamətində konkret təkliflər də irəli sürmüşdür.
Dövlət müstəqilliyini bərpa etdiyi andan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olunması Azərbaycan Respublikasının xarici siyasətinin başlıca istiqamətidir. Təqdirəlayiq haldır ki, Elxan Süleymanov təqdim etdiyi kitabda ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən bu məsələyə daha geniş yer ayırmışdır. Milli Məclis üzvü göstərmişdir ki, Azərbaycan tərəfinin ciddi səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və mahiyyəti ilə bağlı bu beynəlxalq təşkilatda 90-cı illərin əvvəllərində mövcud olan həqiqətdən uzaq, qeyri-obyektiv, ermənipərəst mövqelərin əsassız olması sübuta yetirilmiş və reallığı əks etdirən, müasir beynəlxalq hüquq normalarına əsaslanan münasibət formalaşdırılmışdır.
Avropa Şurasının Ermənistan dövlətinin Azərbaycan ərazilərini işğal etməklə yanaşı, azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə və terrorçuluq kimi cinayətkar fəaliyyətini dünya ictimaiyyətinə çatdırmaq üçün əlverişlı tribuna olmasını və Azərbaycanın bu tribunadan müvəffəqiyyətlə istifadə etməsini də müəllif diqqətə çatdırmışdır. Azərbaycan parlamentarı daha sonra Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarlardan söz açmış, eyni zamanda vurğulamışdır ki, Avropa Şurası da digər beynəlxalq təşkilatlar kimi bu münaqişə ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etməklə öz missiyasını başa çatmış hesab etmişdir. Təəssüf ki, AŞ təcavüzkar Ermənistan dövlətinə qarşı öz arsenalında olan sanksiyaları tətbiq etməkdən yan keçmişdir.
Qeyd etməyə dəyər ki, Elxan Süleymanovun oxuculara təqdim etdiyi bu kitaba ön sözü uzun müddət Belçikanın Avropa Şurasında nümayəndə heyətinin üzvü olmuş və hazırda AŞPA-nın fəxri üzvü, cənab Jan-Pol Anri yazmışdır. Kitabın elmi rəhbəri isə 1992-1998-ci illərdə Almaniya daxili işlər nazirinin müavini, 1976-2009-cu illərdə Almaniya Bundestaqının deputatı olmuş, hazırda Almaniya - Azərbaycan Əlaqələrinin İnkişafına Yardım Cəmiyyətinin sədri cənab Eduard Lintnerdir.
Nəhayət, bildirək ki, Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul olunmasının 10 illiyi münasibətilə 25-26 yanvar 2011-ci ildə Strasburqda keçirilmiş yubiley tədbirləri zamanı millət vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun "Azərbaycan 10 il Avropa Şurasında" kitabı tədbir iştirakçılarına təqdim edilmişdir. Hesab edirik ki, bu əsərin Azərbaycan dilində də nəşr edilməsi ilə ölkəmizin Avropa Şurasında 10 illik fəaliyyətinin ən mühüm məqamları barədə soydaşlarımız gərəkli məlumat və bilgi əldə edə biləcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında